Tahir Nəqəvi həbsxana geyimindən imtina etdiyi üçün xəstəxanaya aparılmır

26-10-2024, 15:54           
Tahir Nəqəvi həbsxana geyimindən imtina etdiyi üçün xəstəxanaya aparılmır
Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi ciddi sağlamlıq problemləri yaşasa da, müvafiq tibbi müayinələr və lazımi müalicəni ala bilmir. Hazırda onurğa fəqərələrindən ciddi ağrılar çəkən Nəqəvinin həbsxanadan kənarda ixtisaslaşmış bir həkimin nəzarətində müalicə olunması tövsiyə edilsə də, həbsxana geyimindən imtina etməsi səbəbilə bu proses təxirə salınıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, həbsxana həkimi Nəqəvinin MRT müayinəsindən keçirilməsini, həmçinin ortoped və nevropatoloqun nəzarəti altında müalicə olunmasını zəruri sayır. Azərbaycanlı siyasi məhbusun yaxınlarının dediyinə görə, o, həbsindən əvvəl avtomobil qəzası keçirmiş və müalicəsini davam etdirirdi. Lakin həbsxanada tibbi yardıma məhdud çıxışı olması və müalicə prosesinin pozulması onun vəziyyətini daha da ağırlaşdırıb, sağ əlinin funksionallığı isə əhəmiyyətli dərəcədə zəifləyib.

Nəqəvinin həbsxana formasını geyinməkdən və qandaldan istifadədən imtina etməsi səbəbilə həbsxana rəhbərliyi onun həbsxanadan kənarda xəstəxanaya köçürülməsinə mane olur. Bu hadisənin ilk dəfə baş vermədiyi, bir neçə dəfə təkrarlanmış olduğu bildirilir.

Bununla əlaqədar cümə axşamı, oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə xüsusi məruzəçisi Mary Lawlor, X hesabında həbsdə olan azərbaycanlı vəkil və siyasi fəal Tahir Nəqəvinin vəziyyətinin pisləşməsindən narahatlığını ifadə edib.
"Həbsdə olan vəkil və fəal Tahir Nəqəvi xəstəxana müalicəsindən məhrum edilir və təhlükəli məhbuslarla birlikdə saxlanılır, bu isə onun təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradır və İran tərəfindən təmin edilməlidir." -deyə, o, qeyd edib.

Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsinin hakimi Əbülqasım Salavatinin qərarı ilə Nəqəvi 6 il həbs, 2 il sosial hüquqlardan məhrum edilmə və ölkədən çıxış qadağası ilə cəzalandırılıb.
İşlə tanış mənbələr bu hökmün Kəşfiyyat Nazirliyinin əsassız və hüquqi əsasdan məhrum hesabatı əsasında verildiyini bildirirlər. Nəqəvinin yaxınları ittihamların əsassız olduğunu, hətta onun qətiyyətlə rədd etdiyi ittihamların tam tərsinə saxta şəkildə “etiraf” kimi işdə qeyd edildiyini vurğulayırlar.

Mənbələr məhkəmə işində çoxsaylı ziddiyyətlərin olduğunu qeyd edirlər; Nəqəvinin sorğu materiallarında Kəşfiyyat Nazirliyinin müstəntiqləri tərəfindən irəli sürülən bəzi iddiaların əsassız olduğu və onun ifadələrinin saxtalaşdırılaraq “etiraf” kimi qeyd edildiyi bildirilir. Buna baxmayaraq, Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsi təqsirləndirilənin müdafiə hüquqlarına baxmadan, yalnız Kəşfiyyat Nazirliyinin müstəntiqləri tərəfindən işdə qeyd edilən materiallar və hesabatlar əsasında ən ağır cəzanı verib.

Hüquq müdafiəçiləri apellyasiya məhkəməsinin milli fəallara qarşı daha ədalətli yanaşacağını və ilkin hökmü ləğv edəcəyini gözləyirlər.
Tehran İnqilab Məhkəməsi bu ilin fevral ayının ilk həftəsində İran Azərbaycanı və ölkənin müxtəlif vilayətlərində həbs olunan və hazırda Evin həbsxanasında saxlanılan altı türk fəala ümumilikdə 51 il həbs cəzası çıxarıb. Girov müqabilində müvəqqəti azadlıqda olan bəzi fəalların hökmləri də açıqlanıb və həmin şəxslərə də uzunmüddətli həbs cəzalarının verildiyi bildirilir.
https://x.com/MaryLawlorhrds/status/1849419245626511771?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1849419245626511771%7Ctwgr%5E58c993a6b0bf0a2d049bed8703fd7a266f301e84%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.amerikaninsesi.org%2Fa%2F7839149.html












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.