İsrail-Fələstin münaqişəsi: İsrail necə yarandı və digər suallara cavablar

15-10-2023, 08:13           
İsrail-Fələstin münaqişəsi: İsrail necə yarandı və digər suallara cavablar
Fələstinin Həmas silahlı qruplaşması ötən şənbə günü yüzlərlə silahlının Qəzza zolağı yaxınlığındakı icmalara sızması ilə İsrailə qarşı görünməmiş hücuma başlayıb.

1300-dən çox israilli öldürülüb, onlarla əsgər və mülki şəxs, o cümlədən qadınlar və uşaqlar Qəzzada girov kimi saxlanılır.

İsrail ordusunun cavab olaraq Qəzzaya həyata keçirdiyi çoxsaylı hava zərbələri nəticəsində 2000-dən çox fələstinli də həlak olub və İsrail bu əraziyə qida, yanacaq və digər zəruri ehtiyacları təmin etməyib, tam blokadaya alıb.

İsrail həmçinin Qəzza sərhədi boyunca qüvvələrini toplayır və daha çox fələstinli insanın ölümünə səbəb ola biləcək quru əməliyyatına hazırlaşır.
1948-ci ilə qədər İsrail nə idi və Balfour Bəyannaməsi nə idi?
Yaxın Şərqin həmin hissəsinin hökmdarı Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində məğlub olmasından sonra Britaniya Fələstin kimi tanınan əraziyə nəzarəti ələ keçirdi.

Torpaqda yəhudi azlığı və ərəb çoxluğu, eləcə də digər kiçik etnik qruplar yaşayırdı.

Beynəlxalq ictimaiyyət Böyük Britaniyaya Fələstində yəhudi xalqı üçün “milli ev” yaratmaq tapşırığını verdikdə iki xalq arasında gərginlik daha da artdı.

Bu, 1917-ci il Balfour Bəyannaməsindən, o zamankı Xarici İşlər Naziri Artur Balfourun Britaniyanın yəhudi icmasına verdiyi vəddən irəli gəlirdi.

Bəyannamə Böyük Britaniyanın Fələstin üzərində mandatında təsbit edildi və 1922-ci ildə Birləşmiş Millətlər Təşkilatının sələfi olan, yeni yaradılmış Millətlər Liqası tərəfindən təsdiq edildi.

Yəhudilər üçün Fələstin onların ata-baba yurdu idi, lakin Fələstin ərəbləri də bu torpaqlara sahib olduqlarını iddia etdilər və bu hərəkətə qarşı çıxdılar.
1920-1940-cı illər arasında oraya gələn yəhudilərin sayı artdı, çoxları Avropadakı təqiblərdən, xüsusən İkinci Dünya Müharibəsində nasist Holokostundan qaçdı.

Həmin vaxtlar həm yəhudilərlə ərəblər arasında, həm də Britaniya hakimiyyətinə qarşı zorakılıq daha da artırdı.

1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə və Qüdsün (Yerusəlimin) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi.

Bu plan yəhudi liderləri tərəfindən qəbul edilsə də, ərəblər buna razı olmadıqları üçün heç vaxt həyata keçirilmədi.
İsrail necə və nə üçün yaradılıb?
1948-ci ildə problemi həll edə bilməyən Britaniya geri çəkildi və yəhudi liderləri İsrail dövlətinin yaradıldığını elan etdilər.

Bu dövlət təqiblərdən qaçan yəhudilər üçün təhlükəsiz sığınacaq, həmçinin yəhudilər üçün milli vətən kimi xidmət etmək üçün nəzərdə tutulmuşdu.

Yəhudi və ərəb silahlıları arasında döyüşlər aylar keçdikcə şiddətlənirdi və İsrail dövlətçiliyini elan etdikdən bir gün sonra beş ərəb ölkəsi ona qarşı hücuma keçdi.

Yüz minlərlə fələstinli “Əl Nəkbə” və ya “Fəlakət” adlandırdıqları hadisədən qaçdı və ya evlərini tərk etmək məcburiyyətində qaldı.

Növbəti il döyüşlər atəşkəslə başa çatdıqda, İsrail ərazinin çox hissəsini nəzarətdə saxladı.

İordaniya İordan çayının Qərb sahili kimi tanınan əraziləri, Misir isə Qəzzanı işğal etdi.

Qüds qərbdə İsrail qüvvələri ilə şərqdə İordaniya qüvvələri arasında bölündü.

Tərəflər arasında heç vaxt sülh sazişi olmadığından sonrakı onilliklərdə daha çox müharibə və döyüşlər baş verdi.

1967-ci ildəki müharibədə İsrail Şərqi Qüdsü və İordan çayının qərb sahilini, həmçinin Suriyanın Qolan təpələrinin çoxunu, Qəzzanı və Misirin Sinay yarımadasını işğal etdi.

Həmin müharibədən qaçan fələstinli qaçqınların əksəriyyəti və onların nəsilləri Qəzzada və İordan çayının qərb sahilində, eləcə də qonşu İordaniya, Suriya və Livanda yaşayır.

Nə onlara, nə də onların nəslinə İsrail öz evlərinə qayıtmağa icazə verməyib - İsrail deyir ki, bu, ölkəni alt-üst edəcək və onun bir yəhudi dövləti kimi mövcudluğunu təhdid edəcək.
İsrail hələ də İordan çayının qərb sahilini işğalda saxlayır və bütün Qüdsü onun paytaxtı elan edir, fələstinlilər isə Şərqi Qüdsü gələcək üçün ümid edilən Fələstin dövlətinin paytaxtı kimi tanıyırlar. ABŞ bu şəhəri İsrailin paytaxtı kimi tanıyan bir neçə ölkədən biridir.

Son 50 ildə İsrail hazırda 700 mindən çox yəhudinin yaşadığı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə qəsəbələr salıb.

İsrail bunu rədd etsə də, yeni salınan qəsəbələrdə məskunlaşma beynəlxalq hüquqa görə qeyri-qanuni hesab olunur - bu, BMT Təhlükəsizlik Şurasının və Böyük Britaniya hökumətinin mövqeyidir.
Qəzza zolağı nədir?

Qəzza İsrail dövləti və Aralıq dənizi arasında yerləşən, Misirlə qısa cənub sərhədi olan dar bir torpaq zolağıdır.

Cəmi 41 km uzunluğunda və 10 km enində, iki milyondan çox əhalisi olan və Yer kürəsində ən sıx məskunlaşmanın olduğu ərazilərdən biridir.

1948-49-cu illər müharibəsindən sonra Qəzza 19 il Misirin işğalında olub.

İsrail 1967-ci il müharibəsində Qəzzanı işğal edib və 2005-ci ilə qədər orada qalıb, bu müddət ərzində yəhudi qəsəbələri tikib.

İsrail 2005-ci ildə qoşunlarını və məskunlaşdırdığı əhalini geri çəkib, baxmayaraq ki, o, hava məkanına, ortaq sərhədə və dəniz sahilə nəzarəti saxlayır. BMT hələ də buranı İsrailin işğal etdiyi əraziləri hesab edir.
İsraillilərlə fələstinlilər arasında əsas problemlər hansılardır?
Hər iki tərəfin razılaşa bilmədiyi bir sıra məsələlər var.

Bunlara daxildir:

Fələstinli qaçqınların taleyi necə olmalıdır?
İşğal edilmiş İordan çayının qərb sahilindəki yəhudi məskənləri qalmalıdır, yoxsa sökülməlidir?
Qüds ikiyə bölünməlidirmi?
Və bəlkə də ən çətini, Fələstin dövləti yaradılmalıdırmı?
Bu problemlərin həlli üçün hansı səylər göstərilib?
İsrail-Fələstin sülh danışıqları 1990-cı və 2010-cu illər arasında zorakılıq alovlanmaları ilə müşahidə olunaraq və fasiləsiz aparılıb.

İlk günlərdə danışıqlar yolu ilə sülh əldə etmək mümkün görünürdü. Norveçdə aparılan bir sıra gizli danışıqlar Oslo sülh prosesi adlandı və 1993-cü ildə ABŞ Prezidenti Bill Clintonun sədrliyi ilə Ağ Evin həyətində keçirilən mərasimlə əbədi olaraq simvollaşdırıldı.

Bu tarixi anda fələstinlilər İsrail dövlətini tanıdılar və İsrail onun tarixi düşməni olan Fələstin Azadlıq Təşkilatını (FAT) Fələstin xalqının yeganə nümayəndəsi kimi tanıdı. Özünü idarə edən Fələstin Muxtariyyəti yaradıldı.

Çox keçmədi ki, müxalifət lideri Benyamin Netanyahu Oslonu İsrail üçün ölümcül təhlükə adlandırdı və brləcə, sülhdə çatlar yaranmağa başladı. İsraillilər yəhudiləri işğal etdikləri Fələstin ərazilərində yerləşdirmək layihəsini sürətləndirdilər. O günlərdə ortaya çıxan Fələstinin silahlı qrupu Həmas İsrailə insanları öldürmək və razılaşma şansını məhv etmək üçün kamikadzelər göndərdi.

1990-cı illərin əvvəllərində Oslo sazişləri imzalananda sülh mümkün görünürdü

İsraildə mühit eybəcərləşdi və 4 noyabr 1995-ci ildə İsrailin sülhə imza atmış Baş naziri Yitzhak Rabin bir yəhudi ekstremist tərəfindən öldürüldü.

2000-ci illərdə sülh prosesini canlandırmaq cəhdləri edildi, o cümlədən 2003-cü ildə dünya gücləri tərəfindən son məqsədi iki dövlətli həll olan yol xəritəsi hazırlandı, lakin bu heç vaxt həyata keçirilmədi.

Sülh səyləri nəhayət 2014-cü ildə, Washington-da israillilərlə fələstinlilər arasında danışıqların nəticəsiz qalması ilə dayandı.

Ən son sülh planı Donald Tramp Prezident olduğu zaman ABŞ tərəfindən hazırlandı, Baş nazir Netanyahu onu "əsrin müqaviləsi" adlandırdı, lakin plan fələstinlilər tərəfindən rədd edildi və heç vaxt qəbul olunmadı.

İsrail və Qəzza niyə indi müharibədədir?

Qəzza İsrailin məhv edilməsinə sadiq olan və Böyük Britaniya və bir çox başqa güclər tərəfindən terror qruplaşması kimi tanınan islamçı silahlı qrup Həmas tərəfindən idarə olunur.

Həmas 2006-cı ildə fələstinlilərin son seçkilərində qalib gəldi və növbəti ildə Qərb Sahilində yerləşən rəqibi Prezident Mahmud Abbasın FAT hərəkatını devirərək Qəzzaya nəzarəti ələ keçirdi.

O vaxtdan bəri Qəzzada yaraqlılar İsraillə bir neçə müharibə aparıblar, İsrail də Misirlə birlikdə Həması təcrid etmək və hücumları dayandırmaq üçün zolağı qismən mühasirəyə alıb, xüsusən də, İsrail şəhərlərinə qarşı, mülki və hərbi arasında fərq qoymadan olmadan raket atışlarını dayandırmağa çalışır.

Qəzzadakı fələstinlilər deyirlər ki, İsrailin qoyduğu məhdudiyyətlər və əhalinin sıx məskunlaşdığı ərazilərə hava zərbələri kollektiv cəzaya bərabərdir.

Bu il işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilər üçün rekord sayda ən ölümcül il olub. Onlar həmçinin israillilərə qarşı ölümcül hücumlara cavab olaraq orada həyata keçirilən məhdudiyyətlərdən və hərbi əməliyyatlardan şikayətlənirlər.

Bu gərginlik Həmasın son hücumunun səbəblərindən biri ola bilər.

Lakin yaraqlılar sadə fələstinlilər arasında populyarlıqlarını artırmağa, o cümlədən həbsxanalarda saxlanılan təxmini 4500 fələstinlinin bəzilərini azad etmək üçün İsrailə təzyiq göstərmək üçün girovlardan istifadə etməyə çalışmış ola bilər.

Hazırkı münaqişədə İsraili kim dəstəkləyir, kim dəstəkləmir?
ABŞ, Avropa Birliyi və digər Qərb ölkələri Həmasın İsrailə qarşı hücumlarını pisləyib.

İsrailin ən yaxın müttəfiqi olan ABŞ bu illər ərzində yəhudi dövlətinə 260 milyard dollardan çox hərbi və iqtisadi yardım edib və əlavə avadanlıq və sursat vəd edir.

O, həmçinin Aralıq dənizinin şərqinə bir təyyarə gəmisi, digər gəmilər və reaktiv təyyarələr göndərdiyini bildirib.

Rusiya və Çin Həması qınamaqdan imtina edib və münaqişədə hər iki tərəflə əlaqə saxladıqlarını bildiriblər.

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə sülhün olmamasında ABŞ siyasətini günahlandırıb.

Regional güc İran isə Həmasın, eləcə də İsrailin digər regional düşməni Livanın Hizbullah hərəkatının əsas dəstəkçisidir.

İranın bir neçə gün əvvəl hücumlara icazə verdiyi barədə xəbərlərdən sonra onun son hücumlardakı rolu ilə bağlı suallar verildi.

Bununla belə, Tehran hücumlarla hər hansı əlaqəsi olmasını təkzib edib.
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.