“Evlənsə, kimisə bədbəxt edəcək, çünki o nevrozdur” - Qalmaqallı açıqlama

4-10-2024, 07:34           
“Evlənsə, kimisə bədbəxt edəcək, çünki o nevrozdur” - Qalmaqallı açıqlama
"Sevgi iki sağlam insan arasında yaranan ülvi hislərdir. Burada bir-birinin dəyərlər sisteminə qarşılıqlı hörmət, bir-birini olduğu kimi qəbul edib onun ailəsinə, işinə, zövqlərinə və s. sayqı, bir-birinə əlindən gələn qədər maddi, mənəvi, sağlıq, məişət və s. məsələlərdə dəstək və kömək deməkdir. Sevgi həm də məişətini bir yerdə bölüşüb hər halını onunla bir yerdə gözəl yaşamağa deyilir”.

Bu sözləri Yenisabah.az-a sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva deyib. Toksik (zəhərli) münasibətlərdən danışan psixoloq bunun sevgi olmadığını bildirib: “Kənarda evdən, məişətdən sıxılıb özünə rahatlıq axtaran adam o rahatlığı heç vaxt tapa bilməz, o insan məsuliyyət ala bilmədiyi, psixoloji problemləri olduğu üçün bir zamanlar sevdiyi insanla bərabər sevgini inkişaf etdirməkdən, onun qayğısına qalmaqdan boyun qaçırır, daha asan yollar axtarır xoşbəxtlik üçün, amma bu çox zaman bədbəxtliyə aparır. Bəli, sevgini yalnız sağlam insanlar yaşaya bilər. Bir-birinə inanan, güvənən, sadiq olan, hər gününü bir yerdə rəngarəng keçirə bilən insanlar sevgi yaşaya bilər, qalan digər hallarda bu, sevgi yox, psixoloji pozuntudur. Ona görə hələ lap əvvəllər “sevgi xəstəlikdir” ifadəsini eşitmişik. Əgər hər iki tərəf xəstədirsə, bu münasibət qəbrə qədər gedəcək, çünki bu onların norması olacaq və bu münasibət hər iki tərəfi qane edəcək və bu onları nə dərəcədə xoşbəxt edəcək artıq özləri biləcək, yox əgər bir tərəf sağlam bir tərəf xəstə olarsa, bu, hardasa qırılacaq. Sağlam tərəf öz dözmə limitindən asılı olaraq ya dəyişdirməyə çalışacaq, ya güzəştə gedəcək, göz yumacaq, qulaq bağlayacaq, cəza verəcək və s,və s. sona qədər mübarizə aparacaq, dözmə limitinin bitdiyi anda hər şey qırılacaq. O, daha dözmək istəməyəcək, həm də çox zaman belə də olur ki, həmin o, sağlam dediyimiz adam özü də xəstə olur, bu münasibətdə özünü sağaldır və hər şeyi dərk edəndə artıq dözmək istəmir, təbii ki,bunlar hamısı şüuraltı olaraq baş verir,heç kim qəsdən ,bilə bilə xəstə münasibəti seçmir. Digər tərəf də sağalarsa, münasibət sağalır və əsl sevgiyə çevrilir, əks halda, sağalan tərəf tərk edir, o da günahkar hiss edə bilər, peşman hiss edə bilər, amma sağlam düşündüyü üçün və özünə hörmət etdiyi üçün depressiyaya düşmür. Psixologiyada bu cür sevgi toksik münasibətlər adlanır, bu bir-birini zəhərləyən, xəstələndirən münasibətdir. Çox zaman sevgi adlandırdığımız şey asılılqdan başqa bir şey olmur, siqaret, içki və s. asılılıqlar kimi”.

O, qeyd edib ki, kimisə sevmək, həqiqətən xoşbəxt olmaq üçün əvvəlcə bütün psixoloji problemlərdən azad olmaq mütləqdir: “Normal, psixoloji sağlam olan insan aşırı qısqanılmaqdan, təhqir, tənqid, aşağılanma və istənilən növ şiddətdən qaçar, lakin psixoloji asılılığı olan insan buna dözər və özünə bəraət qazandırmaq üçün əzab aldığı münasibəti mənəviləşdirər, ailə, sevgi müqəddəsdir, qorumaq lazımdır və s. kimi qorunması lazım olmayan dəyərləri qoruyub xəstə düşər və gənc nəslə də bu xəstəliyi təbliğ edər, hər kəs özünü dəyərli hiss etmək istəyir, mən gücsüzəm, asılıyam deyə dözdüm deməz, sənin üçün qorudum deyər, sənə minnət verib, özünü dəyərli hiss etmək istəyər.

Sevgi həyat, motivasiya verməli, sənin həyat enerjini artırmalı, səni gözəlləşdirməli, səni yaradıcılığa sövq etdirməlidir, bir sözlə, sevgi səni aşağı çəkməməlidir, səni məhdudlaşdırmamalıdır, səni xəstələndirməməlidir, əksinə, səni fiziki, mənəvi, sosial və s. tərəflərdən daha da gücləndirməlidir, bütün bunların əksi sevgi adlandırdığımız psixoloji pozuntulardır, kiminsə asılılıqları, kiminsə paranoyalarıdır, kiminsə nevrozlarıdır. Təəssüf olsun ki, bizdə belə bir deyim var: sevsə, evlənsə düzələcək.

Xeyr, düzəlməyəcək, əksinə, kimisə bədbəxt edəcək, boşanmaların, bədbəxt ailələrin, travmalı insanların sayın artıracaq. Buna görə də əgər sevmək istəyirsənsə, xoşbəxt olmaq istəyirsənsə, birinci psixoloji problem və pozuntularını sağaltmalısan”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.