Bankomatlar yeni "10" manatlıq əskinasları niyə götürmür?
24-08-2024, 10:04
Akif Nəsirli: “Yeni 10 manatlıq əskinaslarda heç bir problem yoxdur, əslində bu problem “Bakı Kart”la bağlıdı"
Son zamanlar sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri yeni 10 manatlıq əskinaslarla bağlıdır. Mütləq əksəriyyət bildirir ki, yeni 10 manatları ödəmə terminalları, MilliÖN və digərləri qəbul etmir. Yəni 10 manatlıqlarla ödəniş etmək mümkün olmur. Biz özümüz də bu halı çox müşahidə etmişik.
Terminalların yeni 10 manatlıq əskinasları qəbul etməməsi problemi insanları çox narahat edir. Yeni əskinasları terminallar niyə tanımır, niyə qəbul etmir?
“Terminalların proqramları yeni 10 manatlıq əskinasları tanımır”
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Akif Nəsirli problemlə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, əslində bu, “Bakı Kart” MMC-nin problemidir. “Əslində, hər yeni bir əskinas tədavülə buraxılan zaman terminalların proqramları həmin əskinasların tanınması üçün inteqrasiya edilməlidir. Bu inteqrasiya əməliyyatlarını operativ şəkildə həyata keçirə bilmirlər, buna görə də yeni əskinasların hələ inteqrasiya olunmadığı terminallar var. Vətəndaşların da bu problemi yaşaması bundan irəli gəlir. Bu işdə “Bakı Kart” MMC öz əsas vəzifələrini həyata keçirməli, funksiyalarını yerinə yetirməlidir. Yeni 10 manatlıq əskinaslarda heç bir problem yoxdur, əslində bu problem “Bakı Kart”la bağlıdı”.
A.Nəsirli hesab edir ki, yeni 10 manatlıq əskinasların terminallar tərəfindən tanınması üçün əskinasların terminallara inteqarsiyası tələb olunur, bu olunmadığı üçün də problemlər yaşanır: “Bu baxımdan vətəndaşların narahatlığını, narazılığını əsaslı hesab edirəm. Terminalların proqramları yeni 10 manatlıq əskinasları tanımır. Terminalların proqramının həmin əskinasları tanıması üçün inteqrasiya edilməlidir. Bu isə baş vermir. Problemin də kökündə bu dayanır.
Yeri gəlmişkən qeyd edim ki, onunla bağlı daha bir problem var. İnsanlar xeyli vaxtdır mobil telefon vasitəsilə gediş haqqı ödəyə bilmirlər. Səhv etmirəmsə, 12 gündür ki, “Bakı Kart”ın tətbiqi vasitəsilə gediş haqqının ödənilməsində problem yaranıb. Bu da sərnişinlərdə, istifadəçilərdə ciddi narazılıq doğurur”.
A.Nəsirlinin fikrincə, son zamanlar “Bakı Kart”ın fəaliyyəti təqirəlayiq deyil. Bu səbəbdən də ekspert hesab edir ki, bu cür hallar olduqda hökumət operativ qərar qəbul etməlidir. “Yəni başqa şirkət axtarmalıdır. “Bakı Kart” MMC havayı işləmir, özü də bazarda monopoliya yaradıb. Hesab edirəm ki, bu sahədə də rəqabət formalaşdırmaq lazımdır. Yəni kartların hamısı bu şirkət tərəfindən hazırlanmamalıdır. Burada rəqiblər olmalıdır, digər sahibkarlara da şərait yaratmaq lazımdır ki, “Bakı Kart”ı həm istehsal etsin, həm də “Bakı-Kart”ın internet versiyasının idarəolunmasında iştirak etsin. Rəqabətli şirkətlər olsun. Əvvəllər internet üzərindən ödəmə sistemi çox bərbad işləyirdi. Sonradan “Paşabankın” “M10” ödəmə sistemində gediş haqlarının ödənilməsi üzrə tətbiq yaranan kimi vəziyyət yaxşılaşdı. Amma yenə “Bakı Kart” öz öhtəliklərini yerinə yetirə bilmir. Amma “M10” tətbiqi ilə vətəndaşların telefon vasitəsilə gediş haqlarını ödəməsi hazırda da işlək vəziyyətdədir. “Paşabankın” tətbiqi işləyir, amma “Bakı Kart” MMC tətbiqi işləmir. Hesab edirəm ki, bu sahədə rəqabət mühiti formalaşmalıdır”.-deyə A.Nəsirli qeyd etdi.
İradə SARIYEVA