Az24saat.org xəbər portalının rəhbəri həbs edilib - Vəkil etiraz edir...
15-08-2024, 10:25
“Az24saat.org” xəbər portalının təsisçisi Vüqar Ələkbərov (Qurdqanlı) avqustun 13-də həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər ki, araşdırmalarla müəyyən edilib ki, “Az24saat.org” xəbər portalının təsisçisi Vüqar Ələkbərov ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vəkil Mehman Muradlı Amerikanın Səsinə deyib ki, jurnalistə qarşı qaldırılan cinayət işinin detalları ilə bağlı yayılan məlumatlar reallığı əks etdirmir. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi Cinayət Prossesual Məcəlləsinin tələblərinə uyğun deyil.
“Vüqar Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178 ( Dələduzluq), 178,2.4 (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi qaldırılıb. Jurnalist avqustun 13-də saxlanılıb və həmin gün Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə onun barəsində 1 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçib”, o qeyd edib.
Vəkil məhkəmənin həbs qətimkan seçilməsi barədə qərarından apellyasiya şikatyəti verib.
İttihamın sankisyaına görə, jurnalisti beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Vüqar Ələkbərov bir qayda olaraq mediada və sosial şəbəkələrdə tənqidi yazılarla çıxış edib.
Onun təsisçisi olduğu Az24saat.org saytı Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovla bağlı dərc etdiyi yazılara görə 2018-cil avqustun 7-də Səbael Rayon Məhkəməsinin qərarı ilə bloklanıb.