Ukraynaya 150 milyon avro ianə edən milyarder Rusiyaya qayıda bilər

7-10-2023, 09:53           
Ukraynaya 150 milyon avro ianə edən milyarder Rusiyaya qayıda bilər
"Alfa Group"un həmtəsisçisi, milyarder Mixail Fridman Rusiyaya qayıtmağı planlaşdırır.

Bu barədə "Mash" "Telegram" kanalı yazır.

Nəşr qeyd edir ki, sahibkar qəfil qayıtmasına cəmiyyətin və hüquq-mühafizə orqanlarının potensial reaksiyasını qiymətləndirmək üçün pərdəarxası danışıqlar aparır.

"Ən çox Fridmanın komandası və özü 2022-ci ildə Ukraynaya külli miqdarda ianənin nəticələrindən narahatdır. O və ortağı Peter Aven 150 milyon avro ianə edərək, ABŞ və Avropa İttifaqı sanksiyalarından qurtulmağa ümid edirdi", deyə "Mash" yazır.

Moskva Vəkillər Kollegiyasının idarəedici tərəfdaşı Aleksandr Dobrovinski vəziyyəti gazeta.ru-ya şərh edib:

"Mixail Fridmanın Londondakı yaxın çevrəsindən öyrəndim ki, o, Britaniya ədalətindən məyusdur və tezliklə Moskvaya qayıtmağı planlaşdırır. Onun Rusiya Federasiyasının vətəndaşı olduğunu nəzərə alsaq, ölkəyə buraxılmaması üçün heç bir əsas yoxdur”.

Bundan əvvəl Ukrayna məhkəməsi rusiyalı sahibkarlar Mixail Fridman, Pyotr Aven və Andrey Kosoqovun aktivlərinə həbs qoyub. Dondurulmuş aktivlərin ümumi məbləği 17 milyard qrivna (təxminən 46,2 milyard rubl) təşkil edib.

Fridman Britaniyanın "The Times” qəzetinə müsahibəsində İngiltərədə yaşadığı sakitlik və sabitlik hissini itirdiyini bildirib. Sahibkarın sözlərinə görə, bu, Milli Cinayət Agentliyi (NCA) tərəfindən onun Londondakı evində axtarış aparıldıqdan sonra baş verib.

Fridman qeyd edib ki, Böyük Britaniyada Rusiyadan olan bütün varlı mühacirlər cinayətkar sayılırlar: "Mən uzun illər Rusiyada yaşamışam, orada çoxlu böhranlar olub. Daxili gərginlik hissi məni orada heç vaxt tərk etmədi, həmişə vəziyyətin kəskin şəkildə dəyişə biləcəyinə hazır olmaq ehtiyacı var idi. Londonda yaşamağın mühüm üstünlüklərindən biri xoş sakitlik və sabitlik hissi idi. Təəssüf ki, indi bu hiss itib.

Fridman da ona qarşı tətbiq edilən sanksiyaları "siyasi alət” adlandırıb və problemin hətta məhkəmə yolu ilə də həllinin mümkün olacağı qənaətində olmadığını bildirib.

Qeyd edək ki, Britaniya səlahiyyətlilərinə görə, Fridmanın sərvəti 10,2 milyard dollardır. O, 2022-ci ildə Avropa İttifaqı və Kanada, 2023-cü ildə isə ABŞ tərəfindən sanksiyaya məruz qalıb. "Alfa Group"un digər təsisçiləri ilə birlikdə sanksiya siyahısına daxil edildikdən sonra Fridman holdinqin direktorlar şurasından istefa verib və oradakı payını satmağı planlaşdırıb. Milyarder Londonda yaşayır. 15 sentyabr 2023-cü ildə NCA sanksiyalardan yayındığı üçün iş adamı ilə bağlı istintaqı başlayıb. Bu araşdırma çərçivəsində Fridmanın Londondakı evində 2022-ci ilin dekabrında axtarış aparılıb. \\Qaynarinfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.