Milyonluq dələduzluq işində təqsirləndirilən ittiham etdi - "Məni tutdurub ki, bütün pulları mənimsəsin”
24-07-2024, 16:59
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə Cahangir Qəmbərovun cinayət işi üzrə proses davam edir.
Musavat.com xəbər verir ki, Cahangir Qəmbərov biznes qurmaq adı ilə 2 milyon manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Müttəhim zərərçəkənlərdən Əhməd Aydın oğlu Mütəllimovdan 1 milyon 470 min 751 manat, Tamerlan Elman oğlu Rəşidovdan 581 min 436 manat, Liliya Talxovna Mixievadan 136 min manat, Aqif Çingiz oğlu Əhmədovdan 3 min 400 manat, Hacıbala Qasım oğlu Məlikovdan isə 2 min 400 manat alaraq yalan vəd verməklə dələduzluq edib. İttihama görə, Canahgir Qəmbərov adı zərərçəkmiş qismində keçən şəxslərdən 3 nəfərə söz verib ki, onlara İran İslam Respublikasından sənaye xammalı olan “PVS” (kroşka) alaraq Azərbaycana gətirəcək. Azərbaycanda həmin xammal məhsulu ilə elektrik örtükləri istehsal edərək baha qiymətə satacaq və əldə olunan yüksək gəlirə onları da özünə şərik edəcək. Həmçinin Əhməd Mütəllimova “PVS” məhsulundan başqa “DOP” yağını idxal edə biləcəyini də söz verib. Cahangir Qəmbərov Əhməd Mütəllimovu Abşeron rayonu, Məhəmmədi kəndində zavod açıb elektrik kabel örtüyünü istehsal edərək yüksək qiymətə sataraq əldə olunacaq qazanca onu da şərik edəcəyinə dair yalandan vəd verərək aldadıb. İttiham aktında göstərildiyi kimi, Əhməd Mütəllimov Cahangir Qəmbərova verdiyi pulların ödənişlərinə dair “invoice” qəbzlərinin surətlərini, saxta sənədləri, səs yazılarını istintaqa təqdim edib.
Cahangir Qəmbərov məhkəmədə bildirib ki, baş verənlərin əsl səbəbkarı iş üzrə zərərçəkmiş qismində tanınan Əhməd Mütəllimovdur. Onun sözlərinə görə iş üzrə zərərçəkmiş Liliya Muxievanın həyat yoldaşı Qəriblə razılaşıb ki, birgə kabel istehsal edərək bazarda satışa çıxarsınlar. Bu məqsədlə Ramana qəsəbəsində Rüzgar adlı sahibkarın kabel sexinə sifarişlər veriblər: “Bu iş üçün mən 13 min, Qərib isə 15 min dollar pul qoydu. Biz 6 aya yaxın birgə işlədik. Sonra mən Qəribin pulunu qaytararaq bu işdən uzaqlaşdım, səbəb isə qazancın az olması idi. Daha sonra PVS biznesi ilə məşğul oldum. Ümumilikdə Qəribdən 80 min dollar pul almışam. Azərbaycandan İrana pul yollamaq mümkün olmadığı üçün Türkiyə vasitəsi ilə pul göndərirdim. 2023-cü il yanvarından iş dayandı. Qarşı tərəf mal göndərmədi. Tamerlanın evinin pulu, Qəribə olan pul ödənilib. 80 min dolların borcun yaranması 2020-2021-ci il arasında baş verib. Zərərçəkmiş Tamerlan Rəşidovu Əhməd vasitəsilə tanımışam. Müharibə dövründə mən Türkiyəyə mal almağa getmişdim. Əhməd mənə dedi ki, sənə İrana pul göndərməkdə hər cür köməklik edəcəm. Sən də bu pulu Tamerlana verərsən. Mən Əhmədə dedim ki, İrandan malım gəlib, 23 min dollar pul verə bilərsənmi? O da verdi. Dekabrın sonlarında Əhməd dedi ki, mən mal alıb verəcəm sənə, sən də öz növbəndə satıb göndərəcəksən bizə. Gəlirdə razılığa gələcəyik. Mənim əlimdə mal qarışıq 400 min dollar pul var idi. Mən fərdi sahibkar kimi rəsmi qaydada işləyirdim. Aybaay Əhmədin qazancını verirdim. Mənə DOP yağı və digər mallar Əhməd Mütəllimovun təsisçisi olduğu “Mastel Makina” tərəfindən gəlib və bu mallara görə pullar ödəmişəm. Mənə gələn mallar Əhmədin və Şənlik Şükürovun zavodundan gəlirdi. 200 min dollar dəyərində DOP yağı gəlib. Şirkətdə olan pul haq-hesablarını Əhmədlə Dilbərin göstərişinə əsasən etmişəm.
Əhməd dedi ki, PVS zavodu açaq. Torpağı mən aldım və buna görə Əhməddən bir qəpik də pul almamışam. Mənim Əhmədə heç bir verəcəyim yoxdu. Əhmədin və Şənliyin təsisçisi olduğu şirkətlərə 2021-ci ilin yanvar ayından 6 milyon 150 min manat rəsmi qaydada köçürmə yolu ilə pul ödəmişəm. Əhməd isə mənə 2 milyon 750 min manatlıq mal göndərib. Əhməd mənə deyirdi ki, filankəsdə 150 min manat pulum var, get götür, vur bizim şirkətin hesabına. Əhmədlə haqq-hesab edəndə 300 min manat əskik yarandı. Mənim “ASAN İmza”mı Əhməd götürmüşdü. Nə qədər istəyirdim, vermirdi. Yenidən haqq-hesab edəndə 800 min borc yaranmışdı, lakin sonra audit rəyi ilə açıq-aydın müəyyən olundu ki, Əhmədin, onun kirvəsi Şənliyin və baldızı Dilbərin mənə milyondan artıq borcu var. İstintaq isə həmin audit rəyini ört-basdır edərək heç ittiham aktına salmadı. Havalanmışdım, Əhmədə dedim ki, özümü öldürmək istəyirəm. O, sən demə, mənə quyu qazırmış. Mən hava limanında saxlanılaraq Nərimanov Polis İdarəsinə gətirildim. Əhməd əlbir olduğu adamlarla birgə məni tutdurub ki, bütün pulları mənimsəsin. Günahkarlar çöldədir. 9 ay aparılan ibtidai istintaq sözün əsl mənasında qərəzli şəkildə aparılıb”.
Proses sentyabrın 17-də davam etdiriləcək.