Bu bankların məbuat katibləri sorğulara cavab vermir - AXI NİYƏ?..

6-12-2024, 17:22           
Bu bankların məbuat katibləri sorğulara cavab vermir - AXI NİYƏ?..
Bankların mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, bankların fəaliyyəti ilə yanaşı, həm də KİV əməkdaşlarının işinə yarayar. Mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. Etiraf etməliyik ki, fəaliyyətsizliyi ilə jurnalistləri narazı salan mətbuat xidmətlərinin sayı az deyil.Lakin elə mətbuat xidmətləri də var ki, onlar jurnalistlərlə çalışmaqda maraqlıdır. Həmin mətbuat xidmətlərindən günün istənilən saatında istənilən məlumatı dəqiqləşdirmək mümkündür.

Moderator.az ilin son ayında iqtisadiyyat yazarları arasında sorğu keçirib. Onlardan il ərzində sorğularına cavab verən, media ilə mütəmadi işləyən bankların mətbuat xidmətlərini xəbər aldı. Aldığımız cavablar isə müxtəlif oldu.

İqtisadiyyat.az-ın baş redaktoru Səid Qərib bildirdi ki, bankların ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri media subyektləri ilə əməkdaşlıqda maraqlı olmalıdırlar:

"Amma təəssüf ki, bəzi hallarda biz bunun əksini görürük. Bir çox hallarda əldə etdiyimiz hansısa məlumatla bağlı bank və ya digər kommersiya təşkilatlarının mövqeyini öyrənməyə çalışsaq da, media üzrə məsul şəxslərlə əlaqə saxlamağımız mümkünsüzə çevrilir. Bu, sırf onların öz yanaşmaları nəticəsinə görə belə olur. Amma ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslər media subyektləri üçün, jurnalistlər üçün əlçatan olmalıdır. Təəssüf ki, bəzi hallarda onlar jurnalistlərlə ünsiyyətə təhkim olunduqlarını unudurlar. Odur ki, bank sözçüləri jurnalistlər üçün əlçatan olmalıdır. Amma bəziləri bu əlçatanlığı media subyektində onların təmsil olunduqları təşkilat haqqında arzulamadıqları material dərc olunanda təmin etməyə məcbur olurlar. Düşünürəm ki, media subyekti necə əlçatandırsa, qarşı tərəf də adekvat olmalıdır. Ümumiyyətlə, mən media və qarşı tərəflər arasında sağlam münasibətlərin qurulmasının tərəfdarıyam. Sözçülərinin daha operativ reaksiyasına və əlçatanlığına gəlincə isə, "Kapital Bankı" və "TuranBank"ı nümunə göstərmək olar. Son bir neçə ay ərzində operativlik və əlçatanlıq baxımından "Rabitəbank"ı da nümunə göstərə bilərəm".

Fins.az xəbər portalının Baş redaktoru Fuad Mədətov isə bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən 22 bankın 14-ü mətbuatla aktiv və ya qismən aktiv fəaliyyətlərini davam etdirirlər:
"Bu banklar, rüblük maliyyə hesabatlarında nəticələrinin açıqlanmasında mətbuatla sıx əməkdaşlıq edirlər. Onlar yalnız maliyyə nəticələri ilə deyil, həm də müxtəlif sahələrdəki fəaliyyət istiqamətlərindəki uğurlarını da ictimaiyyətlə bölüşürlər. Xüsusilə, bu bankların arasında il ərzində jurnalistlərlə mütamadi görüşlər təşkil olunur və hesab xarakterli mətbuat konfransları keçirilir. Həmin banklar aşağıdakılardır:
1. "Azərbaycan Beynəlxalq Bankı" ASC
2. "Kapital Bank" ASC
3. "PAŞA Bank" ASC
4. "Xalq Bank" ASC
5. "Bank Respublika" ASC
6. "Unibank KB" ASC
7. "AccessBank" QSC
8. "Yelo Bank" ASC
9. "Rabitəbank" ASC
10. "Bank of Baku" ASC
11. "TuranBank" ASC
12. "Ziraat Bank Azərbaycan" ASC
13. "Expressbank" ASC
14. "Bank VTB (Azərbaycan)" ASC
Azərbaycanda fəaliyyət göstərən 22 bankın 8-i isə mətbuatla qismən aktiv və passiv şəkildə əməkdaşlıq etməyə cəhd edirlər. Bəzi banklar isə tamamilə soyuqqanlılıq nümayiş etdirirlər. Bu banklar, xüsusilə rüblük maliyyə hesabatlarında nəticələrinin açıqlanmasında qısaltmalar edirlər ki, bu da sualların yaranmasına səbəb olur. Bu səbəbdən, əlaqə saxlamağa çalışan jurnalistlərin sualları çox vaxt cavabsız qalır və ya heç cavablandırılmır. Həmçinin, ictimai fəaliyyətləri də ürəkaçan olmayan bu bankların il ərzində həyata keçirdikləri işlər – jurnalistlərlə mütamadi görüşlər, müxtəlif tədbirlərə dəstək göstərilməsi – qismən qənaətbəxş hesab edilə bilər. Həmin banklar aşağıdakılardır:
1. "Azərbaycan Sənaye Bankı" ASC
2. "Azər Türk Bank" ASC
3. "Premium Bank" ASC
4. "Yapı Kredi Bank Azərbaycan” QSC
5. "Bank BTB" ASC
6. "Bank Avrasiya" ASC
7. "Bank Melli İran" Bakı filialı
8. "AFB Bank" ASC"

Gdp.az iqtisadiyyat portalının redaktoru Aynur Qəniyeva bildirdi ki, mütəmadi olaraq bankların mətbuat xidmətləri ilə əlaqə saxlasa da onun sorğularına cavab verənlər də olub, sorğunu görüb boyun qaçıranlar da:

"İşimizlə əlaqədar bankların mətbuat xidmətlərinə sorğu ünvanlayırıq. Onlardan "Azər Türk Bank" ASC, "Respublika bank", "Xalq bank"-ın mətbuat xidmətləri heç zaman sorğularımıza cavab verməyib. "Expressbank" ASC Express, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC-nin mətbuat xidmələri isə bütün sorğularımıza anında, operativ şəkildə cavab verib".

Banco.az-ın müxbiri Mehin Qasımova bildirdi ki, bugünkü dövrün ən vacib aspektlərindən biri, bankların media ilə effektiv əlaqələr qurmasıdır.:

"Bankların PR (İctimaiyyətlə Əlaqələr) və Marketinq şöbələri, bu əlaqələrin sağlam və operativ şəkildə həyata keçirilməsi üçün önəmli rol oynayır. Mətbuata və digər media nümayəndələrinə doğru, vaxtında və düzgün məlumat vermək bankların etibarını artırır. Banco.az portalı banklarla bağlı vaxtaşırı araşdırmalar edərkən bankların PR menecerləri ilə əlaqə saxlayır. Bu əlaqə, müştərilər və geniş ictimaiyyət üçün doğru və əhatəli məlumatların yayılmasına kömək edir.
PR menecerlərinin sürətli və operativ yanaşması, yalnız bankların etibarını gücləndirmək üçün deyil, həm də media nümayəndələrinin ehtiyaclarına operativ cavablar vermək məqsədini daşıyır. Bu cür yanaşma, media nümayəndələrinin daha yaxşı məlumat almasına və bankların fəaliyyətlərinə dair aydın təsəvvür yaratmalarına kömək edir. Eyni zamanda, belə operativ yanaşma, media ilə münasibətləri uzun müddət ərzində sağlam və faydalı bir şəkildə qurmağa imkan verir.
Azərbaycan bankları müştəriləri ilə əlaqə qurmaq üçün müxtəlif kanallardan istifadə edir. Çat xidməti, müştərilərlə birbaşa və sürətli əlaqə qurmağa imkan verir. Bütün banklar, müştəri suallarına və problemlərinə operativ cavablar vermək üçün bu xidmətdən geniş istifadə edirlər. Çat vasitəsilə, müştərilər rahatlıqla istədikləri məlumatı əldə edə və problemlərini həll edə bilirlər. Bundan əlavə, banklar Whatsapp və Facebook kimi sosial media platformalarından da istifadə edərək müştəriləri ilə əlaqə saxlayırlar. Bu xidmətlər vasitəsilə müştərilərə sürətli cavablar verilir, problemlər həll edilir və müştəri məmnuniyyəti artırılır. Sosial media kanalları, müştərilərlə əlaqənin daha sürətli və daha əlçatan olmasını təmin edir. Zəng xidmətləri də bankların operativliyi baxımından əhəmiyyətlidir. Müştərilər zəng edərkən, banklar cavab verir və ehtiyaclarını qarşılamağa çalışırlar. Bu, müştəri məmnuniyyətini artırmaqla yanaşı, bankların peşəkarlığını da göstərir. Bankların PR və müştəri xidmətləri sahəsində operativ yanaşmaları, onların media ilə münasibətlərini və müştəri məmnuniyyətini artırmaqda əhəmiyyətli rol oynayır. Media nümayəndələrinə sürətli və doğru cavablar vermək, bankların etibarını gücləndirir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.