Yaxın Şərqin növbəti “zəif bəndi” İordaniyadır?

22-06-2016, 09:14           
Yaxın Şərqin növbəti “zəif bəndi” İordaniyadır?
Krallıq ərazisində son iki həftədə hökumət qüvvələrinə qarşı həyata keçirilən terrordan sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib

Son iki həftədə İordaniyada hökumət qüvvələrini hədəfə alan iki terror hadisəsi törədilib. Birinci hadisə İordaniyanın Suriya, İraq və Səudiyyə sərhədlərinə yaxın olan ərazisində törədilib. İkinci partlayış isə keçən həftə qaçqın düşərgəsində İordaniya kəşfiyyat ofisinə qarşı təşkil edilib. Birinci terror aktı zamanı minalanmış avtomobil partladılıb, 20 İordaniya əsgəri həlak olub. İkinci terror zamanı isə bir neçə dinc sakinlə birlikdə 3 kəşfiyyat əməkdaşı öldürülüb.

Hələlik terror aktını hansı qruplaşmanın törətdiyi məlum deyil. Ancaq ərəb mediası İŞİD-in üzərində dayanır. Kral Abdullah isə sərt bəyanat verərək ölkənin təhlükəsizliyinə qarşı hər cür təhdidə qarşı qəti addımların atılacağını bildirib. Rəsmi Amman da terroru hansı qüvvənin törədə biləcəyi ilə bağlı hər hansı şərh verməyib. Lakin media İŞİD-in şübhəli olacağı ilə bağlı bir neçə versiyanın üzərində dayanır. Birincisi, terror aktlarının hədəfi ordu və kəşfiyyatın olmasıdır. İŞİD-i şübhəli olaraq göstərən ikinci versiya isə terror aktının qaçqın düşərgəsində törədilməsidir. Çünki bu bölgədə 60 minə yaxın suriyalı qaçqın qalır və onların arasında İŞİD üzvlərinin olduğu ehtimal edilir.



Bu terror aktları İordaniya rəsmilərini ciddi şəkildə narahat edir. Dövlət qurumlarının hədəfə alınması, eləcə də ilk dəfə olaraq İordaniya ərazisində minalanmış avtomobilin partladılması Yaxın Şərqdə yayılan terror müharibələrinin İordaniyaya yayılması riskini yaradır. Çünki buna qədər ölkə ərazisində heç zaman minalanmış avtomobillə terror törədilməyib. Ərəb mediasının yazdığına əsasən, artıq kral Abdullahın əmri ilə terrora qarşı təhlükəsizlik tədbirlərinə fiziki hazırlığı və təcrübəsinə görə dünyada məşhur olan, birbaşa krala tabe xüsusi təyinatlılar cəlb olunub. Bu isə İordaniya üçün terror təhdidinin güclü olduğunu təsdiqləyən sübutlardan biridir.

Son məlumatlara görə, İordaniya hakimiyyəti terror aktlarından dərhal sonra İordaniya-Suriya sərhədini “qapalı hərbi bölgə” elan edib. Kralın hərbi məsləhətçisi Məhəmməd Zəban bildirib ki, əvvəlcədən xəbərdarlıq etmədən, rəsmi qurumları məlumatlandırmadan “qapalı hərbi bölgə”yə daxil olan istənilən insan və avtomobil “düşmən fəaliyyəti” qəbul ediləcək, dərhal lazımı müdaxilə olunacaq.

“Ray əl-Yaum” qəzeti yazır ki, İŞİD-in İordaniyanı hədəfə almasının əsas səbəblərindən biri, bu ölkənin ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkibində İŞİD-ə qarşı əməliyyatlara qatılmasıdır.

İki il əvvəl Vaşinqtonun İŞİD-ə qarşı yaratdığı koalisiyanın ən fəal üzvlərindən biri də İordaniya idi. Hətta hava hücumlarından birində Krallığın F-16 qırıcısı qəzaya uğramış, pilot İŞİD-in əlinə keçmişdi. Daha sonra İŞİD həmin pilotu yandırdığını göstərən video yaymışdı. Bundan başqa, İordaniya xüsusi təyinatlı birliklərinin rəsmən açıqlanmasa da, Liviya və Somalidə gizli əməliyyatlara qatıldığı haqda məlumatlar mövcuddur.

Beləliklə, Yaxın Şərqin daha bir ölkəsində vəziyyətin qarışması təhlükəsi var. Yaxın Şərqin mərkəzində yerləşən İordaniyada “ərəb baharı”nın ilk günlərində bir neçə etiraz aksiyası olsa da. kral Abdullah müəyyən siyasi islahatlara getmək, eləcə də, dini qrupların liderləri ilə danışıqlarla sabitliyi qoruyub saxlaya bildi. İordaniya Krallığı Yaxın Şərqdə Səudiyyə Ərəbistanından sonra ABŞ-ın ən yaxın müttəfiqi hesab olunur. İordaniya Krallığı Suriya, İraq, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Qırmızı dənizdə Misirlə sərhədləri olan ölkədir. Ölkə ərazisində çox sayda Fələstin və Suriya qaçqınları var. Eyni zamanda Suriya savaşının ikinci əsas hazırlıq mərkəzləri də bu ölkədə yerləşir. İordaniyada kral hakimiyyəti möhkəm olsa da, güclü islami təşkilatlar və camaatlar var.

Belə bir ölkədə İŞİD-in hökumət qüvvələrinə qarşı savaş başlatması bütövlükdə bölgədə qarışıqlığı daha da artıra bilər. Çox sayda qaçqının məskunlaşdığı, son illərdə yayılan radikal fikirlər səbəbilə onsuz da ideoloji dayanıqlığını itirən Yaxın Şərqdə daha bir ölkənin terror savaşına bulaşması xaos və fəlakətə səbəb ola bilər. musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.