Tam versiya

Azərbaycanda hədəfsiz cəmiyyət formalaşır
BÖLÜM : Araşdırma
YAYIM TARİXİ : 24 may 2024 00:02
Azərbaycanda hədəfsiz cəmiyyət formalaşır
Təkcə dövlətin deyil, cəmiyyətin də hədəfləri müəyyən edilməlidir. Cəmiyyət öz-özlüyündə bu hədəfləri müəyyənləşdirmək iradəsinə sahib deyil. İnsanlara yön, istiqamət verilməlidir. Məhz bundan sonra cəmiyyətin hara getməli olduğunu ictimai şüurda nümayiş etdirmək və hədəflər müəyyənləşdirmək mümkündür.
Siyasi müzakirələri dini-təriqətlərarası aqressiv müzakirələr əvəzləyib
Birinci amil: Ölkədə siyasi rəqabət mühiti tamamilə sıfırlanıb, siyasi müzakirələr yoxdur, bütün siyasi partiyalar iflic olub, cəmiyyətdə siyasi fiqurlara qarşı bərpası mümkünsüz etimadsızlıq formalaşıb. Dərin boşluq yaranıb. Məhz bu boşluqda dövlət və cəmiyyət özü üçün ayrı-ayrı “hədəflər” müəyyən edib:
A) cəmiyyətdə siyasi müzakirələri dini-təriqətlərarası müzakirələr əvəzləyib. Cəmiyyətdə aqressiv “dindarlaşma” prosesi başlayıb. 20 il əvvəl cəmiyyətdə siyasi fikirlərə görə parçalanma (daha doğrusu, rəqabət) var idisə, bu gün cəmiyyət dini görüşlərinə görə iki hissəyə haçalanmağa hamilədir. İslam siyasiləşməkdədir.
B) dövlət texnoloji dili və biznes metodologiyasını önə çəkib. Müzakirələr bu yöndədir: dizayn, imaging (şəkilləndirmə), climate (iqlim), forum, cultural reflexes (mədəni tədbirlərin təşkili), iqtisadi layihələr və s.
Cəmiyyət dövlətə “uduzur”, ayaqlaşa bilmir. Ümumiyyətlə, bu, baş verməlidirmi? Dövlət cəmiyyəti ardınca aparmalıdır.
Dövlət iqtisadiyyat resursları üzərindən inkişaf ideologiyasını işləyir. Bəs, cəmiyyət? Hazırda xalq hansı ənənəvi və yaxud yeni və fundamental ideologiyanın daşıyıcısıdır?
İdeoloji sahə tormozlanıb. Hər şey pul qazanmağa, layihələr qazanmağa hesablanıb. İdeologiya yoxdurmu? Var – Azərbaycançılıq!
Mən təklif edirəm ki, Azərbyacan hökumətinin üzvləri Prezident İlham Əliyevin 14 fevral 2024-cü il tarixli inaqurasiya nitqini oxusunlar. Bu nitq cəmiyyətdə sağlam hədəflərin müyyənləşdirilməsi və ictimai şüura oturması üçün fundamental material verir. İ.Əliyev dövlət başçısıdır və onun işlətdiyi heç bir ifadə təsadüfi deyil, dəqiq koordinatlara hesablanmış ifadələrdir. Prezidentin fikirləri təkcə Azərbaycanda deyil, bütün dünyada xüsusi həssaslıqla izlənilir – müxtəlif dövlət başçıları, təşkilatlar həmin ifadələri analiz edirlər. Bəs, bizim məmurlar bu analizləri aparırlarmı? Heç şübhəsiz, bir gün bu çıxışlarda qaldırılan məsələlərlə bağlı real hesabatlar tələb olunacaq. Kim, necə cavab verəcək, bunu zaman göstərəcək.
Problemlərin plasdarmı…
Cəmiyyətdə hədəflər yaratmağa, sağlam ideoloji əsaslar formalaşdırmağa mane olan əsas və “betonlaşmış” problemlər mövcudur:
1. Narkomaniya və narkotik maddələrin satışı (genefondu məhv edilən, şikəst xalq ideologiya daşıyıcısı ola və mili-mənəvi, mental dəyərlərinə sahib çıxa bilməz və s.). Paralel olaraq, cinayətkarlığın səviyyəsi artır, törəmə cinayətlər meydana gəlir.
2. Məhkəmə sistemindəki kökü nöqsanlar – (ədaləti dövlət qurumlarında və məhkəmələrdə tapa bilməyən insanlar kriminal qrupların rəhbərlərinə üz tutaraq problemlərini bu şəkildə həll etməyə məcburdur və s.)
3. Sosial problemlər – (Təcrübə göstərir ki, sosial problemlər çoxaldıqca, insanlar kənar qüvvələrin təsiri altına daha tez düşə bilirlər)
Ölkədə ailə institutlarının total hücumlara məruz qalması və fahişəliyin düşünülmüş təbliğatı – arealının şiddətli şəkildə genişlənməsi spontan risklər vəd edir.
Müəllif: Samir Feyruzov