Zahid Oruc, Natiq Cəfərli, yoxsa Fuad Abbasov? - 9 dairədə gərgin mübarizə

27-08-2024, 10:23           
Zahid Oruc, Natiq Cəfərli, yoxsa Fuad Abbasov? - 9 dairədə gərgin mübarizə
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.
Ötən yazımızda 32 dairədə namizədlərin şanslarını dəyərləndirmişdik.
Bu dəfə isə daha bir neçə rayonda - Xətai, Qaradağ və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə namizədlərin imkanlarını götür-qoy edəcəyik.
33 saylı Xətai birinci Seçki Dairəsi namizədlərin çoxluğu və sosial-siyasi tərkibinin genişliyi ilə diqqəti cəlb edir. Belə ki, bu dairədən namizədliyi qeydə alınanlardan 6-sı siyasi partiya təmsilçisi, 5-i isə bitərəfdir. Maraqlıdır ki, dairədən YAP-ın iki namizədi var. Onlardan Yengibar Əliyevin namizədliyi partiya, Gülnar Xəlilovanın namizədliyi isə özü tərəfindən irəli sürülüb. Bundan başqa, bu dairədən REAL (Natiq Cəfərli), ADP (Xaliddin Cahangirov), Ağ Partiya (Kamran Məmmədli) və VHP (Aysel Səfərli) də namizəd irəli sürüb. Bitərəflər arasında isə ən tanınmış şəxslər Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc və jurnalist Fuad Abbasovdur. 33 saylı Seçki Dairəsi mübarizənin ən gərgin və maraqlı keçəcəyi dairələrdən sayılır. Ən şanslılar isə Zahid Oruc, Natiq Cəfərli və Fuad Abbasov hesab olunurlar. Ehtimallara görə, bu dairədə Zahid Oruc digər rəqiblərini üstələyə bilər.
34 saylı Xətai ikinci Seçki Dairəsində isə 8 namizəd yarışacaq. YAP-dan başqa buradan, ADP və BAP da namizəd irəli sürüb. Digər 5 namizəd isə bitərəflərdir. Bu dairədən YAP-ın namizədi Mixail Zabelinin mandat qazanacağı gözlənilir.
35 saylı Xətai üçüncü Seçki Dairəsindən də 8 namizəd qeydə alınıb. Onların 4-ü bitərəf, 4-ü isə siyasi partiya təmsilçisidir. Partiyalılardan 1-i YAP-ı, 1-i VHP-ni, digər ikisi isə "Ümid"i təmsil edirlər. Bu dairədə əsas mübarizənin siyasi partiya təmsilçiləri arasında olacağı bildirlir. Onlardan Pərvanə Vəliyevanın şansının daha yüksək qiymətləndirilir.

36 saylı Xətai-Suraxanı Seçki Dairəsində mandat uğrunda 7 namizəd mübarizə aparacaq. Onlardan 3-ü bitərəf, 4-ü isə siyasi partiya (YAP, ƏHD, BAP və Ümid) təmsilçiləridir. YAP-ın bu dairədən namizədi bələdiyyə işçisidir. Burada əsas mübarizənin ƏHD sədri Qüdrət Həsənquliyevlə "Ümid" sədrinin 1-ci müavini Ənvər Ağazadə arasında olacağı və birincinin qalib gələcəyi təxmin edilir.

37 saylı Qaradağ Seçki Dairəsindən 5 bitərəf, 3 nəfər partiya təmsilçisi (YAP, REAL, Ağ Partiya) qeydə alınıb. Bu dairədə ən fəal namizədlərin YAP-çı Aydın Hüseynov və REAL-dan Samir Məmmədov olduğu müşahidə edilir. Dairənin qalibi böyük ehtimalla Aydın Hüseynov olacaq.

38 saylı Gəncə birinci Seçki Dairəsində 7 namizəddən 5-i bitərəf, 2-si siyasi partiyalardan (Naqif Həmzəyev -YAP, Oqtay Zeynalov - Müsavat) olan namizədlərdir. Bitərəflərdən 2-si mənzil-kommunal təsərrüfatı işçisi, 1-i müəllim, 1-i işsiz, 1-i isə pensiyaçıdır. Bu da onu deməyə əsas verir ki, əsas mübarizə partiya namizədləri arasında gedəcək. Müsavatın namizədnin bu dairədən deputat mandatı qazanacağı isə inandırıcı deyil.
39 saylı Gəncə ikinci Seçki Dairəsindən seçki marafonunda 5 partiya (YAP, Müsavat, AMİP, Ümid və DİP) namizədi, 3 bitərəf iştirak edəcək. Nəzərə alsaq ki, müxalifət partiyaları arasında seçki ilə bağlı hər hansı razılaşma yoxdur, o zaman onların ciddi ugur qazanacağı inandırıcı görünmür. Bu isə avtomatik olaraq, YAP-ın namizədi, sabiq deputat Pərvin Kərimzadənin qələbə şansını artırır.
40 saylı Gəncə üçüncü Seçki Dairəsindən seçkiyə qatılan namizədlərdən 4-ü işsizdir. Onlardan 2-si bitərəf, 2-si isə HƏP və Ümid partiyasının üzvləridir. Dairədən YAP-ın namizədi sabiq deputat Musa Quliyev, Müsavatın namizədi isə Mayıl Vəliyevdir. Bu dairədə mandat uğrunda səs yarışının əsasən, son iki namizəd arasında gedəcəyi proqnozlaşdırılır.
41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsindən isə parlamentə düşmək uğrunda 7 namizəd mübarizə aparacaq. Buradan hakim partiyanın namizədi sabiq deputat Müşfiq Cəfərov, REAL-dan isə Toğrul İskəndərlidir. Qalan 5 namizəd bitərəflərdir. Bitərəflərdən yalnız Güldanə Ağayeva və ehtiyatda olan polkovnik-leytenant Ceyhun Əliyevin qismən fəallığı müşahidə olunur. Dairədə səslərin əksəriyyəti Müşfiq Cəfərovla Toğrul İskəndərli arasında bölüşdürüləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.