“Biz mütəşəkkil dəstənin üzvləriyiksə, bəs dəstəni yaradanlar hanı?” -
11-10-2023, 09:46

Oktyabrın 10-da Bakı Hərbi Məhkəkməsində 2017-ci ildə Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verməkdə təqsirləndirilən 4 nəfərin məhkəməsi davam edib.
Bunlar Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur. Tərtər işgəncələrilə bağlı mühakimə olunanların hamısının işi üzrə araşdırmaları Bakı Hərbi Məhkəməsinin hakimləri aparır. Amma məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Bu gün həm vəsatətlər verilib, həm də prokuror çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib.
Məhkəmə iclası başlayan kimi Vüsal Ələsgərovun vəkili Samir İsayev vəsatət qaldırıb ki, İttiham aktındakı “yuxarı komandanlıq” məsələsinə aydınlıq gətirilsin:
“İttiham aktında yazılıb ki, bu adamlar (təqsirləndirilən şəxslər – red) yuxarı komandanlığın yaratdığı mütəşəkkil dəstə şəklində fəaliyyət göstəriblər. Yaxşı, deyək ki, bunlar mütəşəkkil dəstənin üzvləridir, bəs dəstəni yaradan yuxarı komandanlar hardadır?
Vüsal Ələsgərov: Vəkilimin vəsatətini dəstəkləyirəm. Mənə əmr verənlər olub, mən də əmri icra etmişəm, vəssalam. Məni tutub bura salıblar, əmr verənlərim azadlıqda gəzir. 30 ilin hərbçisiyəm, 30 il Azərbaycan ordusunda yüksək səviyyədə qulluq etmişəm, təltiflərim var. Ancaq hər şeyi büküb qoyublar belimizə, məni cəmiyyətə pis imiclə təqdim ediblər. Tələb edirəm ki, o cinahətlərin törədilməsinə əmr verənlər məsuliyyətə cəlb olunsun”.
Digər vəkillər və zərərçəkənlər vəsatəti dəstəkləyib. Prokuror isə vəsatətin təmin olunmamasını istəyib: “Tərtər işi üzrə istintaq hələ davam edir. İbtidai istintaq tərəfindən ifadələr alınır, dindirmələr aparılır, bu vəsatətin bu məhkəmədə qaldırılması üçün əsas yoxdur”, - vəkil vurğulayıb. Hakim vəsatəti təmin etməyib.
Vəkil Samir İsayev məhkəmə tərkibinə etiraz edib. Vəkil etirazını indiyədək verilmiş vəsatətlərin təmin olunmaması ilə əlaqələndirib. Bu vəsatət də təmin olunmayıb.
Daha sonra vəkillər işin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət veriblər. Tərtər hadisələrində işgəncə nəticəsində ölən hərbçi Elçin Quliyevin hüquqi varisi olan anası Validə Əhmədova vəsatətə belə münasibət bildirib: “Oğlum öldürülüb, mən hələ də onun kimin öldürdüyünü doğru-düzgün öyrənə bilməmişəm. Tək oğlum deyil, bu işi görənlərin əli 11 nəfərin qanına bulaşıb, 11 nəfər qətlə yetirilib. Ancaq bədənə xəsarət maddəsi verilib. Tələb edirəm ki, maddələr dəyişdirilsin, qəsdən adamöldürmə maddəsi verilsin. Cinayət Məcəlləsinin 274-cü maddəsi də verilsin. Çünki bu işdə torpağını, ölkəsinin suverenliyini, ərazi bütövlüyünü qoruyan ən yaxşı oğullar işgəncəylə məhv edilib, işgəncəyə məruz qalmaqla sağlamlığını itirib. Bununla da dövlətə, orduya xəyanət edilib. Ona görə də tələb edirik ki, bu iş istintaqa qaytarılsın”.
Məhkəmə vəsatəti təmin etməyib. İşgəncə nəticəsində həyatını itirən başqa bir hərbçi Süleyman Kazımovun qardaşı Əhəd Kazımov da məhkəmədən söz alıb:
“Aylardır ki, burda dindirilən zərərçəkənlər də, təqsirləndirilən şəxslər də Nəcməddin Sadıkovun, Xanlar Vəliyevin və başqa vəzifəlilərin adını çəkir. Hamı deyir ki, bizə əmr birbaşa Hikmət Həsənovdan gəlib, ancaq məhkəmə vəsatətlərimizi təmin etmir. Bu, bilirsiz nəyə oxşayır? Mütəşəkkil dəstəni yığıblar bir avtobusa, avtobusun sürücüsü də Hikmət Həsənovdur. Avtobus aşıb, sürücü ortada yoxdur. Mütəşəkkil dəstə dedikləri tutulub, ancaq bu dəstəni idarə edən azadlıqda gəzir”.
Sonra hakim elan edib ki, məhkəmə istintaqı bitib və çıxış üçün dövlət ittihamçısı Orxan Səmədova söz verib.
Prokuror çıxışında bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar məhkəmədə zərərçəkən və şahid ifadələriylə sübuta yetirilib. O, Vüsal Ələsgərova 10, Rəşid Niftəliyevə 9, Ramil Qarayevə 8 il 6 ay, Rüstəm Ələsgərova 12 illik həbs cəzası istəyib.
Zərərçəkənlər isə çıxışlarında Tərtər işgəncələrində əli olmuş hər kəsin cəzalandırılmasını istəyiblər.
Növbəti məhkəmə iclası oktyabrın 31-nə təyin edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə ittiham olunur.
2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı hazırda üç qrupun məhkəməsi gedir. İki qrupun hərəsində 4, bir qrupda isə 5 nəfər mühakimə olunur.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.
Tərtər hadisələrilə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. 5 nəfərlik daha bir qrup isə Beyləqandakı işgəncə iddialarıyla əlaqədar mühakimə olunur.
2017-ci ildə “Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Onlara 20 ilə qədər həbs cəzası kəsilib. Lakin 2021-ci ilin dekabrında yenidən araşdırmalar başlanandan sonra dövlətə xəyanətdə suçlanan şəxslərdən 19 nəfərin işinə də yenidən baxılıb və onlar bəraət alıb. Onlar hazırda Tərtər işgəncələrilə bağlı məhkəmələrdə də zərərçəkmiş qismində iştirak edir.
Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10-dan artıq olduğunu deyirlər.
İşgəncə nəticəsində ölənlərdən beş nəfərə sonradan bəraət verilib.
Toplum TV