Bakıda bud əməliyyatına girən qadının burnunu kəsdilər
Bu gün, 00:02
“Mənim başıma gələnlər təkcə Azərbaycanda deyil, bəlkə də dünyada heç kəsin başına gəlməyib. 2019-cu ildə ATV kanalında yayımlanan “Bizimlə dəyiş: 10 yaş gəncləş” proqramına qatılmaq üçün orada göstərilən nömrə ilə əlaqə saxladım. Fidan adlı xanım mənə əməliyyatın cüzu ödənişlə həyata keçiriləcəyini dedi. Mən də bu təklifi qəbul etdim. Beləcə, 2019-cu ilin 28 fevralında ilk əməliyyatım Elnur Mehrəliyev tərəfindən NB Lazur klinikasında baş tutdu”.
Elnur Mehralı
Tribunainfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu keçirdiyi estetik əməliyyat nəticəsində sağlamlığına ziyan dəydiyini iddia edən Aynur Əkbərova jurnalist Qənirə Ataşla canlı yayımda bildirib.
Liposaksiya və budgərmə əməliyyatı olmaq istəyən A.Əkbərova iddia edir ki, həm bədəni deformasiyaya uğrayıb, həm də burnu zədələnib:
Aynur Əkbərova
“Məni Ramil adlı vasitəçi fevral ayında Elnur Məhrəliyevin yanına apardı. Çəkilişlərə görə budgərmə əməliyyatı və liposaksiya olacağımı bildirdilər. Amma 28 fevral gecəsi əməliyyatdan sonra məni palatadan çıxardılar. Heç bir xəstəlik tarixçəsi təqdim edilmədən, 3 ay boyunca mütəmadi olaraq müalicə aldım. Sonradan öyrəndiyim məlumata görə, əməliyyat zamanı yanlış bud içi əməliyyatı olunmuşdum. Hətta klinik ölüm keçirmişəm. Kliniki ölüm keçirərkən, Elnur Məhrəliyevin tapşırığı ilə məndən imzalı razılıq sənədi alındı və gecə ilə xəstəxanadan uzaqlaşdırıldım. Səhəri gün bu hadisəni Ramil adlı şəxsə bildirdim. O, mənə müalicəmi evdə davam etdirməyi məsləhət gördü, dərman və digər vasitələri alıb gətirəcəyini dedi. Mən vəziyyətin bu qədər ciddi olduğunu anlamadığım üçün əhəmiyyət vermədim. 3 ay sonra karset çıxarılanda gördüm ki, bədənim tamamilə deformasiyaya uğrayıb”.
Şikayətçi bildirib ki, Ramil adlı “makler” təhsilsiz həkimlərə pasiyent tapan, pasiyentlərlə həkimləri əlaqələndirən vasitəçidir:
“Bu şəxslər telekanallarda yayımlanan proqramlar vasitəsilə reklam edilir və pulla müştəri cəlb olunur. Belə proqramlar bu gün də davam edir. Məsələn, bəzi klinikalarda, istər plastik cərrahiyyə, istər ginekoloji, istərsə də süni mayalanma sahəsində, pasiyentlərdən telefonlar alınır və onların məlumatları gizli saxlanılır. Bu məsələni araşdırsanız, belə halların çox olduğunu görərsiniz”.
A.Əkbərova bildirib ki, Elnur Mehrəliyev tərəfindən həyata keçirilən birinci uğursuz əməliyyatla bağlı şikayət etməməsi üçün məsələnin həllini başqa cür təklif edibər. Belə ki, zərərçəkən E.Mehrəliyevin yaratdığı fəsadları aradan qaldırmaq üçün “Şəfqət” klinikasında Abbas İmanovun yanına gedib:
“Əslində, bu seçimi də mən etməmişdim. Ramin adlı makler aparmışdı. Budgərmə əməliyyatına girdiyim halda, narkozdan ayılanda gördüm ki, əllərim bağlıdır. Həkimlər məni sakitləşdirirdilər: “Əlləriniz bağlıdır, burnunuzda əməliyyat aparılıb”. Burun əməliyyatı? Heç deyən olmadı ki, bu xanımın burnunda problem varmı? Plastik əməliyyata ehtiyac varmı? Sonra Abbas həkimə sual verdim: “Mənim burnumda problem varmı?” O isə irişərək cavab verdi ki, “yox”.
Beləliklə, Elnur Mehrəliyev məni klinik ölümə məruz qoyaraq əməliyyatı yarımçıq saxladı. Daha sonra “Şəfqət” klinikasına, Abbas həkimin yanına apardılar. O da mənim budumu yox, özümdən xəbərsiz burnumu əməliyyat etdi. Bəli, bu hadisə baş verdi. Bunlar hələ budla burnu bir-birindən ayırd edə bilmir”.
Abbasov İmanov
Şikayətçinin sözlərinə görə, 2020-ci ildə Abbas həkimin “Şəfqət” klinikasından xaric olunduğu deyilsə də, əslində o, orada işini davam etdirir:
“Təxminən 3 ay əvvəl bir televiziya çəkilişi əsasında biz zəng vurduğumuzda məlum oldu ki, Abbas həkim “Şəfqət” klinikasında əməliyyatlar aparır. Klinikanın baş həkimi Fikrət Baxşəliyev deyir ki, “biz o cərrahiyyə otaqlarını arendaya veririk”. Bəli, Abbas kimi budla burnu səhv salan həkimlərə əməliyyat otaqları arendaya verilir .Əməliyyat otağında baş verənlər klinika rəhbərlərini maraqlandırmır. Mən tələb edirəm ki, Ramil adlı maklerin qarşısı alınsın. Ramil, Abbas, Elnur tapılsın. Hamısı yerindədir. Çanaqla burunu səhv salan həkimin də adının saxta sertifikatla işləyən həkimlərin cərgəsində qeyd edilməsini çox istəyirəm. Hal-hazırda “Şəfqət” klinikasında Fikrət Baxşəliyevin nəzarətində olan Abbas Tofiq oğlu İmanov kimi həkimlər budla burunun yerini bilmir”.
Qeyd edək ki, pasiyentin ikinci dəfə əməliyyat olunduğu “Şəfqət” klinikası Sumqayıtda yerləşir. Klinikadan bildirdilər ki, cərrah Abbas İmanov başqa klinikada işləyir, nadir halllarda, əməliyyatı olduqda “Şəfqət” klinikasına gəlir. Beləliklə, aydın oldu ki, cərrah orada əməliyyatxananı icarəyə götürüb xəstələri əməliyyat edir. A.İmanovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.
Pasiyentə ilk əməliyyatı edən Elnur Mehralı isə laporoskopik estetik cərrah kimi fəaliyyət göstərir. O, ATU-nun Müalicə işi fakultəsini bitirib. Sonra 2 il Xarkov Tibb Akademiyasında staj keçib.
Elnur Mehralı Bakupost.az -a açıqlamasında Aynur Əkbərova adlı qadınının dediklərinin şər, yalan və iftira olduğunu bildirdi:
“Mən ona budgərmə yox, bud liposaksiyası etmişəm. 2019-cu ildən bu yana bu qadın bir neçə instansiyaya müraciət edib. Prokurorluq, məhkəmə, ekspertiza onun haqsız olduğunu sübut edib, cavabını da alıb. İndi yenidən böhtan atdığına görə, biz polis orqanlarına, məhkəməyə müraciət etmişik.
O ki qaldı ikinci əməliyyata, o, gedib onu öz kefindən edib. Bunu onu ora aparanlardan soruşun. A.Əkbərova danışdığı yalanlarla nüfuzuma zərər vurduğu üçün cinayət məsuliyyətinə cəlb ediləcək. O, qadın danışdığının hüquqi məsuliyyətini dərk etmir. Ona görə də cəzasını alacaq. Yaxın günlərdə bu barədə məlumat verəcəyik.
O ki qaldı, onu canlıya çıxaran, jurnalist etikasından xəbəri olmayan Qənirə Ataşa, biz onu canlı yayımda debata çağırmışdıq. Gəlmədi, qaçdı. Əlinə düşən siyahını araşdırmadan, həkim olmayanlarla cərrahları bir siyahıda paylaşandan nə gözləmək olar?”