Dünyanın ən bahalı əsəri illərdir gömrük anbarında saxlanılır - 450 milyona alınıb
22-08-2024, 16:24
2017-ci ildə Nyu-Yorkda "Kristis" auksionunda rekord qiymətə - 450 milyon dollara satılan Leonardo da Vinçinin "Dünyanın Xilaskarı" (Salvator Mundi) əsərəinin taleyi bir neçə ildir ki, məlum deyildi. İsanın rəsminin alıcısının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman olduğu güman edilir, lakin o, bunu heç vaxt rəsmi şəkildə təsdiqləməyib.
Qaynarinfo xəbər verir ki, BBC-nin yeni sənədli filmi bu hekayəyə işıq salıb.
Amerikalı professor və Yaxın Şərq üzrə ekspert Bernard Heykel Səudiyyə Ərəbistanının mədəniyyət nazirindən da Vinçinin əsərinin Cenevrədəki gömrük anbarında saxlandığını öyrənib.
Səudiyyə Ərəbistanının vəliəhdi onun üçün Ər-Riyadda muzey tikmək istəyir. Bu arada gömrük, daha doğrusu gömrük nəzarətində olan şəxsi anbarlar bunun üçün ən yaxşı yerdir. Orada ideal temperatur və rütubətdə saxlanılır, binaların özləri etibarlı şəkildə mühafizə olunur. Cenevrədəki gömrük anbarında bir milyondan çox sənət əsəri saxlanılır.
2005-ci ildə "Dünyanın xilaskarı" tablosu cəmi 1175 dollara satılıb. Geniş bərpa işlərindən sonra o, Leonardo da Vinçinin əsəri kimi qəbul edilib. İncəsənət aləmində müəllifliyə dair şübhələr olsa da, onun qiyməti 2017-ci ilə qədər yüksəlib: "Kristis" auksionunda təklif 100 milyon dollarla başlayıb və 450 milyon dollara satılıb.
Qeyd edək ki, Leonardo da Vinçi "Dünyanın xilaskarı" rəsmini 1506-1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib.
Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər.