Dövlət büdcəsindən 1 milyona yaxın pul mənimsəyən şəxsdən xəbər var

12-10-2023, 07:17           
Dövlət büdcəsindən 1 milyona yaxın pul mənimsəyən şəxsdən xəbər var
2021-ci ildə açılan cinayət işi üzrə dövlət büdcəsindən 1 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunan Dövlət Vergi Xidmətinin həbs olunan sabiq vəzifəli şəxsi Ali Məhkəməyə müraciət edib.

Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Əbdürəhimov Mahir Şahbaz oğlu həbsdən azad olunmaq üçün Ali Məhkəməyə şikayət ünvanlayıb.

İşə 22.02.2024-cü ildə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Əbdürəhimov Mahir Şahbaz oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən müxtəlif ünvanlarda şəxsən və qeyriləri vasitəsi ilə ümumilikdə 393 nəfərdən ibarət ayrı-ayrı vergi ödəyicilərinin ödənişlərini onların adından daha sürətli və ödəyicilər üçün rahat şəkildə dövlət büdcəsinə ödəyəcəyini bildirməklə aldığı cəmi 820 min manat təşkil edən pul vəsaitlərini büdcəyə ödəmədən şəxsi ehtiyaclarına sərf etmiş, habelə törətdiyi cinayət əməllərini gizlətmək məqsədilə eyni məbləğdə ödənilmiş vergi və dövlət rüsumlarını azaldaraq həmin şəxslərin şəxsi hesab vərəqələrində əks etdirməklə işlədiyi dövlət qurumunun rəsmi informasiya resursu hesab olunan proqram təminatına yalan məlumatlar daxil edib.

Qeyd edilən qanunsuz əməlləri ilə Mahir Əbdürəhimovun Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə ibtidai istintaq zamanı vurulmuş maddi ziyandan 271 min manatının ödənilməsi təmin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru