“Formula-1”dəki mənimsəmə ilə bağlı məhkəmə işi: “Amerikada bahalı mülklər alıb”
3-07-2024, 09:04
Sabiq şöbə müdirinin keçmiş həyat yoldaşı deyir ki, pullar Seyşel adalarındakı şirkətə köçürülüb
Bakıda keçirilən “Formula-1” yarışlarının təşkili zamanı 399 min manatdan çox büdcə vəsaitini mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) İdman Əməliyyatları şöbəsinin keçmiş rəisi Çingiz Mehdiyev keçmiş həyat yoldaşının ifadəsi əsasında cinayət məsuliyyətinə cəlb olunub.
Şöbə müdirinin keçmiş həyat yoldaşı Nərminə Əkbərova 1 il əvvəl prokurorluğa müraciət edərək Çingiz Mehdiyev yarışların təşkilində yeyintiyə yol verdiyini, əldə olunan vəsaitlərə Amerikada qardaşının adına mülklər aldığını, pulların bir hissəsini Seyşer adalarında anasının adına qeydiyyatdan keçmiş “Dayton İnvestment LTD” şirkətinin hesabına köçürdüyünü deyib.
Bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 49 yaşlı Çingiz Mehdiyevin işinə baxılır.
O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur.
İyulun 1-də məhkəmədə Nərminə Əkbərova ifadə verib.
O, ətraflı danışmaq istəməsə də, istintaqdakı ifadəsini təsdiqləyib.
O, istintaqa ifadəsində bildirib ki, Çingiz Mehdiyevlə 2007-ci ildə Amerikada ailə qurublar.
Onun sözlərinə görə, həmin vaxt əri ABŞ vətəndaşı kimi, ad-soyadını Gino Metie kimi sənədləşdirib.
Nərminə Əkbərova deyib ki, əvvəl ərinin işlərilə maraqlanmayıb, lakin son dövrlərdə böyük pullar qazanması onun diqqətini çəkib.
2019-cu ildən ayrı yaşadıqlarını deyən Nərminə Əkbərovanın sözlərinə görə, Çingiz Mehdiyev Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsində çalışdığı dövrdə anasının adına qeydiyyatdan keçmiş ofşor şirkətlə – “Dayton İnvestments LTD” ilə müqavilə bağlanmasına nail olub:
“Bu şirkət əvvəl Çingizin adına təsis edilmişdi, sonradan anasının adına dəyişdi. Bütün əməliyyatları özü həyata keçirib. Bu şirkət vasitəsilə, saxta müqavilələrlə külli miqdarda pulların Azərbaycandan çıxarılmasına nail olub. Sonradan yaratdığı ofşor zonadakı şirkətin adından anası Leyla xanıma borc pul verməsi barədə müqavilə ilə həmin pulları Gürcüstanda anasının adına olan hesablara göndərib və nağdlaşdırıb. Mənimsədiyi pulların hesabına qardaşı Zaur Mehdiyevə Amerikada bahalı mülklər alıb”.
Nərminə Əkbərova əlavə edib ki, 2018-ci ildən Çingiz Mehdiyevin qanunsuz işləri barədə məlumat toplayıb, 2023-cü ildə isə istintaq orqanına məlumat verib.
Nərminə Əkbərova iddia edir ki, keçmiş əri uşağını da əlindən alıb.
Çingiz Mehdiyev keçmiş həyat yoldaşının dediklərinə münasibət bildirərkən qızı haqda danışıb.
O bildirib ki, onlar ayrılanda qızının 15 yaşı vardı. Qızı könüllü şəkildə onunla qalmaq istəyib.
Çingiz Mehdiyev əlavə edib ki, 2019-cu ildən ayrı yaşayırlar, lakin 2023-cü ildə özü boşanma üçün məhkəməyə müraciət edib:
“Qızım mənimlə qalmaq istədi, məhkəmənin qərarı ilə mənə verildi. Mənim yanıma gələndə 15 yaşı var idi, iki ildir ki, mənimlədir”.
O, hesab edir ki, keçmiş həyat yoldaşı ondan qisas almaq üçün hüquq-mühafizə orqanlarına yalan məlumatlar verib:
“Boşanmaya ərizə verəndən sonra şəxsi qərəzlik etdi”.
Çingiz Mehdiyevin vəkili bildirib ki, uşaqla bağlı ekspertizadan sonra məhkəmə onun atasında qalmasına qərar verib.
İttihamdakı məqamlardan biri də pulların həm də ailə sürücüsü Mais Abdullayevin adına köçürülməsilə bağlıdır.
Dindirmə zamanı məlum olub ki, Mais Abdullayevlə onların ailəsini Nərminə Əkbərovanın iş yoldaşları tanış edib.
Nərminə Əkbərova “Unibank”da işləyib. Mais Abdullayevin adına hesab da bu bankda açılıb və pullar köçürülüb.
Çingiz Mehdiyevin vəkili bir sıra əmlakların üzərindən həbs götürülməsi barədə vəsatət qaldırıb.
Onun sözlərinə görə, üzərinə həbs qoyulan əmlaklar Çingiz Mehdiyevin anasına məxsusdur, bu hadisədən uzun illər əvvəl alınıb: “Əmlakların dəyəri 1 milyondan artıqdır, ancaq onun üzərinə qoyulan mənimsəmə 400 min manat civarındadır. Bunun da 100 min manatı ödənilib. Bir ev 510 min manata qiymətləndirilib. Onun üzərindəki həbs qalsın, digərləri götürülsün”.
Vəkil əlavə edib ki, Çingiz Mehdiyev işsizdir, əmlaklardan satıb dolanmağa ehtiyacları var.
Lakin məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə prosesi iyulun 22-də davam edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2013-cü ildə yaradılmış “Baku Grand Prix” şirkətinin hüquqi varisidir. Bu şirkət “Formula-1” Avropa Qran Pri yarışlarının Bakıda keçirilməsi ilə əlaqədar yaradılmışdı.
Çingiz Mehdiyev 2015-ci ildə şirkətə əməliyyat meneceri kimi işə götürülüb.
2016-cı ildə şirkətin İdman Əməliyyatı şöbəsinin rəhbəri təyin olunub və 2020-ci ilə qədər bu vəzifədə işləyib.
Çingiz Mehdiyev özünü təqsirli bilmir, külli miqdarda büdcə vəsaitlərini mənimsəməsi, həmin pullara ABŞ-da evlər alması və s. barədə Nərminə Əkbərovanın dediklərini təkzib edib.
Keçmiş Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov uzun illər Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru vəzifəsində çalışıb və 2022-ci ildə vəzifədən azad edilib.
O da bu cinayət işi üzrə şahid qismində dindirilib.(Meydan TV)