Ölkədən çıxışa QADAĞA: Hansı hallarda xaricə gedə bilməyəcəksiniz?
26-09-2024, 00:09
Azərbaycan bəzi hallarda vətəndaşlar ölkəni tərk etmək istəyərkən problemlə qarşılaşırlar. Belə ki, onların ölkəni tərk etməsinə məhdudiyyət və qadağalar olduğu üçün xaricə səfər edə bilmirlər.
AJMEDİA.İNFO xəbər verir ki, ölkədən çıxışa hansı hallarda qadağa qoyulmasını və hüquqi əsasları baku.ws araşdırıb.
Əgər hava limanında və ya quru sərhədlərində geri qaytarılmaq istəmirsinizsə, qanunvericilikdə nəzərdə tutulan bu halları diqqətlə izləməyiniz vacibdir.
Azərbaycan Respublikasının vətəndaşı yalnız müəyyən qanuni əsaslarla ölkəni tərk etmək hüququndan məhrum edilə bilər. Bu vəziyyətlər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi, və Azərbaycan Respublikası Cinayət Məcəlləsi kimi qanunvericilik aktlarında qeyd olunur.
Bu hallarda ölkədən çıxışa qadağa qoyula bilər:
1. Məhkəmə qərarı ilə ölkəni tərk etmək qadağası
Vətəndaşlar məhkəmə qərarı ilə ölkəni tərk etmək hüququndan məhrum edilə bilərlər.
Aşağıdakı hallarda məhkəmə tərəfindən belə bir qərar verilə bilər:
Cinayət təqibi altında olan şəxs: Əgər vətəndaşa qarşı cinayət işi açılıbsa və istintaq zamanı onun ölkədən çıxışı məhdudlaşdırılıbsa, bu şəxsin sərhədi keçməsinə icazə verilməyəcək.
Cərimə və ya borc öhdəliyi olanlar: Məhkəmə qərarı ilə borc öhdəliklərini yerinə yetirməyən şəxslərin ölkəni tərk etməsi məhdudlaşdırıla bilər. Bu bura həmçinin vergi borcu olan şəxslər də daxildir.
2. Əsgərlik öhdəliyi
Əsgərlik öhdəliyi olan, lakin həmin öhdəliyi yerinə yetirməyən kişilər ölkəni tərk edə bilməzlər. Qanunvericiliyə əsasən, əsgərlik yaşı çatmış şəxslər ölkədən çıxış zamanı yoxlanılır və əgər hərbi xidmətə çağırışdan yayınıblarsa, hava limanında və ya sərhəddə geri qaytarıla bilərlər.
3. Məhkəmə qərarı ilə zamin duran şəxslər
Banka zamin duran şəxsin ölkəni tərk etməsi məhdudlaşdırıla bilər. Əgər zamin dayandığı borclu öhdəliklərini yerinə yetirmirsə və məhkəmə tərəfindən qərar çıxarılıbsa, zamin olan şəxs də məsuliyyət daşıyır və onun da ölkəni tərk etməsi qadağan oluna bilər.
4. Dövlət sirrini bilən vəzifəli şəxslər
Dövlət sirrinə malik olan vəzifəli şəxslərin ölkədən çıxışı məhdudlaşdırıla bilər. Bu şəxslərin ölkəni tərk etməsi milli təhlükəsizliyə zidd hesab olunduqda, xüsusi qaydalar əsasında onların hərəkətləri məhdudlaşdırılır.
5. Qanunsuz miqrasiya və saxta sənədlərlə ölkəni tərk etmə cəhdi
Əgər bir şəxs saxta sənədlərlə və ya qanunsuz miqrasiya məqsədilə ölkəni tərk etməyə cəhd edərsə, hava limanında və ya sərhəddə bu cəhdin qarşısı alınır və şəxs geri qaytarılır.
6. İnzibati və ya cinayət işləri üzrə borclular
İnzibati və cinayət işləri üzrə dövlətə və ya vətəndaşlara borclu olan şəxslər (məsələn, aliment ödəməyənlər) də ölkəni tərk edə bilməzlər. Bu cür şəxslərin ölkəni tərk etmə hüququ məhkəmə qərarları əsasında məhdudlaşdırıla bilər.