Staj tələb olunan məzunların iş tapa bilməməsində universitetlərin rolu nə qədərdir?

30-08-2024, 12:18           
Staj tələb olunan məzunların iş tapa bilməməsində universitetlərin rolu nə qədərdir?
Staj tələb olunan məzunların iş tapa bilməməsində universitetlərin rolu nə qədərdir?Bu gün univsersitetlərdən məzun olan tələbələr iş tapmaqda çətinlik çəkirlər. Adətən iş yerləri təcrübəsiz olduqlarından dolayı yeni məzunları işə qəbul etmirlər.

Bəs görəsən məzunlarının bu kimi problemlərlə qarşılaşmasında universitetin nə qədər payı var ?

Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən Sosial Tədqiqatlar mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri bildirib ki, universitetlər tələbələrinə lazimi praktikanı verə bilmirlər:

"Bu gün universitetlərimizdə istehsalat təcrübəsi yox kimidir. Bir çox universitetlərdə istehsalat təcrübəsi anlayışı hansısa bir formal prosedurun yerinə yetirilməsindən o tərəfə keçmir. Bu yolverilməz bir xətadır. Universitet nəzəri baza ilə istehsalat dünyasını birləşdirən bir tramplindir. Universitet nəzəriyyə ilə yüklədiyi tələbəni istehsalat dünyası ilə praktika vasitəsiylə əlaqələndirməlidir. Amma bizdə bu yoxdur. Tələbələr oxuduqları müddətdə lazimi praktika keçmədiklərindən narazı qalırlar. Əksər universitetlər istehsalat təcrübəsini məcburi bir prosedur kimi həyata keçirir. Bunun da olmaması olmasından daha yaxşıdır. Heç bir universitetin tələbənin gələcəyi ilə oynamaq haqqı yoxdur. Praktikalarının olmaması tələbələrdə iş aclığı yaradır. Onlar oxuduqları ixtisasla bağlı özlərini iş müəissələrində necə təsdiq edəcəklərini bilmirlər".

O, həmçinin bildirib ki, tələbələr özləri də oxuduqları müddətdə praktiki biliklərini gücləndirmək üçün çalışmalıdırlar:

"Çox nadir tələbələr var ki, onlar öz üzərlərində işləyirlər. Könüllü şəkildə ixtisasları ilə bağlı əlavə təlimlərə qoşulurlar. Amma bu kəsim azlıq təşkil edir. Böyük çoxluğun isə iş dünyasına atılandan sonra əlində çox ciddi problemlər qalır. Bütün bunların nəticəsində arzuolunmaz bir situasiya ortaya çıxır. Bu zaman da məzunlar bütün günahı universitetin boynuna yıxırlar. Deyirlər ki, universitet onlara heç nə öyrətməyib. Əlbəttə universitet öyrətməlidir, amma əgər öyrətmirdisə mübarizə aparardın. Mübarizən bir nəticə vermirdisə, özün özünü formalaşdırardın. Düzdür, bu universitetin praktika yoxsulluğuna haqq qazandırmır, amma tələbələr özləri də gələcəkləri üçün çalışmalıdırlar. Mən universitetlərin birində kompüter mühəndisliyi ixtisasını bitirib amma ixtisasını sonradan kursda öyrənmiş şəxs tanıyıram. Yəni özümüz də gələcəyimiz üçün bir addım atmalıyıq. Belə problemlərin yaşanmaması üçün çox yaxşı olardı ki, universitetlərimiz praktika amilini artırsınlar"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.