Açıq “Wi-Fi”dan istifadə edənlərə XƏBƏRDARLIQ - Pullarınız oğurlanır!
3-10-2024, 08:54
Türkiyədə aparılan araşdırma göstərib ki, ictimai yerlərdə parolsuz “Wi-Fi”lara qoşulmalar istifadəçilər üçün bəzi risklər yaradır.
TEREF Sfera.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəsislər bu cür qoşulmalardan sonra mobil bank proqramlarından istifadə zamanı maliyyə məlumatlarının kibercinayətkarların əlinə keçməsinin mümkün olduğu qənaətinə gəliblər.
Təhlükəsizlik mütəxəssisləri bildiriblər ki, kibercinayətkarlar öz məqsədlərinə çatmaq üçün istənilən rəqəmsal kanaldan alət kimi istifadə edə bilərlər. Aparılan araşdırmalar göstərib ki, gündəlik həyatda internetə qoşulmaqla xidmətlərdən istifadə edən şəxslər lazımi təhlükəsizlik tədbirlərinə əhəmiyyət vermir, istifadə zamanı bəzi səhvlərə yol verilməsi kibercinayətkarlar üçün əla fürsətlər yaradır və nəticədə kart və ya adi hesablarda olan böyük məbləğdə vəsaitlər mənimsənilir. Buna görə də türkiyəli mütəxəsislər mobil tətbiqlərdən istifafə edən şəxslərin virtual dünyanın təhlükəsizlik qaydalarını yaxşı öyrənməyi, rəqəmsal savadlılıq səviyyəsini artırmağı tövsiyə edirlər.
Ən çox fırıldaqçılığın mobil bankçılıq proqramları vasitəsilə həyata keçirildiyinə diqqət çəkən mütəxəsislər, son zamanlar bu kiber təhdidlərin artdığını bildiriblər. Tövsiyə olunur ki, riskləri minimum endirmək üçün bank hesabları və ya bank kartlarının parolları hər 3-6 aydan bir yenilənsin, eyni zamanda xidmət göstərən qurumlar istifadəçilərə daha təkmil parollar təklif etsinlər.
Bundan başqa, bankların adından e-poçt və ya mesaj vasitəsilə gələn tələblərə cavab verilməməsi, kart məlumatların paylaşılmaması, yalnız etibarlı saytlarda alış-veriş edilməsi də məsləhət görülür.
Mütəxəssislər xəstəxanalar, kafelər, restoranlar, istirahət mərkləzləri, parklar kimi yerlərdə açıq olan “Wi-Fi” şəbəkələrinə qoşulan zaman internet bankçılıq xidmətindən yararlanmamağı tövsiyə edirlər.