Həmas-ın İsrailə hücumu: silahlılar “bir kənddə bütün ailələri qətlə yetiriblər”
12-10-2023, 11:18

Çərşənbəyə keçən gecə İsrailin Qəzzaya hücumu davam edib.
Həmas bildirib ki, İsrailin gecəboyu hava hücumları nəticəsində azı 30 adam həlak olub.
Israil qüvvələri deyib ki, gecə Qəzzada 200 hədəfə zərbə endirib.
Çərşənbə gününə olan məlumata görə, hücumlar başlayandan bəri İsraildə ölənlərin sayı 1000-ə çatıb. Qəzzada isə 900-dən çox insan həlak olub, hər iki tərəfdə minlərlə yaralı var.
İsrail Həmas qüvvələrinin bir qəsəbədə bütün ailələri qətlə yetirdiyini deyir.
Həmas oktyabrın 7-də İsrailə gözlənilməz hücum edib, dinc insanları öldürüb və girov götürüb. Bundan sonra İsrail hərbisi Qəzzaya ölümcül hücumlara başlayıb.
İsrailin Baş naziri Benjamin Netanyahu bu hücuma verdikləri cavabın 'Orta Şərqi dəyişdirəcəyini deyib.
Putin: "Əgər kişilər öz aralarında vuruşmaq qərarına gəliblərsə, qoy öz aralarında vuruşsunlar. Qadınları və uşaqları rahat buraxın"
“Baş verənlər dəhşətlidir. Biz başa düşürük ki, hər iki tərəfdə böyük acı var, lakin hər iki tərəfdə acının səviyyəsi nə olursa, olsun, biz çalışmalıyıq ki, mülki əhali arasında - qadınlar, uşaqlar, qocalar- itkiləri minimuma və ya sıfıra endirək“, - Rusiya Prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi”nin plenar iclasında bəyan edib.
“Əgər kişilər öz aralarında vuruşmaq qərarına gəliblərsə, qoy öz aralarında vuruşsunlar. Qadınları və uşaqları rahat buraxın. Bu, hər iki tərəfə aiddir”, - Putin vurğulayıb.
Onun sözlərinə görə, Fələstin problemi hər bir müsəlmanın ürəyindədir və ədalətsizlik kimi qəbul edilir.
"Söhbət əzəldən iki müstəqil və suveren - İsrail və Fələstin- dövlətlərinin yaradılmasından gedirdi, - Rusiya Prezidenti bildirib. – İsrail bildiyimiz kimi, yaradıldı, Fələstin isə müstəqil və suveren bir dövlət kimi hələ də yaradılmayıb.
Putin, həmçinin qeyd edib ki, münaqişənin genişlənməsi enerji sektoru da daxil olmaqla, ciddi nəticələrə gətirib çıxara bilər.
Bu arada prezidentin mətbuat katibi Dmitri Peskov Rusiyanın Həmas-ı terror təşkilatı kimi tanıyıb-tanımaması ilə bağlı suala cavab verərək deyib: “Biz münaqişə tərəfləri ilə əlaqələrimizi qoruyuruq. Orada da Rusiya vətəndaşları var. Bizim üçün Rusiya vətəndaşlarının taleyi bir nömrəli prioritetdir. Bundan əlavə, təbii ki, Rusiya vəziyyəti təhlil etməyə davam edir və nizamlanma prosesində iştirak etmək potensialına malik ölkə kimi mövqeyini qoruyur”.
Həmas qruplaşması Rusiyanın terror təşkilatları siyahısına daxil edilməyib. Onun nümayəndələri dəfələrlə Moskvaya gələrək Rusiya rəhbərliyi ilə danışıqlar aparıblar.
Erdoğan: "İsrail unutmamalıdır ki, bir dövlət kimi deyil, təşkilat kimi hərəkət etsə, son nəticədə onun özü ilə də təşkilat kimi davranacaqlar"
Prezident Recep Tayyip Erdoğan AKP Böyük Millət Məclisi Qrup Toplantısındakı çıxışında Həmas-a müharibə elan edən İsrail üçün “Bu, müharibə deyil, qırğındır” deyərək, tərəfləri “təmkinli” olmağa çağırıb.
"İsrail unutmamalıdır ki, bir dövlət olaraq, bir təşkilat kimi davranarsa, nəticədə onunla da təşkilat kimi də davranılacaq. Mülki vətəndaşları öldürmək təşkilatın refleksidir”, - Edroğan deyib.
Türkiyə Prezidenti İsrail və Fələstin tərəfindən mülki şəxslərə qarşı hər hansı tədbirlərin görülməsinin yolverilməz olduğunu bildirib.
Erdoğan BMT-ni və digər beynəlxalq təşkilatları Fələstin xalqını tək qoymaqda ittiham edib.
“Hər kəs impulsiv hərəkətlərdən, humanitar yardımların kəsilməsi kimi Fələstin xalqını bütünlüklə cəzalandırmaq məqsədi daşıyan qərarlardan uzaq durmalıdır”, - o deyib.
Erdoğan Türkiyənin vəziyyətdən çıxmaq üçün və “ədalətli araşdırma” aparmaq işində hərtərəfli vasitəçilik etməyə hazır olduğunu bildirib.
“Bölgəyə sülh və əmin-amanlıq ancaq paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması və bu dövlətin bütün dünya tərəfindən tanınması ilə gələ bilər”, - Türkiyə Prezidenti vurğulayıb.
İsrail hakimyyəti müxalifətlə birgə fövqəladə hökumət yaradır
İsrailin Baş naziri Benjamin Netanyahu və müxalifət partyasının lideri Benny Gantz fövqəladə hökumət və "müharibə kabineti" yaratmağa razılaşıb.
"Müharibə kabineti"nə üç üzv daxildir: Baş nazir, müdafiə naziri və müxalifət partiyasının lideri.
Bu, o deməkdir ki, “müharibə dövründə müharibəyə aid olmayan heç bir dövlət layihəsi və ya qərarı təbliğ edilməyəcək” və bütün yüksək vəzifəli təyinatlar müharibə dövründə avtomatik olaraq uzadılacaq.
Qəzzada elektrik enerjisi kəslib: yanacaq bitib
Qəzzada yeganə elektrik stansiyasının yanacağı bitdikdən sonra elektrik enerjisi kəsilib.
Həmasın həftəsonu hücumundan sonra İsrail Qəzzanı mühasirəyə alıb, onun elektrik, yanacaq, ərzaq, və su təchizatını kəsib.
Bu, o deməkdir ki, Qəzzadakı insanlar əgər onları işlətmək üçün yanacaqları varsa, elektrik enerjisi üçün generatorlardan istifadə edəcəklər.
İslam Universitetinə zərbələr endirilib
Çərşənbə günü İsrail Hərbi Hava Qüvvələri ötən gün axşam saatlarında Qəzza şəhərindəki İslam Universitetinə hava zərbələri endirdiyini təsdiqləyib. Bu barədə qurum X hesabında yazıb.
Ötən gün İsrailin Qəzza İslam Universitetinə hava zərbələri endirməsi nəticəsində təhsil mərkəzinin bir hissəsi dağılıb.
İsrail Hərbi Hava Qüvvələri bildirir ki, bu universitet "Həmas mühəndisləri üçün əsas təlim mərkəzi kimi xidmət edir" və "mühüm siyasi və hərbi güc mərkəzidir".
“Həmas bilik institutunu məhvetmə institutuna çevirdi”, qurum qeyd edib.
“Nə elektrik, nə qida, nə də yanacaq”
BMT-nin çərşənbə gününə olan məlumatına görə, hazırda Qəzzada 187 min insan köçkün düşüb.
“Qəzza zolağı boyunca yüz mindın çox insan didərgin düşüb və onların sayının artacağı gözlənilir. BMT-nin 83 məktəbində 137,500 sığınacaq var”, qurumun Fələstin qaçqınları ilə işləyən agentliyi bildirir.
Qəzzada təxminən yarım milyon insan paylama mərkəzləri bağlandığı üçün bu həftə BMT-nin qida yardımını ala bilməyib.
Bazar ertəsi İsrailin müdafiə naziri Yoav Gallant deyib ki, Qəzza ərazisinin “tam mühasirəsinə" əmr verib: “Nə elektrik, nə qida, nə də yanacaq”.
İsrail Qəzza üzərində hava məkanına və onun sahil xəttinə nəzarət edir.
İsrailin Müdafiə Qüvvələri bazar ertəsi verdiyi açıqlamada Qəzza sektorunda mindən çox hərbi hədəfin vurulduğunu qeyd edib. Qurum həmin bölgədən hazırda da İsrailin digər ərazilərinin raket atəşinə tutulduğunu deyib.
BMT-nin son bəyanatına görə, İsrailin başlatdığı cavab hücumlarından sonra 120 mindən çox fələstinli Qəzza ərazisini tərk etməyə məcbur olub.
Qəzzada xəstəxanaların dolduğu və elektrik enerjisi qıtlığından əziyyət çəkdiyi bildirilir.
Həmas tərəfindən öldürülən və qaçırılanlar arasında digər ölkələrin vətəndaşlarının olduğu deyilir.
Yaxın Şərqdə baş verənlər bazar ertəsi enerji bazarında neft qiymətlərinin kəskin artması ilə müşahidə olunur.
Analitiklər bahalaşmanın hərbi eskalasiyadan sonra neft daşımalarında fasilələrin yaranacağı ehtimalından qaynaqlandığını bildirir.
"Qəzzadakı bu qisas... Məncə, bu, kollektiv cəzadır”
Humanitar yardım işçisi Hozayfa Yazji BBC-nin Newshour proqramına bildirib ki, Qəzzada dinc sakinlər "kollektiv cəzaya məruz qalır".
"Mən hər iki tərəfdən mülki şəxslərin hədəf alınmasını heç bir şəkildə qəbul etmirəm. Qəzzadakı bu qisas... Məncə, bu, kollektiv cəzadır”.
"Mən pəncərəmdən çölə baxıram. İnsanlar Qəzzanın küçələrində ora-bura qaçırlar və onlar hara gedəcəklərini bilmirlər. Heç bir ümid də yoxdur", - Norveç Qaçqınlar Şurasının Qəzza bölgəsi üzrə meneceri Hozayfa deyir.
Onun sözlərinə görə, Qəzza sakinləri son 14 ildə dəfələrlə hücumlarla üzləşsələr də, onların heç biri bu miqyasda olmayıb.
"Vəziyyət çox pisdir, bunu sözlə ifadə etmək mümkün deyil. Hazırda Qəzzada təhlükəsiz yer yoxdur", - Hozayfa bildirib.
Həmas silahlıları sərhəd kəndində bütün ailələri qətlə yetiriblər.
Çərşənbə günü jurnalistlər Qəzza ilə sərhəddə Həmas-ın törətdiyi qətliamın yerləşdiyi Kfar Aza kəndinə baş çəkiblər.
Kfar Azadakı döyüşlər çərşənbə günü səhərə qədər davam etdiyi üçün İsrail əsgərləri yalnız bu gün qətlə yetirilən sakinlərin cəsədlərini toplamağa başlayıb.
Əsgərlər BBC-nin beynəlxalq redaktoru Jeremy Bowen-ə bildiriblər ki, Həmas içəri girərək evləri yandırıb və ailələri öldürüb.
İsrail zabiti ölənlərdən bəzilərinin başlarının kəsildiyini bildirib.
"Ağılı dizaynerlərin əllərindən öpürük", - İranın Ali dini lideri deyib
İranın Ali dini lideri Ayətullah Əli Xameneyi rəsmi Tehranın Həmas-ın şənbə günündə etdiyi ölümcül hücumun arxasında dayanmadığını bildirib.
BBC Farsca yazıb ki, o deyib: “Biz bacarıqlı və ağıllı dizaynerlərin və fələstinlilərin alınlarından və əllərindən öpürük".
Ayətullah Əli Xameneyi hücumdan bəri ilk dəfə çərşənbə axşamı televiziya ilə baş verənlərə münasibət bildirib.
Həmas-ın hücumu başlayandan bəri İranın hücumda iştirakı ilə bağlı fərziyyələr səslənir.
ABŞ Dövlət Katibi Antony Blinken son hücumda hələ İranın iştirakına dair dəlil görməyiblər, amma "dərin əlaqələr olduğuna" şübhə etmirlər.
"Özümü ovlanan yaralı bir heyvan kimi hiss etdim..."
Həmas silahlıları İsraildə keçirilən Supernova festivalına hücumu zamanı 260-dan çox adamın öldürüldüyü, onlarla insanın girov götürüldüyü deyilir.
Gilad Karplus BBC-yə ölümcül Supernova festivalındakı yaşadıqlarını və necə sağ qaldığını danışır.
“Raketlər var idi, sonra atmağa başladılar. Atəş müxtəlif istiqamətlərdən gəlirdi və getdikcə də yüksəlirdi”, - deyə hadisənin şahidi Karplus xatırlayır.
“Gördüm ki, insanlar aşağı düşür. Biz də, sadəcə maşına minib tarlalara tərəf sürdük”.
Gilad-ın sözlərinə görə, bir anda İsrail hərbi köynəyi geyinmiş səkkiz nəfər silahlı şəxs tarlalarda onları motosikletlə təqib etməyə başlayıb.
Maşına açılan atəşin güllə parçaları papağının arxasından keçərək Gilad-ın baş nahiyəsinə dəyib.
“Məndə qanaxma başladı. Başa düşmürdüm ki, vəziyyətim necədir? Kəllə sümüyümdə güllə var, ya yox? Sadəcə bilirdim ki, başımı bacardığım qədər möhkəm tutmalıyam ki, daha az qan itirim”.
Daha sonra Gilad-la dostu kiminsə onları xilas etməyə gələcəyinə ümid edərək kibbutzda gizləniblər.
Biz bu gün Gilad-la xəstəxanada başındakı yaranın sarğısını dəyişdirməsindən sonra görüşdük. O, başındakı yaranın ona “nə qədər şanslı olduğunu” xatırlatdığını deyir.
"Bu hadisə baş verən səhər mən özümü ovlanan yaralı bir heyvan kimi hiss etdim... Bunu bir daha yaşamaq istəmirəm".
Azərbaycanın İsraildəki səfiri: "Dinc əhaliyə qarşı raket hücumlarını və terroru pisləyirəm"
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov X hesabında yazıb ki, Həmas-ın hücumundan sonra ailəsi ilə birgə sığınacaqda qalmalı olub:
“Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqda qalmalıyıq. Dinc əhaliyə qarşı raket hücumlarını və terroru pisləyirəm.
Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması, terrorçular tərəfindən onların pis rəftara, zorakılığa məruz qoyulması məni dəhşətə gətirir.
Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, - səfir X sosial şəbəkəsindəki hesabında yazıb.
BBC