Sietl azərbaycanlıları ABŞ seçkiləri haqda danışır

29-09-2024, 10:08           
Sietl azərbaycanlıları ABŞ seçkiləri haqda danışır
2024-cü il ABŞ prezident seçkilərinə təxminən altı həftə qalır. Demokratların namizədi, cari vitse-prezident Kamala Harris və Respublikaçıların namizədi, sabiq prezident Donald Tramp ölkənin 47-ci prezidenti olmaq uğrunda sərt rəqabətdədirlər. Vaşinqton ştatında yaşayan azərbaycanlılardan bu seçkilər haqda nə düşündüklərini öyrəndik.

ABŞ-ın qərbində, Sakit okean sahilində yerləşən Vaşinqton ştatı Azərbaycandan gələn miqrantların ən çox üz tutduğu yerlərdən biri hesab edilmir. Buna baxmayaraq, ölkənin ən böyük şəhərlərindən biri olan Sietlda azərbaycanlıların sayı ildən ilə artır.

Onların bir çoxu artıq uzun müddətdir ki Birləşmiş Ştatlardadır və ABŞ vətəndaşları kimi prezident seçkiləri öncəsi geniş müzakirə edilən mövzular onların da diqqətindən kənar qalmır.

Vaşinqton Universitetinin doktorantı Ramin Cabbarlı deyir ki, azərbaycanlı amerikalılar üçün builki seçkilərin 2020-ci il seçkilərindən böyük fərqi var:

“Daha öncəki seçkilərlə müqayisədə bu seçkilərdə Azərbaycan diasporası baxımından, məncə, bir fərq var. Çünki daha öncə Qarabağ məsələsi var idi. Azərbaycanlıların bir qrupu səsvermədə “hansı prezidentin Qarabağ məsələsi ilə bağlı yanaşması nə ola bilər?” kimi məsələlərlə bağlı qayğıları var idi. Onun da əslində bunların qərarına təsiri var idi. Bu dəfə, sanıram, daha fərqli ola bilsin.”

Sietl şəhərində gəzəndə seçki ab-havası hiss olunmur. Sonuncu dəfə bu ştatda qələbə qazanan respublikaçı preizidentliyə namizəd 80-ci illərdə Ronald Reyqan olub. O vaxtdan bəri keçirilən 9 seçkilərin hər birində demokratlar respublikaçı rəqibləri üzərində qələbə qazanıblar. 2024 seçkilərində də bu ştatda fərqli nəticə olacağı ehtimalı demək olar ki, yoxdur.

Danışqdığımız azərbaycanlı amerikalılarının əksəriyyəti bu seçkilərdə seçimin çətin olmasına baxmayaraq, səsvermədə iştirak edəcəklərini dedilər.

İlkin Abasov, sahibkar: “Amerikada ilk dəfə seçkilərdə iştirak etmək məqamım çox gəliz bir vaxta gəldi. Məsəlçün, hər iki namizəd özlərini çox güclü doğrultmurlar və inanmaq çox çətindir.”

Ayxan Mirizadə, daşınmaz əmlak brokeri:“Mən özüm də hələ ki qərar verməmişəm. Çünki bəzi şeylərdə qırmızı [Respublikaçılar] tərəfi xoşlayıram, bəzi şeylərdə göy [Demokratlar] tərəfi. Amma hələ ki, yüzə-yüz qərar verməmişəm.”

Hüseyn Kərimov, sahibkar: “Əslində bundan qabaq həmişə səs vermişəm. Hal-hazırkı, bax bu seçkilərdə, [Donald] Trampla Kamala [Harris] ilə əlaqədar qərarsızam.”

Proqram təminatı məhsulları meneceri Baycan Verdiyeva isə seçkidə iştirak etməyəcəyini bildirir:

“Mənim yaşadığım ştat Demokrat ştat olduğu üçün burada, məncə, heç bir xeyri yoxdur səsvermənin. Yəni, istəsəm də, istəməsəm də, Demokrat Partiyası qalib gələcək.”

Burada yaşayan azərbaycanlı amerikalılar seçkidə necə səs verəcək? Azərbaycan əsilli amerikalı əhalinin diqqətində olan mövzular nədir?

Natavan Əliyeva, xüsusi təhsil müəllimi: “Vaşinqton indi ən bahalı ştat olub. O da, məncə COVID-dən sonra alınıb. COVID-dən sonra evlərin qiyməti qalxdı, hər şeyin qiyməti qalxdı və nə qədər də maaşlar qalxsa da, camaat çatdırmır. Bu saat o qədər insan var ki, maşınlarında yaşayırlar. Maşın olmasa, küçələrdə yaşayırlar.”

Ayxan Mirizadə: “COVID-dən sonra çox adam işini itirdi, işləmək istəmədi. Ondan sonra fikir verirsən ki, maşın yarmalar, evə girmək həqiqətən də artıb.”

Baycan Verdiyeva cinayət səviyyəsinin artmasında iqtisadiyyatın zəifləməsi və təhsilin keyfiyyətinin aşağı düşməsi ilə bərabər, mental sağlamlıqla bağlı durum və ölkə sərhədini qanunsuz keçən miqrantların sayının artmasında görür:

“Qeyri-leqal miqrasiyasida hansısa qanunlar yaratmaq… Çünki qeyri-qanuni miqaratların heç bir sənədsiz, yoxlanışdan keçmədən ölkəyə buraxılmasının da çox böyük təsirləri olur. ”

Ayxan Mirizadə də mühacir axının olduğunu deyir, amma eyni zamanda ölkəyə mühacirlərin lazım olduğunu əlavə edir:

“Qanunsuz gələn çox oldu. Bilinmir kimdir, haradan gəlirlər. Amma immiqrant yenə də həmişə lazımdır bu ölkəyə. Bu ölkə immiqrantlar üzərində qurulub. İmmiqrant həmişə lazımdır.”

Builki seçkilərdə ABŞ tarixində ikinci dəfə ölkənin əsas partiyalarından prezidentliyə namizəd qadındır. 2016-cı ildə Hillari Klinton Donald Trampa məğlub olduğundan Kamala Harrisin qələbəsi onu ABŞ tarixinin ilk qadın prezidenti edə bilər.

Natavan Əliyeva namizədin cinsinin fərq etmədiyini desə də, qadın prezidentin ölkə üçün yaxşı nümunə olacağına inanır:

“Qadın və ya kişi… yaxşı prezident olsun. İnsanları fikirləşsin. Amma bir tərəfdən də qadın olsa mən çox sevinərəm. Çünki nümunə olar qadınlar üçün, cavan qızlar üçün ki, qadınlar da elə yerlərə çıxa bilərlər.”

Baycan Verdiyeva da prezidentin cinsinin fərqi olmadığını deyir:

“Peşəkar və şəxsi həyatımda heç bir diskriminasiya hiss etmirəm və son zamanlar, məncə, qadın və kişi arasında olan fərq aradan qaldırılıb. Ona görə mən düşünmürəm ki, prezidentin qadın və ya kişi olmasından böyük dəyişiklik yarana bilər.”

Sahibkar Elçin Süleymanov isə ölkədə siyasi spektrumun hər iki tərəfini bir araya gətirə biləcək namizədlərə ehtiyac duyulduğunu deyir:

“Bizə elə bir lider lazımdır ki, sağ və sol tərəfi birləşdirsin. Yəni, tək ya sağ tərəfin, ya da sol tərəfin prezidenti olmasın. Ortada olsun və hər iki tərəfi birləşdirsin. ”

ABŞ-da prezident seçkiləri hər zaman gərgin mühitdə keçib. Bir çoxları deyir ki, siyasi baxışlarda fərqlər və hansı namizədi dəstəkləməklə bağlı fikirlər gündəlik ünsiyyəti olan insanlar arasında münasibətlərə də təsirsiz olmur.

Ayxan Mirizadə: “Dost-tanışlarım var. Hər dördüncü gün Zoom-da dava-qırğın gedir. Özü də iki tərəfdir. İki-üç nəfər o [Respublikaçı] tərəfdir, mən ortadayam, bir nəfər Demokratdır, söhbət qızışır...”

Elçin Süleymanov: “Xüsusən də əgər sən Tramp tərəfdarı və ya Respublikaçısansa, bunu rahat dilə gətirə bilmirsən. Demirəm ki, mən və ya yanımdakılar odur. Sadəcə gördüyümdən deyirəm ki, insanlarda sənə qarşı fikir formalaşır. Bu da əslində heç də yaxşı nüans deyil.”

İlkin Abasov: “Belə də çox sərt yox, amma mübahisələr görmüşəm. Bu mübahisələr də insanlardan asılıdır. Məsələn, bura təzə gələn, öz statuslarını tam bərpa etməmiş insanlar Demokratların tərəfini tuturlar, amma artıq öz statuslarını əldə etmiş insanlar vətəndaş olanda, onlar Trampın tərəfini tuturlar. Bu insanlar arasında kiçik mübahisə yaranır ki, bəs sən indi vətəndaş olmusan, digər immiqrantlar sənin vecinə deyil. Belə bir şey deyirlər.”

Sahibkar Hüseyn Kərimov isə deyir ki, iş mühitində bir çox insan siyasi fikirləri səsləndirməyi və soruşmağı məqbul hesab etmir.

“Çox vaxt fikirləşirlər ki, bu, etik deyil. Ona görə də hamı gizlədir kimə səs verdiyini. Məsələn, bizdə burda işçilər var ki, sən təxmini bilirsən ki, kimə tərəfdir, amma gizlədirlər.”

Elçin Süleymanov düşünür ki, mövzular və müzakirələr əvvəlki seçkilərdən fərqli olmasa da, bu səsvermədə vətəndaşlar seçimlərini əvvəlki illərdən daha fərqli tərzdə edəcəklər:

“Mənə elə gəlir ki, artıq insanlar ənənəvi tərəfində olduqları partiyaya deyil, konkret olaraq onların bu gün problemlərini həll edə biləcək partiyaya səs verəcəklər. Mənim ətrafımda amerikalı dostlarım var ki, hansı ki, ənənəvi olaraq, illər boyu, ailələri Demokrat olublar. Amma bu gün onların danışığında hiss edirsən ki... deyir ki, mən bilirəm ki, Demokratlara səs versəm, hansı ki, qəlbim istəyir onlara səs vermək... Amma mən bilirəm ki, Respublikaçılara səs versəm, məndə iqtisadi baxımdan portfoliom daha yüksələcək, iş təminatı daha yuxarı olacaq. İnsanlar buna inanır. Əslində ortada olan bəzi çox da seçkiyə fikir verməyən, işçi qrupu var ki, onlar məsələn bu seçimdə qalıblar. Biri də açığı mənəm. Mənim qəlbim istəyir ki, Demokratlara səs verim, çünki mənim bütün həyat baxışım onlarla uyğun gəlir. Amma baxırsan ki, sırf bəzi mövzularda Respublikaçıkar... xüsusən də iqtisadiyyat və ya Amerikanın güclü olması mövzusunda onlar daha yaxşı yol götürüblər. O mənada artıq qalırsan seçim qarşısında. Bu seçki ona görə çox maraqlı seçki olacaq.”













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.