Həkimdən böyük iddia: - “Azərbaycanda koronavirusun "Eris" variantı yayılıb”

6-10-2023, 08:38           
Həkimdən böyük iddia: -
Son zamanlar ölkə ərazisində virus yayılıb.

Virus qriplə qarışdırılsa da, ondan fərqlənir və daha çox COVİD-19-un əlamətlərini daşıyır. Virusa yoluxanlar sümük ağrısı, qusma, ishal və yüksək hərarətdən şikayətlənirlər. Xüsusilə məktəblərdə uşaqlar arasında yayılan virus tez bir zamanda sağlam şəxslərin də yoluxmasına səbəb olur və sağalması 2 həftəyə qədər çəkə bilir. Bəzi şəxslər bunun koronavirus olmasından narahat olaraq COVİD-19 testi verir. Son zamanlar koronavirusun da artması bu qorxunu daha da artırır.

Bəs yayılan virus qrip, koronavirus, ya başqa virusdur? DİA.AZ-ın məlumatına görə, tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu virus əvvəlcə böyüklər arasında yayılsa da, hazırda uşaqlarda da müşahidə olunmağa başlayıb:

"Bu virusa böyüklərdə yanvar ayından rast gəlirik. Əvvəllər uşaqlarda az rast gəlinirdi. Son zamanlar isə uşaqlar arasında da yayılmağa başlayıb. Uşaqlar tez bir zamanda virusdan xilas ola bilir, amma böyüklərdə daha uzun müddət davam edir. Bu virus əvvəlki soyuqdəymələrdən, o cümlədən qrip deyil. Çox zaman deyirlər ki, qripə yoluxmuşam, lakin bu, qrip deyil".

Həkimin sözlərinə görə, bu virus insan orqanizmində 4-5 ay yaşaya bilir:

"Bir məsələni deyim. Koronavirusdan əvvəl kimsə soyuqdəymə tuturdusa, bəzən öz-özünə də keçib gedirdi. Amma indi yayılan virusu normal müalicə etmədən öz-özünə keçmir. Yoluxan şəxs 3-4 gündən sonra elə hiss edir ki, sağalıb, amma o virus 4-5 ay insan bədənində qala və ağır fəsadlar törədə bilir. Virus koronavirusun ilk halı kimi deyil. Koronavirusdan fərqli olaraq, qısa zamanda fəsad yaratmır, uzun müddətdən sonra fəsadlarını görmək olur".

O deyib ki, yayılan virus koronavirusun yeni növü olan "Eris"dir:

"Hesab edirik ki, məktəblərdə, uşaqlar arasında yayılan bu virus "Eris" variantıdır. Amma müalicəsi mümkündür. Düzdür, insanlar test versə, bunu aşkarlamaq mümkündür. Testdə koronavirus kimi çıxa bilər. Amma yeni yayılan "Eris"dir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.