Şəxsi istifadəsi üçün spirtli içki hazırlayan vətəndaşa cərimə yazıla bilərmi? - RƏY

16-09-2023, 12:08           
Şəxsi istifadəsi üçün spirtli içki hazırlayan vətəndaşa cərimə yazıla bilərmi? - RƏY
Son vaxtlar tez-tez mətbu orqanlarda Daxili İşlər Nazirliyinin Qida Təhlükəsizliyi Agentliyi ilə birgə kustar üsulla ev şəratində spirtli içki məhsulları hazırlayan şəxslərə qarşı əməliyyat keçirməsi ilə bağlı xəbərlərə rast gəlirik. Bu zaman həmin şəxslərin əksər hallarda bu spirtli içkiləri saxta aksiz markası adı altında qablaşdıraraq müəyyən obyektlərə satdığı ortaya çıxır və onlar qanunvericiliyə uyğun şəkildə cəzalandırılırlar. Lakin bu cür şəxslərlə yanaşı, öz istifadəsi üçün ev şəraitində spirtli içki hazırlayan vətəndaşların da cərimə olunduqlarına dair faktlar var.

Məsələn, onlardan biri “AzPolitika.info”-ya müraciət edərək bu yaxınlarda öz evinin həyətində şəxsi istifadəsi üçün spirtli içki hazırlayan zaman polis tərəfindən cərimə olunduğunu deyir. Adının açıqlanmasını istəməyən vətəndaş bildirir ki, polis əməkdaşı ona bu səbəbdən ötrü 800 manat məbləğində cərimə yazıb.

Vətəndaş sözügedən cərimənin qanuni olub-olmamasını öyrənmək üçün saytımıza müraciət etdiyini deyir.

Biz də vətəndaşın bu müraciətini aydınlaşdırmaq üçün vəkil Turan Abdullazadə ilə əlaqə saxladıq.
T. Abdullazadə “AzPolitika.info”- ya şərhində bildirdi ki, bu cür mallar aksiz markası altında istehsal olunmalıdır: “Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İnzibati Xətalar Məcəlləsinə əsasən, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə - aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir”.

Vəkilin sözlərinə görə, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına Vergi Məcəlləsində maliyyə sanksiyaları da nəzərdə tutulur:“Aksiz markası ilə markalanmalı olan markalanmamış mallar vergi orqanı tərəfindən siyahıya alınır və qanunu pozan təqsirli şəxslər həmin mallar üzərində sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik olmurlar. Vergi Məcəlləsinin 194.1-ci maddəsində nəzərdə tutulan qaydaların tələblərini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

Məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan malların satışından əldə edilən vəsait dövlət büdcəsinə köçürülür. Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.