"Mığrı rayonunun adı Muğ türk tayfasının adı ilə bağlıdır" - Qərbi Azərbaycan Xronikası + VİDEO

27-08-2024, 12:14           
"Mığrı rayonunun adı Muğ türk tayfasının adı ilə bağlıdır" -
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycanın Mığrı Rayon İcmasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Fikrət Əliyev olub.

O, anadan olduğu Zəngəzur mahalının Mığrı rayonunun Nüvədi kəndindən, insanların həyat tərzindən, gündəlik qayğılarından, təhsilə verilən önəmdən geniş söhbət açıb. Bildirib ki, doğma kənd, el-oba, orada yaşadığı uşaqlıq, yeniyetməlik, gənclik illəri unudulmaz xoş xatirə kimi yaddaşında dərin iz salıb. Mığrı rayonunun adına toxunan alim söyləyib ki, bu, Muğ türk tayfasının adı ilə bağlıdır.

Onun sözlərinə görə, Mığrıda qədim türk tayfalarının yaşadığını sübut edən çoxsaylı maddi-mədəniyyət abidələri olub. Lakin zaman-zaman ermənilər tarixi saxtalaşdırmaq, Qərbi Azərbaycanın bu yaşayış məntəqəsindən soydaşlarımızın izini silmək üçün abidələrə qarşı vandalizm aktı törədiblər. Hətta Mığrı rayonunun mərkəzindəki qədim qəbirüstü qoç heykəllərini traktorla daşıyaraq yarğana atıb, üzərini basdırıblar.

Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən soyqırımı və deportasiyalardan danışan akademik Fikrət Əliyev vurğulayıb ki, ötən əsrdə Nüvədi üç dəfə erməni təcavüzünə məruz qalıb. Belə ki, 1905 və 1918-ci illərdə erməni quldurları kəndə basqın edərək evləri yandırıb, əhalini buradan köçməyə məcbur ediblər. Həmin dövrdə nüvədililər Araz çayını keçərək İrana sığınıblar. 1988-ci ilin deportasiyası zamanı isə Nüvədi sakinləri erməni işğalına qarşı dəyanətlə mübarizə aparıblar. Bu müddətdə nüvədililərin mübarizə əzmini qırmaq üçün ermənilər kəndə verilən elektrik enerjisini kəsib, əhalini müxtəlif yollarla sıxışdırmağa çalışıblar.

Alim deyib ki, müqavimət göstərmək üçün bütün imkanları tükənən Nüvədi sakinləri yalnız 1991-ci ilin avqust ayında Qərbi Azərbaycanın sonuncu yaşayış məntəqəsini tərk ediblər. Hətta həmin vaxt da kəndlərindən uzağa getməyiblər. Onlar 1993-cü ilin oktyabr ayına kimi Nüvədinin yaxınlığındakı ərazidə çadırlarda yaşayıblar.
Ətraflı

Akademik Fikrət Əliyev sonda qeyd edib ki, nüvədililər 33 ildir doğma el-oba, yurd həsrəti ilə yaşayır və yaxın gələcəkdə dinc yolla öz kəndlərinə dönəcəklərinə ümid edirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 26-da saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.