BİR QÜLLƏNİN SİRRİ

Bu gün, 10:17           
BİR  QÜLLƏNİN  SİRRİ
Sizə Oğuz rayonundakı qədim, amma çox qədim tarixi hadisələrin şahidi olmuş, turistlərin də hədsiz maraq göstərdikləri Muxas qülləsindən söz açmaq istəyirəm.
Bu qüllə Oğuzun rayonunun Muxas kəndinin şimalında, Daşağıl keçidinin qarşısında, Daşağılçayın sol sahilində yerləşir. İnventarlaşdırılaraq rayonun yerli əhəmiyyətli abidələri siyahısına daxil edilmişdir.
Qüllə yerləşdiyi dağ yamacının relyefinə uyğun olaraq şimal, cənub və qərb tərəfləri düzbucaqlı, şərq tərəfi isə yarımdairəvi formada tikilmişdir. Abidənin ətrafında hasar yoxdur. Qüllənin perimetri 24,7 metrdir. Qüllə qalığının hündürlüyü 11,6 metr, diametrinin qalınlığının hündürlüyü 11,6 metr, divarlarının qalınlığı aşağı hissədə 1,5 metr, yuxarı hissədə bir metrdir. Bu qüllənin özünəməxsus xüsusiyyətindən biri də odur ki, onun yerdən giriş qapısı yoxdur. Deyilənə görə, qülləyə asma nərdivanla daxil olurmuşlar. Bunu qüllənin qərb divarının hündürlüyündə qapı yerinin olması da sübut edir. Qapı kvadrat formalı olub, qüllənin içərisinə doğru iki pillə ilə enir.

Muxas qülləsi üçmərtəbəli olmuşdur. Onun birinci və ikinci mərtəbələri yaxşı qalmış, üçüncü mərtəbəsinin yuxarı hissəsi uçub dağılmışdır. Muxas qülləsi çay daşı və kirəc məhlulundan tikilmişdir. Daşların içərisində 1 x 0,5 x 0,5 metr ölçüdə iri düzbucaqlı sal (qaya daşı) daşlar da var. Tikintidə cərgə üsulu hörgüsündən istifadə edilmişdir. Tədqiqatçılar qüllənin tikilmə üsuluna görə Bakı, Ramana və Nardaran qalalarına oxşadığını yazırlar.
Arxeoloq F.Qədirov 1965-ci ildə burada iki sahədə, qüllənin qərb və şərq divarlarının dibində kəşfiyyat qazıntısı aparmışdır. Arxeoloq özünün “Azərbaycanın şimal müdafiə istehkamları” əsərində göstərir ki, bu qala təxminən IX əsrdə tikilmiş, ondan XIV əsrədək istifadə edilmişdir. Qazıntı zamanı çoxlu sayda şirli və şirsiz, cızma naxışlı saxsı məmulatları (qazan, kasa, bardaq, boşqab, xeyrə və s.) tapılmışdır.
AYB-nin üzvü, şair-tədqiqatçı Y.Rzayev isə özünün “Oğuz abidələri” kitabında qalanın ilk öncə atəşpərəstlik təlimi və ayinlərini icra etmək üçün, həm də IX əsrdə yox, ondan çox-çox əvvəllər tikildiyini ehtimal edir.
Muxas qülləsi tikinti xüsusiyyətlərinə və inşaat materiallarıan görə Qəbələ şəhəri müdafiə istehkamlarını xatırladır.
Tədqiqatçıların yekdil fikrinə görə, qüllə qarovul məntəqəsi kimi düşmən qoşunlarının hərəkətini müşahidə etmək rolunu daşımışdır. Orta əsrin gözətçi məntəqələri kimi Muxas qülləsi də yadelli işğalçılardan, qəfil basqınlardan qorunmaq üçün tikilmişdir. Qəfil düşmən basqınlarını ilk dəfə buradan görüb el-obaya xəbər verirmişlər. Bəd xəbəri tez çatdırmaq üçün gecə tonqallardan, gündüzlər tüstüdən və çaparlardan istifadə etmişlər.
Muxas qülləsinin təxminən 40 km cənub-şərq tərəfdə yerləşən qədim Qəbələ şəhəri xarabalıqlarının varlığına əsasən demək olar ki, bu qüllə bir qarovul məntəqəsi kimi Qəbələ hakimlərinin əlində olmuş və şimal tərəfdən Daşağıl keçidi vasitəsi ilə olan hərbi təhlükənin qarşısını almaqda müşahidə əhəmiyyəti daşımışdır.

S.Mürvətqızı “525-ci qəzet”də çap olunmuş “Tolerant mühiti ilə seçilən
Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir” məqaləsində yazır: “Tarixi mənbələrə görə, Böyük Qafqaz sıra dağlarından Azərbaycana keçmək üçün 13 dağ keçidi var. Onlardan ikisi Oğuz rayonu ərazisində yerləşir və həmişə də bu keçidlər fəal rol oynayıb. Tarixin müxtəlif dönəmlərində bu keçidlər vasitəsilə yadellilər Azərbaycan ərazisinə hücumlar edib. Təsadüfi deyil ki, məsələn, Daşağıl keçidinin qarşısında Muxas qülləsi yerləşdirilib. Bu abidə eramızın VI-VII əsrlərinə aid müdafiə istehkamı rolunu oynayan, Alban dövlətinə xas olan bir abidədir. Yerli camaatın-Daşağıl əhalisinin dediklərinə görə, orada Qaraul dərəsində onların ilk keşikçi dəstəsi dururdu. Düşmən buradan hücum edəndə onlar tonqal yandırıb Muxas qülləsinə xəbər verirmişlər. Muxas qülləsindən bu tonqal Malux qalasına ötürülürdü. Oradan da Aydınbulaq, daha sonra Göyçayın Gavur qalasına, oradan isə indiki Çuxurqəbələ ərazisində yerləşən Gavur qalaya məlumat ötürülürmüş. Beləliklə həmin hücumdan cəmi 10-15 dəqiqə sonra Albanıiyanın paytaxtında məlum olurdu ki, şimal keçidini düşmənlər pozublar. Düşmənin qarşısını almaq üçün ilk hərbi dəstənin yerləşdirildiyi yer də Malux qalası (Muxas qülləsindən 10-15 km. cənubda yerləşən bu qala-şəhər e.ə.təxminən II əsrdə yaranmış, XIII-XIV əsrlərdə tənəzzülə uğramışdır-İ.V.) olub. Burada sayı 1000-1500 nəfərə çatan hərbi dəstə yerləşirmiş”.
Yuxarıda da qeyd etdiyimiz kimi, unikal bir məkanda mövqe tutan və Oğuz rayonunun tarixinin maraqlı nişanələrindən olan Muxas qülləsi turistlərin xüsusi maraq göstərdiyi tarixi memarlıq abidələrindən biridir. Hər il buranı xeyli sayda yerli və xarici turist ziyarət edir. Zənn edirik ki, abidənin yolu təmir olunarsa, burada kiçik təmir və bərpa işləri aparılarsa, ətrafında abadlıq işləri görülərsə, turistlərin sayı qat-qat artar.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.