“Qarabağ” davasını körükləyən Zori Balayan hardadır? – Xankəndidəki görüntülərə baxarkən nə deyib?
29-08-2024, 15:08
Qarabağda separatizmin ideoloji əsasını qoyanlardan biri olan yazıçı Zori Balayan Vətən Müharibəsindəki qələbəmizdən sonra yoxa çıxıb.
Azpost.info bildirir ki, 1980-cı illərdən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində etnik separatizmi körükləyən bu başabəla yazıçı Ermənistanda başlanan “Miatsum” hərəkatının liderlərindən olub.
Məhz Zori Balayan və erməni şairəsi Silva Kaptukiyan SSRİ prezidenti Mixail Qorbaçovun qəbuluna düşərək Qarabağın Azərbaycandan alaraq Ermənistana birləşdirilməsini istəyiblər.
Bütün bu illər ərzində fəal şəkildə anti-Azərbaycan siyasəti aparan Zori Balayan Qarabağ separatçılarının ideoloji rəhbəri olub.
44 günlük savaşdan sonra ictimai həyatdan “buxarlanan” Zori Balayan indi haradadır?
Son dörd ildə aktiv ictimai fəaliyyətdən uzaqlaşan 89 yaşlı Zori Balayan hazırda xəstədir. O, mediaya müsahibə vermir, jurnalistlərdən uzaq gəzir.
Bir neçə ay bundan əvvəl erməni saytlarından biri onunla əlaqə saxlamağa çalışıb. Lakin Zori Balayan səhhətini əsas gətirərək bundan imtina edib, oğlu Hayk Balayan vasitəsi ilə öz sözlərini çatdırıb.
“Son 4 ildə onun səhhətində ciddi problemlər yaranıb. Odur ki, ictimai həyatdan çəkilib”-deyə oğlu bildirib.
Azərbaycanın qələbəsi Zori Balayan üçün müdhiş xəbər olub.
O, Qarabağdan olan son xəbərləri izləməyə çalışır. Xankəndidə Azərbaycan ordusunun hərbi paradı keçirilərkən Zori Balayanın halı pisləşib.
Oğlu deyib ki, xəstə Zori Balayan Xankəndidə separatçıların ötən ilin yayında keçirdikləri mitinqdən olan kadrlara baxıb. “Sanki dirçəldi…Yumruğunu düyünləməyə çalışdı… Amma bu gün yumruğu qarşı tərəfin prezidenti sıxır…” –deyə Balayan bildirib.
Zori Balayan “yenidən intibah” üçün erməniləri kilsənin ətrafında birləşməyə çağırıb.
H.Balayan deyib ki, amma bu gün döyüşmək 1988-ci ildə olduğundan çox çətindir. “İndi insanların inamı itib. İnsanlar parçalanıblar. Bu parçalanma isə bizi uçuruma aparacaq”.
Əlləri on minlərlə insanın qanına batan Zori Balayanın körüklədiyi etnik münaqişə regionda yaşayan milyonlarla insana faciə gətirdi. O, bu gün ədalət məhkəməsindən qaça bilsə də tarixin lənəti əbədi olaraq üzərində olacaq.
Azpost.info