Məktəb həyətində villa tikməyə icazəni İbrahim Mehdiyev verib? – ARAŞDIRMA
17-08-2016, 19:01
Zaməddin Əkbərov: “Yəqin, o vaxtkı Xətai RİH rəhbərliyinin bundan xəbəri olub”
Xətai rayonu ərazisində yerləşən məktəbin ərazisi zəbt edilərək, villalar tikilib. Məktəb rəhbərliyi deyir ki, tikinti işləri onlardan əvvəlki dönəmə təsadüf edir. Villaların sahibləri isə İcra Hakimiyyətindən icazə alaraq ev tikdiklərini söyləyirlər.
Söhbət Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində yerləşən 263 saylı tam orta məktəbdən gedir. Əvvəlcə onu qeyd edək ki, Xətai rayonu ərazisində bu problemlə üz-üzə qalan məktəblərin sayı heç də az deyil. Bir müddət əvvəl rayonun 171 və 269 nömrəli məktəblərinin də ərazisinin tikinti şirkətləri tərəfindən zəbt edilməsi, məktəb stadionlarının ərazisində çoxmərtəbəli binaların tikilməsi haqda məlumat vermişdik. 263 nömrəli məktəbin ərazisi isə tikinti şirkətləri tərəfindən yox, fərdi yaşayış evləri tikən şəxslər tərəfindən zəbt edilib. Bu proses də İcra Hakimiyyətinin icazəsi ilə baş tutub.
Məktəb direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) Hüsniyyə Məmmədova musavat.com-a danışarkən deyib ki, təhsil ocağının ərazisinin zəbt edilməsi prosesi 8-9 il əvvəl başlayıb. H.Məmmədovanın sözlərinə görə, məktəbin köhnə hasarlarının yerində indi fərdi yaşayış evləri tikilib: “Məktəb direktoru 2012-ci ildən bura təyinat alıb. Elə biz də həmin vaxtdan burada çalışırıq. Bu tikinti işləri isə təxminən 10 il əvvəl həyata keçirilib. Məktəbin ərazisi tikilən evlərin arxasından olmalıdır. Ancaq həmin hasarlar sökülüb. İndi həmin hasarların yerində bu evlər tikilib”.
Təsərrüfat müdiri deyir ki, məktəbin əsaslı təmirindən sonra yeni hasar tikilib. Bu da məktəb ərazisinin zəbt edilməsinin qarşısını alıb: “Məktəb əsaslı təmir edilərkən hasarı da yenidən çəkildi. Bu da məktəb ərazisinin zəbt edilməsinin qarşısını alıb”.
Məktəbin ərazisinə, təhlükəsizliyinə nəzarət etməyin çətin olduğunu deyən H.Məmmədova bunun üçün çox ciddi cəhdlərlə çalışdıqlarını deyir: “Məktəb binaların arasındadır. Axşamlar bura gəzmək üçün gələn insanlar çox olur. Ətrafda park, istirahət yerləri yoxdur. İnsanlar da məcbur bura gəlir. Ancaq biz də məktəbi qorumaq, təhlükəsizliyi təmin etmək üçün qapıları bağlamaq məcburiyyətində qalmışıq. Dərs saatı başa çatan kimi həyət qapılarını bağlayırıq. Çünki məktəbin həyətinə gələn uşaqlar məktəb şüşələrini daşla sındırırlar, divarları yazırlar. İndi məktəbdə nəzarət kameraları da var. Həmçinin məktəbdə 24 saat nəzarətçi olur”.
Təhsil ocağının həyətində ev tikən sakinlərdən biri ilə də söhbət etdik. O, məktəb ərazisini zəbt etdiklərini sonradan öyrəndiklərini deyir: “Biz evi 9 il əvvəl tikmişik. İcra Hakimiyyətindən icazəmiz var. Siz də bilirsiniz ki, icazəsiz daşı daş üstünə qoymaq olmaz. Biz bu ərazini alanda məktəbin həyəti olduğunu bilmirdik. Bizim uşaqlarımız da bu məktəbdə oxuyur. İndi satıblar, biz də almışıq. Olan olub, keçən keçib. Alanda demədilər ki, bura məktəbin ərazisidir. Bizə “kupça” belə, təqdim edilib”. Qeyd edək ki, 1981-ci ildən fəaliyyət göstərən məktəbdə 1400 şagird təhsil alır. Məktəb üçün əlavə binanın tikilməsinə də ehtiyac var. Ətrafda yeni yaşayış binalarının tikilməsi, əhalinin sayının artması buna zərurət yaradır (musavat.com).
Biz də Qafqaz Xəbər Agentliyi olaraq bu məsələnin araşdırılması üçün əvvəlcə qeyd olunan villanın tikintisi olan vaxtlarda Xətai rayon icra hakimiytində memar işləmiş Vadim Surxayevlə əlaqə saxladıq və bu hadisəni xatırlatdıq. Xətai rayonunun sabiq memarına xatırlatdıq ki, vətəndaşlar villanı qanuni sənədlərlə tikdiklərini deyir. Vadim Surxayev isə belə reaksiya verdi: “Əlbətdə qanuni tikilir, istənilən ərazidə qaununsuz heç nə tikmək olmaz axı”.
“Əgər qanunidirsə, bəs onda necə olub ki, məktəbin həyətində villa tikilməyə icazə verilib?” – deyə soruşduq. “Bunu həmin dövrdə məktəbdə işləyən direktordan soruşun, necə olub ki sənin ərazində villa tikməyə kimsə icazə verir?” – deyə Vadim Surxayev sualla çıxış etdi. “Məktəb direktoru deyir ki, icra hakimiyyəti icazə verib”, – deyə xatırlatdıq.
“Məktəb Bakı Şəhər Təhsil İdarəsinindir, torpaq da Bakı Şəhər İcra hakimiyətinindir”, – deyə memar Qafqaznews.az-a bildirdi. “Xətai rayonunda olan torpaq Bakı şəhər icra hakimiyətnin balansındadır?”- deyə müxbirimiz soruşdu.
“Bakı şəhərində olan torpaqlar kimin istifadəsindədir? Kimin balansındadır? Bəs, şəhərin bir yiyəsi var da… o da Bakı Şəhər İcra Hakimiyyətidir”, – deyə Xətai RİH-in sabiq baş memarı bizə cavab verdi. “Onda bu villanın tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verib?” – Qafqaznews.az-ın əməkdaşı maraqlandı. “Sən mənimlə oyun oynayırsan? Xahiş edirəm, bir də mənə zəng etməyin” – deyə Vadim Surxayev dəstəyi asdı.
Biz bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Əlabbas Bağırov ilə əlaqə saxladıq. “Bakı şəhərində yerləşən məktəblərin əraziləri Bakı Şəhər İcra Hakimiyyətinə tabedir, yoxsa, rayon icra hakimiyətlərinə tabedir?” – deyə dəqiqləşdirmək istədik. “Onlar yerli icra hakimiyyətlərinə tabedir, rayon ərazisində olan məktəblərin Bakı ŞİH-ə nə dəxli var? Məktəb ərazisində gedən tikintiyə də, söküntüyə də RİH-lər cavabdehdir” – deyə Əlabbas BağırovQafqaznews.az-a cavab verdi.
Qafqaznews.az Xətai RİH başçısının müavini Zaməddin Əkbərov ilə əlaqə saxladı. “Mən neçə illərdir burda işləyirəm, o tikililəri orda görmüşəm” – deyə Zaməddin Əkbərov Qafqaznews.az-a bildirdi.
“Onlar qanuni şəkildə tikilib?” sualına Zammədin Əkbərov belə cavab verdi: “Bilmirəm, araşdırmaq lazımdır, yəqin ki, belə tikinti aparırlarsa, sənədi var”. “Axı ora məktəbin ərazisidir, ona necə olub icazə verilib?” – deyə soruşduq. “Bilmirəm bunu araşdırmaq lazımdır” – deyə Z.Əkbərov vurğuladı. “Bəs bu bir neçə ildə araşdırılmayıb ki?” – deyə dəqiqləşdirmək istədik.
“Bu sahəyə baxanlar var da… mən araşdırmamışam, baxmamışam, ona görə deyirəm ki, araşdıraram, sonra deyərəm” – deyə Xətai RİH başçısının müavini cavab verdi. “Necə olub ki bu neçə ildə araşdırılmayıb?” – deyə Qafqaznews.az bir daha soruşdu. “Mən bilmirəm, bəlkə də araşdırılıb, ona görə deyirəm ki, tapşırıq verərəm, araşdırıb deyərlər” – deyə Zaməddin Əkbərov bildirdi.
“Bu məsələ əvvəlki RİH başçısı İbrahim Mehdiyevin dövründə olub?” – deyə soruşduqda, həmsöhbətimiz bildirdi: “Mən bunu deyə bilmərəm, çünki bilmirəm, hansının sənədi nə vaxta aiddir”. “Vətəndaşlar deyir ki, 10 il əvvəl olub və bu, 2006-cı ilə təsadüf edir”, – deyə aydınlıq gətirdik.
Zaməddin Əkbərov isə Qafqaznews.az-a bildirdi ki, məktəb həyətində tikinti gedibsə, yəqin ki, o vaxtkı RİH rəhbərliyinin məlumatı olub. Həmçinin, Zaməddin Əkbərov əlavə etdi ki, 2000-2006-cı illər arasında Xətai rayonuna hazırda Yasamal RİH başçısı olan İbrahim Mehdiyev rəhbərlik edib.
Araşdırmamız davam edir…