"Yetim" qalmış "Xəzər adaları"... - REPORTAJ

26-05-2015, 23:04           
"Yetim" qalmış "Xəzər adaları"... - REPORTAJ
İş adamı Hacı İbrahim Nehrəmlinin “Avesta Concern” şirkəti öz layihələrini dayandırıb. Xəbər aldıq ki, şirkətin meqa layihəsi hesab olunan “Khazar İslands”da (Xəzər adaları) da tikinti işləri dayandırılıb.

Hafta.az-ın əməkdaşı bu xəbərin ardınca “Xəzər adaları”nda olub. Əməkdaşımız ərazidə çalışan işçilərlə söhbət edərək, son günlər mətbuatda yazılanların nə qədər həqiqətə uyğun olub-olmamasını araşdırıb. Həmin reportajı təqdim edirik:

- “Xəzər adaları”na yaxınlaşan zaman qarşımıza həmin əraziyə yaxın evdə yaşayan Sabir adlı bir fəhlə çıxdı. O bildirdi ki, burada işlər demək olar ki, 3 aya yaxındır əvvəlki templə aparılmır. Lakin ara-sıra tikintilərdə fəhlələr görünür. Sabir orada qısa müddətdir yaşadığı üçün “Xəzər adaları"nda hansı işlərin getdiyindən xəbərsiz olduğunu söylədi. Beləliklə də, “Xəzər adaları”nın ön qapısından içəri girdik. Qapıda mühafizəçi əyləşmişdi. Onunla salamlaşıb, bir qədər irəlilədik. Tikintilərin qarşısında isə növbəti (ikinci) mühafizəçi bizi qarşıladı. Özünü Təbriz kimi təqdim edən mühafizəçidən bir neçə məlumatı ala bildik. Təbrizin sözlərinə görə, o, burada dörd aydır çalışır. Lakin çalışdığı müddətdən maaşların verilməsinin gecikdiyini söylədi:

“Dörd aya yaxındır ki, burada mühafizəçi işləyirəm. Maaşlarımız gecikirdi. Ancaq tikintilər davam etdirilirdi. Hardasa 10-15 gündür ki, tikinti işləri dayandırılıb. Lakin tikintilərin tam dayandığını demək də doğru olmaz. Bəzi binalarda fəhlələr işləyirlər. Onların da maaşları gecikdirilir”.

Təbriz fəhlələrin işlədiyini söyləsə də, biz ərazidə heç bir fəhləyə rast gəlmədik. Çıxışda isə adını söyləmək istəməyən, özünü "KAMaz" sürücüsü kimi təqdim edən şəxslə rastlaşdıq. O bildirdi ki, arada maaşını almaq üçün bura gəlir:

“Hazırda burada elə gördüyünüz 2 nəfər mühafizəçidən başqa heç kəs yoxdur. Mən də daxil olmaqla, camaatın əməkhaqqısını üç aydır vermirlər. Ona görə də fəhlələr əlacsız qalıb, gedib özlərinə başqa yerlərdə iş tapdılar. Çoxu da işsiz qalıb. Mənim kimi bura gəlib-gedirlər ki, bəlkə işlədiyimiz ayların maaşını ala bildik. Elə işçilər var ki, 3 aydan çoxdur ki, maaş almayıb”.

“Xəzər adaları”nın ərazisində plakatlar vurulub, yolboyu palma ağacları əkilib. Lakin plakatda görünən layihənin real formada heç “l”sına da rast gəlmək olmur. Ərazidə işləyən kranlar dayandırılıb. Əksər binaların heç üstü də vurulmayıb. Bütün tikililər yarımçıq formadadır. Girişdə isə səliqə-sahman lazımi səviyyədə aparılıb. "KAMaz" sürücüsü bunu belə izah etdi ki, əraziyə gəlib-gedən olmadığı üçün elə buraları külək təmizləyir. Yəni külək tozu gah sağa çəkir, gah da sola. Beləcə yolu süpürür, təmizləyir. Sürücünün yarızarafat, yarıgerçək sözündə isə həqiqət bu idi ki, biz orada olduğumuz iki saata yaxın zaman ərzində “Xəzər adaları”na başqa heç kim və heç bir tikinti texnikası gəlmədi.

Lakin onu da öyrəndik ki, bir ilin əvvəlində orada çox güclü işlər gedirmiş. Tikintidə əməlli-başlı qələbəlik olub, orada işə girmək isə hər fəhləyə nəsib olmurmuş. Bir sözlə, "Xəzər adaları" bir çoxuna xəyali iş kimi gəlirmiş. İndiki miskin durum isə vəziyyətin fərqli olduğunu göstərdi.

Başqa bir məlumatı da öyrəndik ki, son mövsümdə futzal üzrə Azərbaycan çempionu adını qazanan “Xəzər adaları” klubu da fəaliyyətini dayandırıb.

Qeyd edək ki, “Xəzər adaları” layihəsi Qaradağ rayonunda Xəzər dənizinin sahilində inşa olunan tikintilərdən ibarət olacaqdı. Layihə başlanan zaman bu barədə belə bir informasiya verilmişdi:

“Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (Azərbaycan qülləsi) tikiləcək. Ərazidə həmçinin dünyanın ən böyük məscidinin tikilməsi də planlaşdırılır. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin, 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır.

Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir”.

Xatırladaq ki, yuxarıda bəhs etdiyimiz layihənin rəhbəri azərbaycanlı biznesmen Hacı İbrahim Nehrəmli mayın 12-si saat 13:00-dan etibarən DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır. Onun Azərbaycan Beynəlxalq Bankına külli miqdarda borcunun olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.