Jurnalistin ATV-yə qarşı iddiası təmin edilmədi, “Qafqazinfo” ilə məhkəməsi davam edir

2-05-2024, 09:46           
Jurnalistin ATV-yə qarşı iddiası təmin edilmədi, “Qafqazinfo” ilə məhkəməsi davam edir
Aprelin 30-da Bakının Səbail Rayon Məhkəməsində “Turan” Agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalının ATV telekanalına qarşı iddiası üzrə proses başa çatıb.

Jurnalistin iddiası təmin edilməyib.

İddia dekabrın 28-də telekanalın xəbərlərində Babalının ünvanına səslənən fikirlərlə bağlı verilib.

İddiaçı hesab edir ki, telekanal jurnalistin şərəf və ləyaqətinə xələl gətirən böhtan və təhqir xarakterli fikirlər səsləndirib.

Xüsusən, ATV “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının xarici fondlarla əlaqələr qurduğunu və qrant layihələri əsasında araşdırmalar apardığını və məqalələr hazırladığını bildirib.

Jurnalistin iddia ərizəsində deyilir ki, onun araşdırmaları xarici donorların sifarişi deyil, jurnalist fəaliyyətinin bir hissəsi olub.

Bundan başqa, araşdırmalar və dərc olunan məqalələrlə bağlı heç kim iddia irəli sürməyib, bu məqalələrdəki məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib olunmayıb və ya məhkəmədə mübahisələndirilməyib.

Babalı barəsində səslənən fikirlərin təkzib olunmasını, ondan üzr istənilməsini və 20 000 manat məbləğində təzminat ödənilməsini və məhkəmə xərclərinin ödənilməsini tələb edir.

Vəkil Rəsul Cəfərov bildirib ki, ATV-nin nümayəndəsi məhkəmədə deyib ki, material “Qafqazinfo.az” saytından götürülüb və telekanal məsuliyyət daşımır.

Vəkilin sözlərinə görə, cavabdehin KİV-in başqası tərəfindən yayılmış məlumatın yayılmasına görə məsuliyyət daşımadığı haqqında “Media haqqında” Qanunun 77-ci maddəsinə istinadı əsassızdır.

“Həmin maddəyə əsasən, dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi olaraq yayılan, informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılan, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilən məlumatlar yayıldığı hallarda KİV məsuliyyətdən azad edilir. Bu halda isə 77-ci maddə yersizdir, belə ki, “Qafqazinfo.az” informasiya agentliyi deyil, internet-qəzetdir. Lakin məhkəmə iddianı təmin etməyib”, – Cəfərov bildirib.

Məhkəmə Babalının özünün iclasda iştirakını təmin etməyib.

7 may və 13 may tarixlərində “Qafqazinfo.az” və “İki sahil” qəzetinə qarşı bənzər iddialara baxılacaq.

Hafiz Babalı “Abzas Media”nın işi üzrə həbsdədir.

Jurnalist ona qarşı irəli sürülən qaçaqmalçılıq ittihamını rədd edir.
/aztoday.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.