Belçikada anası da daxil olmaqla 10-dan çox adamı öldürən keşişlə bağlı yeni qərar

4-05-2024, 15:14           
Belçikada anası da daxil olmaqla 10-dan çox adamı öldürən keşişlə bağlı yeni qərar
Belçikada anası da daxil olmaqla 10-dan çox adamı qətlə yetirməkdə təqsirli bilinən keşiş İvo Poppe 27 il deyil, 6 il həbsdə yataraq səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılıb.

Qeyd olunur ki, məhkəmə 2018-ci il fevralın 1-də məhkum olunmuş həmin vaxt 61 yaşı olan Poppeni həbsxanada həbs edildiyi zaman əziyyət çəkdiyi prostat vəzi xərçəngindən adekvat müalicə ala bilmədiyinə görə azadlığa buraxmağa qərar verib. O, artıq 27 illik cəzasının 6 il 3 ayını çəkərək həyat yoldaşının müşayiəti ilə həbsxanadan çıxıb.

İvo Poppenin məhkəməsi dörd ildən çox davam edib.

2013-cü ilin sonunda Belçikanın qərbindəki Vevelgem şəhərindəki kilsənin keşişi ilə bağlı faktlar üzə çıxıb. O, Menendəki Sint Yoris xəstəxanasında tibb qardaşı vəzifəsində işləyərkən psixiatra onlarla insana evtanaziya etdiyi barədə danışıb. Poppe bunu digər üsullarla yanaşı, damara böyük miqdarda hava buraxmaqla edib. O etiraf edib ki, həmin anlarda keçirdiyi üstünlük hissi onu insanları öldürməyə sövq edib.

Kortreyk şəhər məhkəməsi onu 2014-cü ildə silsilə qətllərdə şübhəli bilərək həbs edib.
Məhkəmə prosesi 2018-ci ildə başa çatıb, Brugge şəhər məhkəməsi onu anası, ögey atası, 2 qohumu və bir neçə xəstəxana xəstəsi də daxil olmaqla 10-dan çox adamı öldürməkdə təqsirli bilib. O, bu qətlləri 1978-ci ildən 2011-ci ilə kimi 30 ildən artıq bir müddət ərzində törədib. Bir sıra hallarda onun günahını sübut etmək mümkün olmayıb.

Onun azadlığa buraxılması ilə bağlı məhkəmə qərarına əsasən, o, yaşayış yerini dəyişməməli və polis nəzarətində olmalıdır.

Mənbə: De Standaard












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.