Avtobus zolağına girmək QADAĞANDIRSA, sərnişini yolun ortasında DÜŞÜRMƏK olar?

28-08-2024, 00:11           
Avtobus zolağına girmək QADAĞANDIRSA, sərnişini yolun ortasında DÜŞÜRMƏK olar?
Bakıda ictimai nəqliyyat növü olan avtobusların rahat hərəkət etməsi, yaranan tıxacın qarşısının alınması məqsədilə xüsusi avtobus zolaqları yaradılıb. Avtobus zolağına daxil olan digər nəqliyyat vasitələrinin sürücüsü İnzibati Xətalar Məcəlləsinə görə, 100 AZN cərimə olunur.

Lakin bu qadağa bəzi problemlər də yaradıb. Belə ki, taksidən istifadə edən sərnişinlər mindikləri və ya avtomobildən enəcəkləri ünvanı yolqırağı göstərdikdə taksi də onları avtobus zolağına daxil olmadan yolun ortasında düşürür. Bu üsuldan təkcə taksi sürücüləri yox, digər şəxsi avtomobil idarə edənlər də istifadə edirlər. Bu da qəza şəraitinin yaranmasına səbəb olaraq sərnişinlərin həyatını təhlükəyə atır.

Maraqlıdır, sərnişin götürmək və ya onu düşürmək üçün digər nəqliyyat vasitələri avtobus zolağına keçə bilərmi?

Mövzu barədə Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib ki, hazırda avtobus zolağına digər avtomobillərin daxil olması cərimə ilə nəticələnir:

“Ötən il, avtobus zolağının çəkildiyi ilk mərhələlərdə təklif irəli sürmüşdük ki, qanuni taksi fəaliyyəti ilə məşğul olanlar sərnişinin düşüb minməsi üçün avtobus zolağına daxil olsunlar. Burada müəyyən qanuna uyğunsuzluqlar oldu. Ona görə də vəziyyətin əvvəlki kimi, qarışıq olmaması üçün birmənalı olaraq heç kimə icazə verilmədi, hətta bunun cəriməsi 100 manata qədər qaldırıldı. Əvvəl 40 manat idi”.

Ekspertin fikrincə, yaxın zamanlarda olmasa da, gələcəkdə belə hallar nəzərdə tutula bilər:

“Sui-istifadə hallarına yol verilməzsə, hərəkətə mane olunmazsa, gələcəkdə belə bir tətbiq ola bilər. Hələlik yaxın zamanlarda bunun tətbiq olunması gözlənilmir. Hazırda avtobus zolağına girdiyin halda 100 manat cərimə ödəməlisən”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.