Alman kəşfiyyatı terror təhlükəsinin artacağı barədə xəbərdarlıq etdi
24-04-2024, 09:14
Almaniyanın əks-kəşfiyyatı xəbərdarlıq edir ki, beynəlxalq böhranlar fonunda ölkədə terror hücumları təhlükəsi və antisemitizm artıb.
"DogruXeber.az" DW-yə istinadən xəbər verir ki, müvafiq xəbərdarlıq Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə (BfV) tərəfindən verilib.
İdarə Yaxın Şərq münaqişəsinin gərginləşməsi və təxribat planlaşdıran Rusiya Federasiyasının hərəkətləri səbəbindən Almaniyada təhlükəsizlik vəziyyətinin gərginləşməsi barədə xəbərdarlıq edib.
"Daxildə və xaricdə dağıdıcı qüvvələr demokratiyamızı və dövlətimizin stabilliyini pozmaq üçün fəal işləyirlər, eyni zamanda, onlar bütün mümkün vasitələrdən istifadə edirlər: casusluq və kiberhücumlar, artan təsir və dezinformasiya, yayılma (nüvə və raket texnologiyalarının - red.) və təxribat, həmçinin dövlət terrorizmi”, - Almaniya xüsusi xidmət orqanının rəhbəri Tomas Haldenvanq bildirib.
Onun sözlərinə görə, beynəlxalq böhranlar Almaniyaya birbaşa təsir edir. BfV indi müxtəlif sahələrdə "uzun illərdir və bəlkə də qurumun tarixində heç vaxt görülməmiş" belə əhəmiyyətli sayda insidentlə məşğul olur.
Ətraflı
Kəşfiyyat xidməti xarici dövlətlərin təxribat riskini "əhəmiyyətli dərəcədə artıb” kimi qiymətləndirir. Haldenvanqın fikrincə, Rusiya Ukraynaya qarşı müharibəsinin gedişatına reaksiya olaraq Almaniyada təxribat törədə bilər.
O, həmçinin Almaniyanın bəzi federal torpaqlarında Avropa Parlamentinə seçkilər və regional seçkilər ərəfəsində Rusiyanın səsvermənin nəticələrinə təsir göstərməyə çalışacağını istisna etməyib.
Eyni zamanda, o əlavə edib ki, Moskva cəmiyyəti parçalamağa və sağ cinahda qüvvələri gücləndirməyə çalışır. Bunun fonunda BfV rəhbəri ötən həftə Almaniyanın Ukraynaya dəstəyinə qarşı təxribat törətmək üçün potensial hədəflər axtarmaqda şübhəli bilinən iki rus əsilli almanın saxlanmasını xatırladıb.
Xatırladaq ki, bir gün əvvəl Almaniyada Çin məxfi xidmətinə hərbi texnologiyalar haqqında məlumat ötürə bilən üç casus həbs edilib.