Ana olmaq istəyən qadınlara xəbərdarlıq - CİDDİ TƏHLÜKƏ VAR
24-08-2024, 12:34
Xəbər verdiyimiz kimi, Qubada doğum zamanı ana və körpənin ölümü qeydə alınıb. Bu cür bədbəxt hadisələrin adətən paytaxtdan çox bölgələrdə qeydə alınması cəmiyyətdə bir sıra iddiaların ortaya çıxmasına səbəb olur.
Əhali arasında ana və uşaq ölümünə səbəbə kimi rayonlarda mövcud olan xəstəxanalarda çalışan həkimlərin savadı, bacarığı kimi məqamlar daha çox göstərilir. İnsanların əksəriyyəti düşünür ki, bölgələrdə həm xəstəxana təminatı, həm də həkimlərin savadı xəstələrin həyatını xilas etməyə yetərli deyil. Analoji halların tez-tez baş verməsi sözügedən müzakirələri daha da qızışdırıb.
Bəs deyilənlərdə nə qədər doğruluq payı var?
Ana və körpə ölümlərinin ən çox baş vermə səbəblərindən danışan ginekoloq Gülnar Ağayeva “Yeni Sabah”a bildirib ki, ucqar kəndlərdə yaşayan hamilə qadınlar müayinələrə gəlmir və sonda acı nəticə ilə üzləşirlər:
“Doğum zamanı ana və körpə ölümlərində həm ana, həm də döl tərəfdən bir çox səbəblər ola bilər. Ciftin vaxtından əvvəl, doğum fəaliyyətə başlamamış ayrılması, qopması anında ani sürətdə qanaxma baş verir. Eyni anda uşaqlıq boşluğuna cift ayrıldığı üçün qan dolur. Bu da ana bətnindəki körpənin boğulmasına gətirib çıxarır. Digər səbəb isə anada yüksək təzyiq olması ilə bağlıdır. Buna eklampsiya tutmaları da deyilir. Bölgələrdə yaşayan hamilə qadınlar vaxtaşırı müayinələrdən keçmirlər. O vaxt həkimə müraciət edirlər ki, artıq onlarda tutmalar başlayır. Böyrəkdə dəyişiklik, zülal ifrazı yüksək təzyiqə gətirib çıxarır və nəticədə beyin ödəmi, beyində qansızma kimi hallara rast gəlinir. O zaman həm ananın, həm də uşağın həyatını xilas etmək çətinləşir. Burada çox yüksək səviyyədə reanimasyon tədbirlər görülməlidir. Ana və körpənin ölümü ən çox sadalanan bu iki səbəb fonunda gerçəkləşir. Həmçinin, uşaqlığın cırılması nəticəsində də bu cür hallar olur. Öncədən qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadında çapıq incələ bilir, qəfildən uşaqlığın cırılması baş verir. Bununla da qadın şoka düşür və uşaq tələf olur. Situasiyalar müxtəlifdir”.
Həkim bölgələrdə çalışan tibb işçiləri ilə bağlı deyilənlərə də aydınlıq gətirib:
“Bölgə ərazisində fəaliyyət göstərən xəstəxanalarda da savadlı həkimlər var. Belə halların qarşısının alınmasında reanimasyon briqadanın rolu böyükdür. Ola bilər ki, həmin qrup zəif olsun və ana xəstəxanaya vaxtında çatdırılmasın. Dəqiq səbəbi tapmaq üçün mütləq şəraitə baxıb analiz etmək lazımdır. Burada tamamilə fərqli səbəblər ana və körpə ölümlərinə gətirib çıxara bilər”.