Məzarlıqda "müasirləşmə"nin kodu... Başdaşındakı QR o tərəfdəki "sorğu"nun nəticəsini dəyişmir
5-04-2024, 10:56
Kürdəxanı və Pirşağı qəsəbəsi arasında qəbirstanlıq / Foto: İradə Cəlilova, Bizimyol.info
Hər sahədə olduğu kimi, artıq qəbristanlıqlarımızda, daha aydın desək, ölülərimiz arasında da "müasirləşmə" gedir. Texnologiya artıq "o dünya"nı da öz "nəzarət"inə keçirir. Sosial şəbəkələrdə yayılmış bir videoda məzar daşının üzərinə QR kodu əlavə olunduğu əks olunur. Əgər kimsə bu məzarlıqda yatan mərhumun kimliyini öyrənmək istəyirsə, QR kodu oxutması yetərlidir. Beləliklə, rəhmətliyin həyatda ikən nə işlə məşğul olduğu, necə bir həyat keçirdiyi, sevdiyi yeməklərdən nifrət etdiyi insanlara, yazdığı statuslardan paylaşdığı video və fotolara kimi hər bir şeyi detallıca öyrənə bilirsiniz. Olduqca maraqlı yanaşma və qeyri-adi, müsəlman dünyası üçün bəlkə də "reformist" sayıla biləcək addımlardan biridir.
Bəs İslam dini bu haqda nə deyir? İslamda məzar və məzarlıq necə olmalıdır?
Bu yöndə kiçik bir araşdırma aparsaq, görərik ki, İslam dinində, ümumiyyətlə, görkəmli qəbrlərin salınması, bahalı daşlardan istifadə edilməsi, iri sərdabələrin tikilməsi bəyənilmir. Məzar olduqca sadə və göstərişsiz olmalıdır. Onun hündürlüyü bir qarışdan bir az artıq ola bilər. Bu da ona görədir ki, kənardan keçənlər burada bir məzarın olduğunu fərqinə varıb, üzərinə basmasınlar. Daha sonra həmin məzarlar illər keçdikcə yerin səthi ilə eyni ölçüyə düşüb, itməlidir. Yəni insan torpağa qarışır, bununla da qəbr bir müddət sonra öz varlığını itirir. Bu da ideoloji nöqteyi-nəzərdən insanın fani olduğunu, qazandığı maddi sərvətin, şan-şöhrətin əbədiyyən özü ilə qalmayacağını, nə zamansa unudulub gedəcəyini işarə edən göstəricilərdən biridir. Yekunlaşdırsaq, bir mənada deyə bilərik ki, İslam dini məzarların unudulub getməsinin tərəfdarıdır, onun illər keçdikcə daha da böyüdülüb, gözəlləşdirilməsinin yox.
...Ancaq günümüzdə insanlar bununla barışmaq istəmirlər. Unudulub getmək, torpağa qarışmaq bizə çox uzaq, mümkünsüz gəlir. Əbədi olduğumuzu düşünür, elə zənn edirik ki, atdığımız hər addım, etdiyimiz hər əməl mütləq tarixə yazılmalı, ora yazıla bilməsə də, mütləq kimlərsə gəlib, bizi QR kodla tanımalıdır. Məzarda belə diqqət çəkməyə, haqqımızda rəy bildirilməsinə möhtacıq. Necə bir aləmə "inteqrasiya" olunduğumuzu bilmirik. Hələ də gözümüz arxada qalır, məzarda cansız yatarkən yenə də kimlərinsə haqqımızdakı fikirləri bizə maraqlı gəlir.
İnsanı yaşadığı bu dünyada bədbəxt edən əsas reallıqlardan biri də digər insanların rəyləri deyilmi? Yaşadığımız 40-50 illik ömrün nə qədərini öz düşüncəmizə görə, nə qədərini başqalarının fikrinə görə yaşayırıq? Maraqlı və cavabını da ancaq özümüzün biləcəyimiz sualdır.
Həqiqəti bilmək istəyirsinizsə, deyək: yaşadığımız həyat kimlərinsə fikirləri ilə yönləndiriləcək qədər uzun deyil və yaşadığınız həyat özünüzdən başqa heç kimə maraqlı deyil. Hər kəsin başının özünə qarışdığı süni intellekt dövründə yaxınlarınıza bir də əlavə xərc çıxarıb, məzarlarınıza QR kod yazdırmayın. Bu, o biri tərəfdə nəticəni dəyişməyəcək.
Mətin Şükürlü, Bizimyol.info