Hüquq müdafiəçisi Anar Məmmədli 4 ayadək həbs olundu TƏFƏRRÜAT

1-05-2024, 08:24           
Çərşənbə axşamı Bakının Xətail rayon məhkəməsində hüquq müdafiəçisi Anar Məmmədli 3 ay 28 günlük haqqında həbs-qətimkan imkan tədbiri seçilib, onun vəkili deyir.

Vəkili Elmar Süleymanov BBC-yə deyib ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ittihamı qəbul etmir.

Ona Cinayət Məcəlləsinin "qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə" maddəsi ilə ittiham elan edilib.

Son aylarda bəzi jurnalistlər və fəallar qaçaqmalçılıq maddəsi ilə həbs olunub. Onlar bu ittihamı rədd edərək peşə fəaliyyətlərinə görə saxlandıqlarını bildiriblər.

Anar Məmmədli ABŞ dövlət katibi Anthony Blinken-in Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında "Azərbaycanda ədalətsiz olaraq həbs edilən şəxsləri azad etməyə" çağırmasından bir gün sonra saxlanılıb.

Anar Məmmədli 2014-cü ildə həbsdə ikən AŞPA-nın Vatslav Havel adına İnsan Hüquqları Mükafatına layiq görülüb.

Elmar Süleymanovun sözlərinə görə, Anar Məmmədli təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub, amma o özünü təqsirli bilmir.

Anar Məmmədli aprelin 29-da saxlanıb. DİN-dən BBC-yə yalnız onu deyiblər ki, onun barəsində araşdırma aparılır.

Hüquq müdafiəçisi saxlanarkən onun və atasının evində axtarış aparılıb, yaxınları mediaya deyiblər.

Anar Məmmədlinin bacısı Şəfa Məmmədli deyib ki, polis ötən gün Anar Məmmədlinin və atasının evində paralel axtarış aparıb və bəzi sənədləri, şəxsi əşyaları götürüb.

Anar Məmmədlinin saxlanmasından sonra bəzi beynəlxalq təşkilatları bundan narahat olduqlarını bildiriblər.

Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin sədri Frank Schwabe Anar Məmmədlinin saxlanmasını pisləyib və deyib ki, "Azərbaycanın Parlament Assambleyasına geriyə qayıtmasının yolu yoxdur. Nə indi, nə də yanvarda".

Yanvar ayında AŞPA-da əsasən insan haqlarının vəziyyətinə görə Azərbaycanın mandatı təsdiqlənməyib.

Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld X platformasındakı hesabında Anar Məmmədlinin həbsindən narahatlığını ifadə edib.
Bundan başqa, ABŞ Dövlət Departamenti, ABŞ-ın Azərbaycandakı səfirliyi, Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı, BMT-nin İnsan Hüquqları Müdafiəçiləri üzrə Xüsusi Məruzəçisi Mary Lawlor, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano Anar Məmmədlinin saxlanmasından narahatlığını bildirib.

Human Rights Watch-un Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Rachel Denber “X” platformasındakı hesabında yazıb ki, Azərbaycan hakimiyyəti qarşıdan gələn COP29-a ev sahibliyi etməyə hazırlaşarkən jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarını ard-arda həbs edib.

Rəsmi Bakı bu son bəyanatlara hələ reaksiya verməyib.

Prezident İlham Əliyev Almaniyada keçirdiyi son mətbuat konfransında media təmsilçilərinin həbsi ilə bağlı sualı cavablandırarkən deyib ki, onlar "qanunvericiliyə uyğun" saxlanıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.