“Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin apellyasiya şikayəti təmin edilməyib

11-04-2024, 11:04           
“Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin apellyasiya şikayəti təmin edilməyib
Aprelin 9-da Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə “Abzas Media işi” üzrə həbs edilən jurnalistlər və onların ailə üzvlərinin xarici bank məlumatlarının əldə edilməsindən verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçiləri bildirib.

Məlumata görə, martın 27-də Xətai Rayon Məhkəməsi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Toğrul Hüseynovun vəsatəti əsasında Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyevin təqdimatına baxıb, təmin edib.

Müdafiə tərəfi bu təqdimatı qanunsuz və əsassız hesab edir.

Məhkəmə müdafiə tərəfin apellyasiya şikayətini təmin etməyib.

Öz növbəsində Abzas Media qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyilə keçirilən prosesdə ittiham tərəfinin iştirak etməməsi gərginlik yaradıb.

Media bildirir ki, Penitensiar Xidmətin əməkdaşları hakimin göstərişini xüsusi zorakılıq göstərərək icra edib və jurnalistləri zaldan çıxarıb.

Bununla bağlı Bakı Apellyasiya məhkəməsindən və Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Bundan əlavə aprelin 9-da müstəqil jurnalist İsmayıl Tağıyev Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib.

Jurnalist 3 saata yaxın polis idarəsində olub və "Abzas Media işi" ilə bağlı dindirildiyini bildirib.

O qeyd edib ki, suallar ümumi xarakter daşıyıb. Tağıyev istintaq sirrini açıqlamamaq öhdəliyi götürdüyü üçün təfərrüatlar barədə danışmayıb.

Xatırlatma

Fevralın 28-də "AbzasMedia" işi ilə bağlı həbs olunan jurnalist Nərgiz Absalamova barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb. Martın 7-də isə həmin iş üzrə həbsdə olan jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın da həbsdə saxlanma müddəti 3 ay artırılıb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.