Zərərçəkənlər və yaxınları məhkəmədə ifadə verdilər: "Tağı İbrahimov bizi evlə təmin etsin"
4-10-2024, 17:08
Bakının Binəqədi rayonundakı "Bakı Ağac Emalı" ASC-nin ərazisində baş verən partlayışla bağlı cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə baş tutan iclasda partlayış zamanı ölən 10 nəfərin hüquqi varislərinin ifadələri dinlənilib.
Partlayış zamanı həyatını itirən Elvin Rüstəmovun həyat yoldaşı ifadəsi zamanı vurğulayıb ki, əri həmin zavodda ağac kəsimi prosesində fəaliyyət göstərib. O, həyatını itirdikdən sonra ailəsi böyük sıxıntılarla üzləşib. Kirayədə qaldıqları üçün ciddi maddi problemləri var. Zərərçəkənin nümayəndəsi onu da bildirib ki, həyat yoldaşının ölümündən sonra sahibkar Tağı İbrahimovun yaxınları ona 5 000 manat məbləğində yardım ediblər. Amma buna baxmayaraq, o, təqsirləndirilən Tağı İbrahimovdan ailəsinin evlə təmin edilməsini istəyib.
Digər zərərçəkmişlərdən Solmaz Abbasovanın oğlu Tural Həsənov deyib ki, keçirdiyi sarsıntıdan hələ də özünə gələ bilməyib:
"Anam həmin zavodun binasındakı tikiş sexində işləyirdi. İşlədiyi yerin dəqiq harada yerləşdiyini bilmirəm. Hadisəni də işlədiyi yerə gələndə öyrəndim. Həmin gün anama zəng etmişdim. İş vaxtı bitdikdən sonra anam evə qayıtmadı və mən narahat oldum. Daha sonra partlayış yerində olanları öyrəndim".
Məhkəmənin növbəti iclası oktyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, ibtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi, bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.