D vitamininin az məlum olan xüsusiyyətləri açıqlanıb

3-11-2024, 15:57           
D vitamininin az məlum olan xüsusiyyətləri açıqlanıb
D vitamini ilk növbədə sümükləri möhkəmləndirmə qabiliyyəti ilə tanınır - bu onun kalsium və fosforun mənimsənilməsinə təsiri ilə əlaqədardır. Lakin onun qabiliyyətləri bununla məhdudlaşmır. O, insulin istehsalında, immun və ürək-damar sistemlərinin tənzimlənməsində, əzələlərin inkişafında iştirak edir, orqanizmin infeksiyalar və iltihabi reaksiyalarla mübarizəsinə kömək edir.

Bu barədə Gazeta.ru xəbər verir.

Rusiyalı nutrisioloq və diyetoloq Anna Kireyeva bildirib ki, D vitamini çatışmazlığı təkcə sınıqların ehtimalını artırmır, həm də orqanizmi infeksiyalara qarşı daha həssas edir, şəkərli diabet, ürək-damar xəstəlikləri, o cümlədən miokard infarktı, immun və iltihabi patologiyaların yaranma ehtimalını artırır.

"Bu vitaminin immunitetlə əlaqəsini çox adam bilmir, halbuki onun əhəmiyyəti kifayət qədər böyükdür. O, immunitetin formalaşması üçün vacibdir və deməli, orqanizmin respirator xəstəliklərdən, vərəmdən qorunmasında və hətta immun xəstəliklərin inkişaf riskinin azaldılmasında mühüm rol oynayır. Vitamin orqanizmin hər hansı lokal iltihabi reaksiyalara qarşı immun cavabının inkişafı üçün vacib olan iltihabəleyhinə sitokinlərin istehsalı prosesində iştirak edir. Bundan əlavə, o, orqanizmdə yoluxmuş hüceyrələrin aşkarlanması və məhv edilməsi üçün lazım olan təbii killer hüceyrələrinin (NK) istehsalını və aktivliyini stimullaşdırır", - deyə nutrisioloq izah edib.

D vitamininin daha bir vacib və hamıya məlum olmayan xüsusiyyəti mental sağlamlığın dəstəklənməsi ilə bağlıdır. O, sinir sisteminin işinin dəstəklənməsində iştirak edir və vitamin çatışmazlığı depressiv pozğunluğun və digər psixi sağlamlıq pozğunluqlarının, məsələn, həyəcanın artmasına səbəb ola bilər.

D vitamini günəş şüalarının təsiri altında dəridə sintez oluna və ya qida və vitamin əlavələri ilə orqanizmə daxil ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri günəşli günlərdə günəş vannası qəbul etməyi tövsiyə edirlər, tam şəkildə olmasa da - lazımi vitamin "dozası" almaq üçün ultrabənövşəyi şüaların üz və əl dərisinə təsir etməsi kifayətdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.