Qərbi Azərbaycan Xronikası: "Kameral təsvirlərdə məşhur azərbaycanlılar haqqında məlumatlar var"

2-07-2024, 16:44           
Qərbi Azərbaycan Xronikası: "Kameral təsvirlərdə məşhur azərbaycanlılar haqqında məlumatlar var"
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə doktoru, tədqiqatçı-alim Nazir Əhmədli olub.

O, doğulub boya-başa çatdığı Dərələyəz mahalının Paşalı rayonunun Gabud kəndindən söhbət açıb. Qeyd edib ki, məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen səfalı təbiətinə, əsrarəngiz gözəlliyinə görə Dərələyəzi Cənubi Qafqazın isveçrəsi adlandırıb. Alimin sözlərinə görə, Gabud kəndi də bu təbiət möcüzəsinin mühüm bir hissəsi, azərbaycanlıların tarixi yaşayış məntəqəsi olub.

Ötən əsrin əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan N.Əhmədli vurğulayıb ki, daşnak Andranik Ozanyan və onun quldur dəstələri Dərələyəzdə böyük faciələrə yol açıblar. Günahsız insanlar qətlə yetirilib, öz ata-baba yurdunu zorla tərk etmək məcburiyyətində qalıblar. Nəticədə Qərbi Azərbaycandakı soydaşlarımızın sayı kəskin azalıb. O, 1948-1953-cü ilin deportasiyasında atasının, babasının, həmçinin yaxın qohumlarının da öz Vətənindən didərgin düşdüyünü dilə gətirib. Deyib ki, İosif Stalinin ölümündən bir müddət sonra babası, atası, ailə üzvləri yenidən Gabud kəndinə qayıdıblar. Lakin həmin dövrdə də soydaşlarımıza münasibətdə diskriminasiya, ayrı-seçkilik hər addımda özünü büruzə verib. Ən nəhayət, 1988-ci ilin deportasiyasında Qərbi Azərbaycandan bütün azərbaycanlılar deportasiya olunub ki, bununla da erməni millətçiləri Türksüz Ermənistan ideyasını gerçəkləşdirə biliblər.

Tədqiqatçı-alim N.Əhmədli qeyd edib ki, XIX əsrin iyirminci illərində məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen Rusiyaya gələrək Qafqaz canişinliyində işləyib. Həmin dövrdə o, işğalçı general İvan Paskeviçin göstərişi ilə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinin, coğrafiyasının tədqiqi ilə məşğul olmağa maraq göstərib. 1829-1832-ci illərdə Qafqaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili və etnik tərkibi, folkloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və sair barədə geniş məlumatı toplayıb, kameral təsvirlər yaradıb.

Müsahibin sözlərinə görə, Çar Rusiyasının bu siyahıyaalmada başlıca məqsədi gələcəkdə əhalini maksimum səviyyədə istismar etmək olub. Bununla belə, kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir. Misal üçün, həmin sənədlərə görə, 1831-ci ildə ümumilikdə Göyçə mahalında cəmi 15 erməni ailəsinin yaşadığı məlum olur. N.Əhmədli söyləyib ki, kameral təsvirlərdə məşhur azərbaycanlılar haqqında da dəqiq məlumatlar var.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.