Həyatımız neçəyədir? - 500 milyon pul yığılıb

7-12-2024, 00:18           
Həyatımız neçəyədir? -
Ölkəmizdə də uzun müddətdir ki, bir sıra sığorta növləri tətbiq edilir.

Bu sığorta növləri arasında ən geniş yayılan avtomobil, daşınmaz əmlak, həyat sığotasıdır. Ancaq bir sıra xarici ölkələrdə sığorta növlərindən daha geniş şəkildə yararlanırlar. Belə ki, insanlar geniş yayılmış sığorta növlərindən əlavə artıq səsini, müxtəlif bədən üzvləri üçün belə, sığortadan istifadə edirlər.

Maraqlıdır, ölkəmizdə insan həyatı ilə bağlı sığorta zamanı təxminən nə qədər vəsait tələb olunur və insan istəsə, məsələn, səsini, bədənin ayrı-ayrı üzvlərini sığorta etdirə bilərmi, belə hal müşahidə edilibmi?

Azərbaycan Sığortaçılar Assosiasiyasından məsələ ilə bağlı “Cebheinfo.az”-a bildirilib ki, bu gün ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri həm həyat, həm də qeyri-həyat riskləri üzrə sığorta xidmətləri təklif edirlər:

“Həyat sığortası istiqamətinə nəzər salsaq deyə bilərik ki, burada sığortalanmaq üçün tələb olunan vəsait, yəni sığorta haqqı (tarifi) sığorta məhsuluna görə və müvafiq sığorta məhsulunun şərtlərinə görə dəyişə bilir.

Hazırda yerli həyat sığortası bazarında 1-i icbari, 4-ü könüllü olmaqla 5 həyat sığortası növü var. Bunlar, “Həyatın yaşam sığortası”, “Həyatın ölüm halından sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Əmək qabiliyyətinin sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləridir.

Təklif olunan növ sayı az olsa da, həyat sığortaları bu gün ümumi sığorta bazarı üçün lokomotiv hesab olunur. Çünki dövri sığorta icmallarına da nəzər salsaq görərik ki, ən irihəcmli sığorta yığımları məhz həyat sığortalarındadır.

Məsələn, təkcə “Həyatın yaşam sığortası” üzrə 2024-cü ilin yanvar-oktyabr ayları üzrə yığımlar 501.2 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 41.7 milyon manat çoxdur.

Bundan əlavə olaraq, həyat sığortalarına müştəri marağının artırılması üçün mütəmadi olaraq yeni məhsullar hazırlanır. Belə ki, bu yeniliklər sırasında misal göstərə bilərik ki, bu yaxınlarda Azərbaycan Mərkəzi Bankı tərəfindən həyat sığortalarına yeni tənzimləyici qaydalar gətirildi.

Yəni AMB-nin İdarə Heyətinin 2024-cü il 16 may tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlərin təsdiq edilməsi ilə həyat sığortası bazarında mövcud olan “Kredit həyat sığortası” məhsulu üzrə şərtlər sadələşdirildi və müştəriyə əlçatanlıq tam təmin olundu”.

“İnsan istəsə, məsələn, səsini, bədənin ayrı-ayrı üzvlərini sığorta etdirə bilərmi və belə hal müşahidə edilibmi?” - sualına gəldikdə, Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, hər bir xidmət sahəsində olduğu kimi sığorta sektorunda da tələb və təklif faktoru xüsusi əhəmiyyət təşkil edir:

“Müştəri istəyi, istehlakçı tələbi, mövcud şərtlər fonunda yaranmış ümumi tələbat sığorta bazarı üçün əsas istiqamətlərdəndir. Lakin bu tələb xüsusi kütləvilik təşkil etməlidir ki, sığorta bazarı iştirakçıları da müvafiq olaraq yeni məhsul yarada bilsin.

Çünki burada risk faktorların ölçülməsi, məhsulun dayanıqlığının və alıcılıq qabiliyyətinin təmin olunması əsas faktorlardandır. Hazırda sığorta bazarı iştirakçılarından səsin və ya bədənin hər hansı bir hissəsinin sığortalanması kimi qeyri-ənənəvi istiqamətlərdə müraciətlər daxil olmayıb”.

Nigar Abdullayeva
“Cebheinfo.az”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.