Bankların taleyi necə olacaq?
22-06-2016, 09:44
Maliyyə Nazirliyi çox yüksək dərəcəli istiqraz təqdim etməklə bank sistemini əlavə gəlirdən də məhrum etdi
Manatın iki dəfə devalvasiyaya uğraması nəticəsində ölkədə dərinləşən iqtisadi böhran bankları da çıxılmaz vəziyyətə salıb. Bir tərəfdən problemli kreditlərin həcmi artıb, digər tərəfdən əmanətlər sürətlə geri çəkilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyənləşdirdiyi kredit şərtlərindən sonra kredit ala biləcək insanların çevrəsi də həddindən artıq daralıb. Məlum olduğu kimi, kreditlər Azərbaycan banklarının əsas gəlir mənbəyi idi və yüksək faizlərlə verdikləri kreditlər hesabına külli miqdarda qazanc əldə etməyə öyrəşmişdilər. Bu gün həmin imkan bankların əlindən çıxıb.
Qarşıdakı dövrdə bəzi bankların bazarı tərk edəcəyi və ya birləşəcəyi də gözlənilir. Necə ki, ötən ilin sonundan başlayaraq, bir neçə bank fəaliyyətini dayandırdı, əhali əmanətlərini geri qaytarmaqda çətinliklə üzləşdi.
Bəs görəsən, bankların hazırkı durumu nə vəd edir? Əhali banklarda olan əmanətlər və kreditlərlə necə davranmalıdır?
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Azər Mehtiyev bildirdi ki, bank sistemində vəziyyət hələ ki ağır olaraq qalmaqdadır: “Banklar hələ də iqtisadi böhranın təsirindən çıxa bilməyiblər. Ancaq Mərkəzi Bankın yeritdiyi siyasət, bank sistemini xilas etmək istiqamətində atılan addımlar kiçik bir qrup banklara yönəlir. Lakin bu addımların hər hansı formada əsaslandırılması, cəmiyyətə bunun şəffaf şəkildə təqdim edilməsi görünmür. Bank sisteminin problemləri isə çox ciddi və dərindir. Bu bir tərəfdən banklarda təmərküzləşmə səviyyəsinin yüksək olması ilə bağlıdır. Bankların kiçik bir qrupun əlində olması, oradan verilən kreditlərin son dərəcədə təmərküzləşməsi, əsasən aparıcı iri bankların kredit portfelinin 60-70 faizinin çox az sayda şəxslərin əlində cəmləşməsi və sair əsas problemlərdir”.
A.Mehtiyevin sözlərinə görə, son statistika göstərir ki, sürətli şəkildə kreditlərin azalması baş verir: “Ötən ilin dekabrından bu ilin aprelin sonuna kimi kreditləşmənin məbləği 3 milyard manat azalıb. Əhali banklardan əmanətləri çəkməkdədir. Əmanətlərin azalması prosesi gedir. Banklar əllərində olan vəsaiti normal olaraq kredit kimi vermirlər. Bu da ona gətirib çıxarıb ki, banklar əmanətlər cəlb etsə belə, indiki yüksək faizlərlə kredit cəlb etməkdə çətinlik çəkirlər. Təbii ki, kredit faizlərinin aşağı salınmasına ehtiyac var. Bundan başqa, ölkədə normal biznes mühiti yaradılmalıdır, məmur sahibkarlığı, inhisarçılıq aradan qaldırılmalıdır. Hökumət bu istiqamətdə hər hansı addım atmır. Digər tərəfdən isə Maliyyə Nazirliyi çox yüksək dərəcəli, 17 faizlə istiqraz təqdim etməklə faktiki olaraq vəsaitləri istiqrazlara cəlb etdi və bank sistemini əlavə gəlirdən də məhrum etdi. Banklar gəlir mənbəyi kimi kredit amilindən kənarda, digər bank xidmətləri vasitəsilə cəlb etməyə çalışır. İqtisadiyyat sektorunda da kredit qabiliyyətli təsərrüfat subyektlərinin, sahibkarların və fiziki şəxslərin azalması bank sistemi üçün əlavə problemlər yaradıb”.
Ekspert bildirdi ki, vəziyyət o həddə çatıb ki, banklar risk almamaq üçün özləri də əllərində olan vəsaitləri dollara çevirərək xaricdəki banklara yerləşdirirlər: “Bu da manata inamın azalması ilə bağlıdır. Banklar üçün manatla kredit risk daşıdığına görə, ən azı vəsaitlərini dollarla xarici banklara yerləşdirib bu riski aradan qaldırmağa çalışırlar”.
"Əhali nə etməlidir" sualını cavablandıran Azər Mehtiyev manata və banklara olan inamın hələ də bərpa olunmadığını bildirdi: “Əksinə, inamın aşağı olması əhalini manatla əmanət saxlamaqdan çəkindirir. Bundan başqa, əhali hələ də dollarlaşmaya meyl göstərir. İkinci bir tərəfdən də əhalinin digər mənbələrdən gəlirləri azaldıqca, onlar daha çox ehtiyatda saxladıqları vəsaitlərdən istifadə etməyə məcbur olurlar”.