Yüksək qan təzyiqi nədən yaranır və necə müalicə olunur? Mütəxəssis detalları izah edib

28-10-2024, 11:34           
Yüksək qan təzyiqi nədən yaranır və necə müalicə olunur? Mütəxəssis detalları izah edib
Xəstəliyin ən ciddi fəsadlarından biri arterial və kəllədaxili təzyiqin kəskin artması, qusma, ürəkbulanma və baş ağrıları, serebrovaskulyar qəza ilə özünü göstərən hipertonik böhranlardır.
Yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. Ürək-damar sistemi xəstəlikləri riskinin ən mühüm faktorlarından biri hipertoniya – yüksək qan təzyiqidir. Ürək tutmalarının və insultların əsas səbəbi olan arterial hipertoniyanın əlamətləri, ondan qorunmaq yolları, qan təzyiqinin normada saxlanılması və tənzimlənməsi üsulları barədə Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin invaziv kardioloqu Emin Hacıbalayev sualları cavablandırıb.
- Həkim, arterial hipertoniya nədir?
- Hipertoniya qan təzyiqinin həddindən artıq artması və ya yüksəlməsi deməkdir. Qan təzyiqi deyiləndə qanın damarların divarlarına etdiyi təzyiq nəzərdə tutulur. Hipertoniya qan təzyiqinin davamlı artmasıdır. Onun həm müxtəlif xəstəliklərin əlaməti olaraq, həm də naməlum səbəblərdən yaranması mümkündür. Vaxtında müalicə edilməyən hipertoniya infarkta, ürəyin genişlənməsinə və nəticədə ürək çatışmazlığına səbəb olur. Hipertoniya qan təzyiqinin 140/90-dan yuxarı davamlı artması ilə müşayiət olunan patoloji haldır və getdikcə irəliləyən xarakter daşıyır. Ona görə də bu xəstəliyi daim həkim nəzarətində saxlamaq lazımdır.
-Normal təzyiq nə qədər olmalıdır? Hipertoniya diaqnozu nə zaman qoyulur?
-Arterial təzyiq - sistolik və diastolik olmaqla iki qrupa bölünür. Normal arterial təzyiq 120/70 millimetr civə sütunu olmalıdır. Gənc yaşlarda qan təzyiqi 90/60 və 120/80 millimetr civə sütununa bərabər olmalıdır. Daha yaşlı insanlarda bu rəqəm artır. Arterial təzyiq arteriyaların və ya onların kiçik damarlarının - arteriolların daralması baş verdikdə yüksəlir. Hipertoniya diaqnozu iki fərqli gündə aparılan təzyiq ölçmələrinə əsasən, hər iki gündə sistolik təzyiqin 140 millimetr Hg-ə bərabər və ya ondan çox olduğu hallarda qoyulur. Birincisi (sistolik təzyiq) ürək əzələsinin yığılması zamanı, ikincisi isə (diastolik təzyiq) ürəyin iki yığılma arasında yaranan təzyiqin göstəricisidir. Qan təzyiqi bədəndəki qanın ən vacib qan damarları olan arteriyaların divarlarına göstərdiyi təzyiqdir. Qan təzyiqinin səviyyəsi insan sağlamlığının ən yaxşı göstəricilərindən biridir. Hipertoniya qan təzyiqinin həddindən artıq artması, yüksəlməsi ilə xarakterizə olunur.
- Hipertoniya xəstəliyinin yaranma səbəbi nədir?
-Qan təzyiqinin qalxmasının başlıca səbəbi qan axınına çətinlik yaradan kiçik damarların daxilində boşluğun azalmasıdır. Sadə dildə desək, bu zaman qan damarlarının divarlarına təzyiq artır, arterial təzyiq yüksəlir, çünki ürək əzələsi qanı axına itələmək üçün daha çox qüvvə tələb edir. Xəstəliyin inkişaf riskinə xəstənin yaşı, xolesterinin səviyyəsi (6,5 mmol/litrdən artıq), qohumlarda ürək-damar xəstəlikərinin olması, siqaret çəkmək, piylənmə, şəkərli diabet, yaşlı insanlarda oturaq həyat tərzi kimi amillər aiddir.
Hipertoniya xəstəliyinin yaranma səbəblərinə, həmçinin yağlı və duzlu yeməklərdən, un məmulatlarından, şəkərdən çox istifadə aiddir. Hipertoniya xəstəliyi birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili hipertoniya essensial hipertoniya adlanır. İkincili hipertoniya orqanların zədələnməsi nəticəsində baş verir. Məsələn, qalxanabənzər vəzin zədələnməsi, böyrəklərdə baş verən dəyişikliklər, parinxamotoz mənşəli pozuntular, həmçinin böyrəyin damar sistemində baş verən dəyişikliklər, böyrək arteriyasının stenozu və sair. Bundan başqa, böyrəküstü vəzdə baş verən dəyişikliklər, patoloji proseslər təzyiqin yüksəlməsinə səbəb ola bilər.
-Hipertoniyanın tipik əlamətləri hansılardır?
-Hipertoniyanın tipik əlamətlərinə səhər tezdən baş ağrıları, burun qanamaları, ürək ritminin pozulması, bulanıq görmə, qulaqlarda cingilti, eləcə də zəiflik, ürəkbulanma, qusma, sinə ağrısı, əzələ titrəməsi və sair aiddir. Ondan əziyyət çəkənlərin çoxu problemin olduğunu bilmir, çünki hipertoniya heç bir əlamət olmadan və simptomsuz keçə bilər. Buna görə də belə hallara şübhə yaranarsa, qan təzyiqini mütəmadi ölçmək vacibdir.
Bəzi hallarda hipertoniya səhər tezdən baş ağrıları, burun qanamaları, anormal ürək döyünməsi, bulanıq görmə və qulaqlarda cingilti ilə müşayiət oluna bilər.
-Hipertoniyanın müalicəsi necə aparılır?
- Hipertoniyanın müalicəsi mürəkkəbdir və xəstəliyin səviyyəsi, xəstənin cinsi, yaşı və digər amillərdən asılıdır. Dərmanlar yalnız təzyiqi azaltmağa kömək edir. Belə ki, xəstəliyin səbəbini aradan qaldırmaq üçün həyat tərzinizi tamamilə dəyişmək tələb olunur. Bunun üçün pis vərdişlərdən uzaq olmaq, siqaret və alkoqollu içkilərdən birdəfəlik qurtulmaq, düzgün və sağlam qidalanmaq, açıq havada gəzmək lazımdır. Məhz belə yaşam tərzi nəticəsində həyati təhlükəsi olan ağırlaşmaların başlanğıcını uzun müddət təxirə salmaq mümkündür. Bir çox halda həyat tərzinin dəyişikliyi, qəbul edilən duzun miqdarının azaldılması və hərəkətliliyin artırılması ilə təzyiqi dərman müdaxiləsinə ehtiyac olmadan nəzarətdə saxlamaq mümkündür.
-Ağırlaşmış hipertoniya xəstəliyi hansı fəsadlara səbəb olur?
-Xəstəliyin ən ciddi fəsadlarından biri arterial və kəllədaxili təzyiqin kəskin artması, qusma, ürəkbulanma və baş ağrıları, serebrovaskulyar qəza ilə özünü göstərən hipertonik böhranlardır. Uzun müddətli hipertoniyanın əsas nəticəsi yaşlı insanda əlilliyin formalaşmasıdır. Hipertoniya, həmçinin beyini qan və oksigenlə təmin edən arteriyaları cıraraq və ya bloklayaraq insult yarada bilər. Ona görə də yüksək təzyiq mütləq şəkildə erkən diaqnoz qoyulub nəzarət altına alınmalıdır. Əgər uzun müddət ərzində qan təzyiqi nəzarət altında saxlanılmasa, damarlar zədələnə bilər. Bu, trombların əmələ gəlməsinə və ağır hallarda damarın partlamasına - infarkt və insultlara səbəb olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.