NYT: HƏMAS-ın İsrailə hücumu İsrail kəşfiyyatının bir sıra səhvləri səbəbindən mümkün olub

12-10-2023, 09:35           
NYT: HƏMAS-ın İsrailə hücumu İsrail kəşfiyyatının bir sıra səhvləri səbəbindən mümkün olub
Fələstinin HƏMAS hərəkatının İsrailə hücumu İsrail kəşfiyyatı və ordusunun bir sıra səhvləri səbəbindən mümkün olub. Bunu The New York Times İsrailin dörd yüksək rütbəli kəşfiyyat rəsmisinə istinadən yazıb.

Qəzetin istinad etdiyi mənbələr HƏMAS militantlarının şənbə günü, oktyabrın 7-də İsrail ərazisinə daxil olmasına səbəbin İsrail kəşfiyyatının bu səhvlərinə görə olduğunu qeyd edib:

- Kəşfiyyatın HƏMAS militantlarının istifadə etdiyi əsas rabitə kanallarını izləməməsi;

- Həddən artıq etibar edilən sərhəd nəzarəti avadanlıqlarının HƏMAS-ın işğaldan əvvəl sıradan çıxarılması;

- Komandirlərin işğalın ilkin mərhələsində ələ keçirilən bir sərhəd bazasında cəmləşməsi və bu səbəbdən silahlı qüvvələrin qalan hissəsi ilə əlaqə saxlamağın mümkün olmaması;

- Şəxsi telefonları ilə danışıqları zamanı hərbi əməliyyatlara hazırlaşmadıqlarını israr edən HƏMAS hərbi rəhbərlərinin bəyanatlarına etibar edilməsi. HƏMAS bilirdi ki, bu danışıqlara İsrail qulaq asır.

The New York Times qəzetinin yazdığına görə, İsrailin kəşfiyyat xidmətlərinin militantların hücumuna hazır olmamasının digər amillərindən biri də təhlükəsizlik rəsmilərinin keçən həftə ölkənin müdafiə qabiliyyətinə qarşı ən aktual təhdidlərə dair brifinqi zamanı İsrail kəşfiyyatının diqqəti İsrailin şimal sərhədinə, Livan militantları tərəfindən yaranan təhlükəyə yönəlməsi olub. Beləliklə, İsrail kəşfiyyatı praktiki olaraq HƏMAS-ın potensial təhlükəsini nəzərə almayıb.

The New York Times-ın iki mənbəsi bildirib ki, HƏMAS-ın işğala başlamasından az əvvəl İsrail kəşfiyyatı nəzarət etdiyi Fələstinin bəzi militant kanallarında aktivliyin artdığını görüb. Mənbələrin dediyinə görə, Kəşfiyyat Qəzza Zolağı ilə sərhədə həyəcan siqnalı göndərib, lakin buna ya məhəl qoyulmayıb, ya hərbçilər xəbərdarlığı almayıb, ya da onu ümumiyyətlə oxunmayıb.

Bundan az müddət sonra HƏMAS sərhəddəki İsrail ordusunun bəzi mobil telefon stansiyalarını və müşahidə qüllələrini sıradan çıxarmaq üçün dronlardan istifadə edib. Bu səbəbdən sərhədçilər əraziyə uzaqdan video-kameralarla nəzarət edə bilməyiblər. Həmçinin pilotsuz təyyarələr İsrailin sərhəd istehkamlarına quraşdırdığı uzaqdan idarə olunan pulemyotları da hədəf alıb.

The New York Times-ın mənbələrinin dediyinə görə, İsrailin sərhəd nəzarət sistemi demək olar ki, tamamilə uzaqdan idarə olunan kameralar, sensorlar və pulemyotlardan asılıdır. Bu nəzarətlərə həddən artıq güvəndiyi üçün İsrail hərbi komandirləri sərhədin bu hissəsində sərhəd mühafizəçilərinin sayını azaldıb.

Nəşrin həmsöhbətləri əlavə ediblər ki, hərbi rəhbərliyin sərhəd bazalarından birində cəmləşməsi səbəbindən işğal zamanı əksər yüksək rütbəli zabitlər öldürülüb, yaralanıb və ya girov götürülüb. Bu, rabitə problemləri ilə birlikdə əks-hücumun əlaqələndirilməsinə mane olub.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.