Ermənistan sərhədə Naxçıvanda təxribat törətmək üçün silah yığıb? - VİDEO
3-04-2024, 11:38
Ermənilərin Naxçıvan istiqamətindən Ordumuzun mövqelərini atəşə tutmaqla növbəti təxribat törətməsi heç də gözlənilməz olmayıb. Bunu bir neçə gün əvvəl Ermənistanın şərti sərhədə qoşun yığaraq hücum xarakterli dayaq nöqtələri yaratdığına dair mediada yayılan məlumatların məntiqi davamı kimi də qiymətləndirmək mümkündür.
Halbuki Avropa İttifaqının bu ölkədəki müşahidə missiyası İrəvanın hücum planı hazırlaması, sərhədə hərbi texnika toplaması ilə bağlı yayılan məlumatları təkzib edib.
Hətta bildirilib ki, bölgədə heç bir hərəkətlilik yoxdur. Avropa İttifaqının müşahidə missiyası, demək olar ki, Naxçıvan boyunca da fəaliyyət göstərir. Amma “mülki missiya” adı altında bu “fəaliyyət” nədənsə şərti sərhəddə hiss edilmir. Hansı ki, məramı və məqsədi qarşılıqlı etimad mühitinə, delimitasiya və demarkasiya komissiyalarının işinə dəstək olmaq idi.
Belə olan halda avropalı müşahidəçilər Ermənistanın təxribatına niyə göz yumurlar?
Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, bu, Avropa İttifaqının hərbiləşmiş missiyasının bölgədə növbəti dəfə ifşa olunmasıdır:
“Mülki missiya atəşkəsin pozulmasını qeydə almalıdır. Amma biz Avropa İttifaqının mülki missiyasının konkret bir cəbhə üzrə işlədiyini və nəinki bölgədə sabitliyin monitorinqini apardığını, əksinə, sülhə təhdid yaradan bir qüvvə kimi çıxış etdiyini görürük. Naxçıvandakı təxribatlarla bağlı Avropa İttifaqının “müllki missiyası”nın bəyanatları haradadır?! Onlar Ermənistan tərəfindən bu təxribatlar törədildiyinə görə görməzlikdən gəlir. Əslində, onların məqsədi bölgədə yenidən münaqişə ocağı formalaşdırmaqdır”.
Daha ətraflı Baku TV-nin süjetində: