Moskva Qara dənizin tək hakimi olmaq istəyir
17-08-2016, 09:24
ABŞ-ın Ukraynadakı səfiri: “Krım həmişə Ukraynanın olub və belə də qalacaq”
İqtisadi çətinliklər içində boğulan Rusiya daxildə yarana biləcək hər cür təhlükəni önləmək üçün diqqəti özü tərəfindən yaradılan xarici münaqişələrə yönəldir. Xatırladaq ki, 2013-cü ilin sonları - 2014-cü ilin əvvəllərində Ukrayna daxilində baş verən qarışıqlıqdan istifadə edərək Rusiya qardaş saydığı dövlətin ərazisinə daxil olaraq, onun torpaqlarının bir hissəsini özbaşına ilhaq edib, digər hissələrini isə işğal altında saxlayır.
Moskva bütün postsovet ölkələrində olduğu kimi, öncə psevdo-dövlətlər yaradıb sonra onları qorumaq altında faktiki işğalçılıq siyasəti yürüdür. Rusiya Ukrayna ilə münaqişədə daha da irəli gedərək onun ərazisinin işğalını faktiki deyil, hüquqi yolla formalaşdırıb. Putin rejimi Krımda təşkil etdiyi yalançı referendumla başqa bir dövlətin ərazisinin hüquqi yolla ilhaqını rəsmiləşdirib. Lakin Rusiya gözəl başa düşür ki, Krımın işğalının təktərəfli olaraq legitimləşdirilməsi mümkün deyil.
Mədəni və demokratik dünya birliyi lap öncədən Rusiyanın bu hərəkətlərinə qarşı sərt mövqe sərgiləyib.
Rusiya ilə Ukrayna arasında elan edilməmiş müharibə Minsk razılaşmalarından sonra bir müddət susqunluq dövrünə girmişdi. Lakin bugünlərdə Rusiya Krımda Ukrayna hərbçilərinin törətmək istədiyi terror aktının qarşısını aldığını bəyan edib.
Vladimir Putin isə Ukraynanın Krımda terror həyata keçirdiyini bildirib. O, insidentlə bağlı bütün məsuliyyəti Ukraynanın radikallarının deyil, məhz dövlətin kəşfiyyat orqanlarının üzərinə yıxıb. Putin bəyan edib ki, tərəflər arasında münaqişənin nizamlanması üzrə Normand formatında danışıqlar aparmağın daha faydası yoxdur. Rusiya Xarici işlər Nazirliyinin Ukraynaya yönəlik təhdid dolu bəyanatında isə insidentlə bağlı əsas günahkar olaraq birbaşa Ukrayna prezidenti Pyotr Poroşenko göstərilib: “Əgər Ukraynanın Ali Baş Komandanı belə bir qərarın (guya Krımda diversiya hazırlığının -red.) hazırlanmasında iştirak edibsə, bu, onun sülh prosesinin qəbirqazanına çevrilməsi demək olacaq”.
Kremlin Kiyevə qarşı demarşına Qərbin mövqeyi kifayət qədər sərt olub. ABŞ-ın Ukraynadakı (Rusiya mətbuatı onu nifrətlə ABŞ-ın Kiyevdəki pro-konsulu, yəni canişini adlandırır - red.) səfiri Ceffri Payet bəyan edib ki, ABŞ hökuməti Ukraynanın Krıma müdaxilə həyata keçirməsi barədə Rusiyanın səsləndirdiyi ittihamları təsdiqləyəcək heç bir dəlilə rast gəlməyib. Səfir Krım Rusiya tərəfindən işğal olunan yer kimi dəyərləndirərək, ölkəsinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları, Krımın işğalı başa çatanadək davam edəcəyini söyləyib. “Krım həmişə Ukraynanın olub və belə də qalacaq”, deyə səfir bəyan edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Elizabet Trüdo da “Rusiya belə bəyanatlarla özünü Ukraynada yaratdığı əsas problemdən - Krımın işğalından və ölkənin şərq hissəsinin işğalı faktından yayındıra bilməz” deyib. NATO-nun Baş Qərargahında da Rusiyanın Kiyevin ünvanına səsləndirdiyi ittihamların tutarlı dəlili olmadığı qeyd edilib. NATO insidentlə bağlı bəyanatında Rusiyanın Krımdakı hərbi fəaliyyətinin gərginliyin azaldılmasına xidmət etmədiyi vurğulayaraq, Rusiyanı Krımın işğalını dayandırmağa çağırıb.
ABŞ vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətində Ukraynanı Rusiya ilə gərginliyin artırılmasından qaçmağa çağırıb. Onun sözlərinə görə, Vaşinqton Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpası üçün əlindən gələni edəcəkdir. Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Federik Mogerini də tərəfləri, xüsusilə Rusiyanı Minsk razılaşmalarına əməl etməyə çağırıb.
Görünür, Qərb dövlətlərindən ard-arda gələn açıqlamalar Ukrayna dövlətini əməlli-başlı ürəkləndirib. Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidentinin məlum insidentlə bağlı bəyanatının boş fantaziyalardan ibarət olduğunu söyləmişdi. Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov özünün facebook-dakı səhifəsində “Moskvaya təbliğat xarakterli ”sabun operalarını" daha yaxşı qurmaq üçün bir neçə yeşik sabun göndərməyi təklif edib.
Moskva və Kiyev arasında mübahisə, məsələ ilə əlaqədar toplanan BMT Təhlükəsizlik Şurasının iclasında da qızğın müzakirə edilib: “Hanı sübutlarınız, fotolarınız, video yazılarınız”, - deyə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko rusiyalı həmkarına səslənib. Ukraynanın ATƏT-dəki daimi nümayəndəsi Vladimir Aryevin “Kommersant” qəzetinə verdiyi açıqlamada “Münaqişənin danışıqlar yolu ilə həll edilməsinin mümkünsüzlüyünü söyləyən Ukrayna deyil, Rusiyadır”, - deyə bəyan edib.
“Kommersant”ın yazdığına görə, Qərb KİV-lərinin hadisə ilə bağlı narahat şərhlərinə rəğmən rəsmi məqamlar Rusiyanın Ukrayna üzərində hərbi hücum təşkil edə biləcəyinə inanmırlar. “İqtisadi problemləri də nəzərə alaraq, Moskva sanksiyaların ləğv ediləcəyinə ümid edərək Ukraynada hərbi hərəkətlərdən çəkinir”, - deyə “Nyu York Tayms” yazır.
Rusiya mətbuatının da etiraf etdiyi kimi, hər halda, Ukrayna Rusiyanın son insidentlə bağlı Kiyevə yönəlik tələbləri qarşısında əyilmədi. Krım insidenti isə Kiyev üçün münaqişənin kəskinləşməsi halında Qərbin reaksiyasını imtahan etmək üçün əla imkan oldu. Qərb KİV-lərində Rusiyanın Krım hadisəsi ilə bağlı versiyaları tamamilə puça çıxarılıb...
Ukrayna rəhbərliyi isə Moskvanı məsxərəyə qoyan açıqlamalar yaymaqda davam edir. Rusiya KİV-lərinin yazdığına görə, bundan başqa aydın oldu ki, hətta Rusiyanın Krımdakı hərbi və nəqliyyat infrastrukturuna qarşı hər cür akt Qərb tərəfindən qınanmaya məruz qalmayacaq. Hətta bu tip hadisələr Qərb tərəfindən Krımın “Rusiya işğalı”na qarşı müqavimət hərəkatı olaraq dəyərləndiriləcək. Rusiyanın bölgədə Kiyevə qarşı həmlələri isə Qərbin informasiya meydanında aqressiyaya hazırlıq və ya aqressiya aktı kimi qələmə veriləcək.
Belə olan halda Rusiya Ukrayna ilə münasibətlərdə danışıqlardan qaçan, münaqişəni gərginləşdirən, aqressiya yaradan tərəf olmaq riski ilə üz-üzə qalıb. Deyəsən, bunu Rusiyada da başa düşənlər tapılıb: “Kiyevlə münasibətlərin kəsilməsi Moskvaya qarşı yeni anti-Rusiya dalğasını yaradacaq. Onların məntiqi bundan ibarət olacaq ki, Rusiya danışıqlardan imtina etmək üçün diplomatik kanalları qəsdən bağlayır”, - deyə Rusiyanın beynəlxalq əlaqələr şurasının direktoru Andrey Kortunov “Kommersant”a açıqlamasında bildirir.
Rusiyanın Ukrayna ilə bağlı atdığı son addımlar bizi yenidən tarixə nəzər salmağa vadar edir. Çünki tarix nə qədər qəribə olsa da təkrarlanan təsadüflərlə doludur. 1853-cü ilin 21 fevralı. Həmin vaxtlarda Fransada yenicə dövlət çevrilişi həyata keçirilmiş, III Napoleon hakimiyyətə gəlmişdi. Rusiya Fransanın Avropada mövqelərinin zəiflədiyini düşünərək çoxdan arzuladığı addımı atmaq qərarına gəlir. İmperator I Nikolay böyük knyaginya Yelena Pavlovnanın evində təşkil edilən ziyafətdə Böyük Britaniyanın səfiri qraf Seymura yaxınlaşaraq onunla söhbət edir. Bu söhbət əsnasında imperator Türkiyənin xəstə adam olduğunu, sağalmasının mümkün olmadığını və onu öz aralarında bölməyi təklif edir.
Həmin vaxt dünyanın ən qüdrətli dövləti sayılan Böyük Britaniya olduqca sərt bir tərzdə buna qarşı çıxdı. Məsləhətçilərinin Qərbin etirazlarını nəzərə almadan müharibəyə başlamamaq barədə xəbərdarlıqlarına qulaq asmayan I Nikolay xarici işlər naziri, yunan əsilli qraf Nesselrodenin təhriki ilə Türkiyəyə qarşı hərbi əməliyyata başladı. Nəticədə Rusiyaya qarşı Qərbin aparıcı dövlətlərindən ibarət böyük bir koalisiya təşkil edildi. Daha sonra isə tarixə “Krım müharibəsi” kimi düşəcək hadisə baş verdi. Müharibə Rusiya üçün acınacaqlı sonluqla bitdi və Rusiya uzun müddət Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum oldu.
Maraqlıdır ki, Rusiya hazırda da Türkiyədə yeni baş verən hərbi çevriliş cəhdindən sonra onun zəiflədiyini düşünərək “xəstə”, deyə adlandırdığı başqa bir dövlətin üzərinə yeriyir. Rusiyanın “Krım hoqqa”sını məhz Türkiyə ilə münasibətləri normallaşdırdıqdan sonra çıxarması bu nöqteyi-nəzərdən qiymətləndirilə bilər.
Lakin unutmayaq ki, Türkiyə Qara dənizdə gerçək rəqibinin kim olduğunu çox gözəl anlayır və beynəlxalq münasibətlərdə, Anadolu türkcəsi ilə təbir etsək, “bu gün bana, yarın sana” prinsipini hamıdan yaxşı qavrayıb...musavat.com