Bizi ayılardan, ayıları bizdən necə qorumalı?
21-08-2024, 08:19
Ekoloq: “Onlar nadir hallarda insanlara hücum edir”
Vəhşi heyvanlar təbiətin yaraşığıdır. Lakin az adam gündəlik həyatlarında onlarla qarşılaşmaq istəyər. Bəzən insanların heyvanların ərazilərinə müdaxilə edir, orada evlər tikirlər. Bəzən də heyvanlar yem axtara-axtara insanların yaşayış məskənlərinə soxulur.
Məsələn, bizdə ayılar vaxtaşırı kəndlərə girir. Bu günlərdə mətbuatda yayılan məlumatlara görə, Göygöl rayonunun bir neçə kəndi ayıların hücumuna məruz qalıb. Hadisə şahidlərindən biri bildirib ki, ayı hasarını dağıdaraq həyətə daxil olub: “Mən ayıdan təxminən 4-5 metr aralıda idmi və ona tərəf fənər işığını tutdum, bundan sonra heyvan qaçdı”.
Bununla bağlı aidiyyəti dövlət qurumları tərəfindən tədbirlər görülür. Xoşbəxtlikdən ayı insanlara heç bir zərər verməyib, amma təbii ki, insanlar onunla qarşılaşmaqdan qorxurlar.
Ayının kəndlərə daxil olması halları müxtəlif illərdə Lerik, Şəki, Zaqatala, eləcə də Naxçıvanda qeydə alınıb. Onlar adətən bal yemək üçün gəlir və arıçılıq təsərrüfatlarına ziyan vururdu.
“Həyəcan” ekoloji ictimai birliyinin sədri Əliheydər Məmmədov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda qonur ayının yarımnövləri – kiçik Qafqaz və Suriya (gümüş) növləri yaşayır: “Bu heyvan nadir hallarda insanlara hücum edir və bir çox hallarda insanın özü günahkar olur. Ümumiyyətlə, bir ayı çox nadir hallarda hansısa insanı öldürməyə və yeməyə çalışır”.
“Bu yerdə 2013-cü ildə baş vermiş bir hadisəni qeyd etmək istəyirəm. Şamaxıda qonur ayı iki sakinə hücum edib, onlar xəsarətlə xəstəxanaya yerləşdirilib. Və hücum ona görə olub ki, bu adamlar onun balasını ovlamaq qərarına gəliblər. Bir müddət sonra kəndlilər onu meşəyə qaytarıblar. Yeri gəlmişkən, qonur ayı qanunla qorunur və onu ovlamaq qadağandır”, - deyə həmsöhbətimiz bildirib.
Məmmədovun sözlərinə görə, ölümlə nəticələnən bir hadisə ötən əsrin 90-cı illərində, yüksək dağlıq kəndlərdən birində baş verib: “Qadın çırpı yığmağa gedir. Orada isə bir ayı yaxınlıqda çöl donuzunu öldürüb, ovunu çırpı altında gizlədib, özü isə ondan bir qədər aralıda məskunlaşıb. Qadın çırpı yığınına yaxınlaşıb və ayı onu rəqib hesab edərək pəncəsinin zərbəsi ilə öldürüb. Əri də onu axtarmağa gedib və eyni aqibəti yaşayıb. Bu, ayının ovlanmasına və öldürülməsinə səbəb olan faciəli bir anlaşılmazlıq idi. Sonda məlum oldu ki, o ayı, nəinki qocalıb, həm də yaralı imiş – onun bədənindən dörd güllə tapılıb. Bundan sonra belə faciəli hadisələr baş verməyib”.
Ekoloq qeyd edib ki, Azərbaycanda ayıların populyasiyası artsa da, onu böyük adlandırmaq olmaz: “Əgər əhəmiyyətli dərəcədə artarsa, narahatlığa səbəb ola bilər. Bu heyvanlar heç vaxt bir insanla üz-üzə gəlmək istəməz. Belə hallar əsasən təsadüfi olur. Bundan əlavə, yazın ortalarında, eləcə də payızda meşənin yuxarı hissəsində ayıların qida ehtiyatı tez-tez azalır. Onların ölkəmizdə əsas qidası həmişə şabalıd olub. Azərbaycanın hər yerində qarışıq meşələrdə şabalıd ağacları var idi. Lakin 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində onların çoxu xəstələndi və qurudu. Qoz ağacları da çox azdır”.
“Cənubi Qafqazda ayıların qida ehtiyatı praktiki olaraq məhv edilib və aclıq onları kəndlərə enməyə məcbur edir. Soyuq havaya yaxın, bəziləri yaşayış yerlərində otlayan təsərrüfat heyvanlarına hücum edə bilər. Ancaq bunlar əsasən qoca ayılardır, onlar üçün bu cür yemək yaşam məsələsidir. Yeri gəlmişkən, qoca bir ayının bir inəyi öldürə bilməsi həmişə olmur. Ümumiyyətlə, bu heyvanlar nadir hallarda ət yeyir. Onların menyusunda daha çox kök, meyvə və giləmeyvə var. Kəndlərə isə insanlar və mal-qara deyil, meyvə bağları cəlb etdiyi üçün gedirlər”, - deyə müsahibimiz söyləyib.
Əlavə edib ki, vəhşi heyvanlar insanlardan qorxmalıdır: “Lakin getdikcə onların bir çoxunda bu qorxu yox olur və bu da toqquşmaların artmasına səbəb olur. Bu, qismən ölkəmizdə fəaliyyət göstərən Vəhşi Heyvanların Bərpa Mərkəzinin də günahıdır. Xüsusilə, oraya restoran qəfəslərində saxlanılan ayılar düşür. Belə mərkəzlərin məqsədi ondan ibarətdir ki, lazımi reabilitasiyadan sonra heyvanlar yenidən təbiətə buraxılır və onlar orada sağ qala bilir. Ancaq bunu etmək üçün, bu ayıların artıq insanlara öyrəşdiyini nəzərə alsaq, əvvəlcə çox iş görmək lazımdır. Lakin iş lazım olduğu kimi aparılmır. Şəhərlərdə və kəndlərdə ayılar görünəndə bunlar adətən insanlarla yaxın təmasda olmuş heyvanlardır. Aclıq hiss edərək, tanış olduqları mühitə qayıdırlar”.
“Nələr edilməlidir? Birincisi, reabilitasiyadan keçən heyvanlar üçün yaxşı şərait yaradın. İkincisi, onlarla öz sahəsində həqiqi mütəxəssislər məşğul olmalıdır. Üçüncüsü, ayılar noyabr ayında meşəyə buraxılmalıdır. Bu yırtıcıların yüksək sıxlığının olduğu yerlərə. Onu da qeyd edim ki, insanların bu heyvanlarda süni qorxu yaratması lazımdır. Bəli, bu, qəddar görünə bilər, amma əslində bu yanaşma həm onlar üçün, həm də insanlar üçün qurtuluşdur. Əks halda bunun sonu yaxşı olmayacaq”, - deyə təşkilat rəhbəri vurğulayıb.
Yeri gəlmişkən, Yaponiyada süni intellektdən istifadə edərək insanları ayılardan qorumaq qərarına gəliblər. Yırtıcının aşkarlanması barədə məlumatın müşahidə kameralarından dərhal aidiyyəti qurumlara ötürülməsi planlaşdırılır. Keçən il bu yırtıcı heyvanın insanlara hücumlarının sayı artdığı üçün bu addımı atmağa qərar veriblər. Bu davranış həşəratların azalmasına və meyvə məhsullarının çatışmazlığına səbəb olan əlverişsiz hava şəraiti ilə əlaqələndirilir. Bundan başqa bəzi ərazilərdə vəhşi heyvanları dəf etmək üçün robot qurğular quraşdırılıb. Bəlkə də, ölkəmizdə həm kəndliləri, həm də yırtıcıları qorumaq üçün oxşar tədbirlər haqqında düşünməyə dəyər.
Müəllif: Elya Belskaya