Hesabat: Azərbaycan ən çox jurnalist həbs edən ölkələr sırasındadır

Bu gün, 09:58           
Hesabat: Azərbaycan ən çox jurnalist həbs edən ölkələr sırasındadır
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasındadır.

Beynəlxalq hüquq müdafiə təşkilatının 2023-cü ilin sonlarından 2024-cü ilin 1 dekabr tarixinədək apardığı siyahıyaalma Azərbaycanda 13 jurnalist və media əməkdaşının həbs olunduğunu göstərir.

Ancaq bura “Meydan TV” xəbər saytının həmin tarixdən sonra həbs edilən 6 jurnalistini, habelə yanvarın 17-də həbs edilən “Toplum TV” jurnalist Fərid İsmayılovu əlavə etdikdə rəqəmlər daha da artır.

Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.

Hesabatda ötən il dekabrın 1-də dünyada 361 jurnalistin dəmir barmaqlıqlar arxasında olduğu, 2022-ci ildə qeydə alınmış qlobal rekorddan (ən az 370 nəfər) bəri ən pis nəticənin qeydə alındığı bildirilir.

Çin, İsrail, Tunis və Azərbaycan da daxil olmaqla bir çox ölkələrin həbslərin sayına görə yeni rekordlar müəyyənləşdirdiyini vurğulayan müəlliflər, ötən il ərzində jurnalist həbslərinin əsas amillərini avtoritar repressiya, müharibə, siyasi və ya iqtisadi qeyri-sabitlik olduğunu göstərirlər.

CPJ-nin baş direktoru Codi Ginsberq fikrincə jurnalistlərə qarşı hücumların artması demək olar ki həmişə digər azadlıqlara, o cümlədən məlumat vermək və almaq azadlığı, sərbəst toplaşmaq, hərəkət etmək və etiraz etmək azadlıqlarına qarşı hücumların artmasından əvvəl baş verir.

“Bu jurnalistlər gündəlik həyatımızda vacib olan məsələləri - siyasi korrupsiyanı, ətraf mühitin deqradasiyasını, maliyyə pozuntularını ifşa etdiklərinə görə həbs edilir və cəzalandırılır”, Codi Foster qeyd edib.

Hesabatda Azərbaycanda ötən il ərzində həbs edilən jurnalistlərinin əksəriyyətinin ölkədə qalan son müstəqil media orqanlarının, o cümlədən yüksək rütbəli dövlət məmurlarının korrupsiya əməllərini araşdıran “Abzas Media” xəbər saytının əməkdaşları olduğu bildirilir.
Abzas Media xəbər saytına qarşı təqiblər 2023-cü ilin noyabrında başlayıb. Saytın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də saxlanılıb. Həmin gün onun evində və Abzas Medianın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Həsənli ilə eyni gündə saytın direktor müavini Məhəmməd Kekalov, növbəti gün isə Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Daha sonra jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Bu il mayın 30-da isə “Abzas Media işi” üzrə iqtisadçı, Azadlıq Radiosunun əməkdaşı Fərid Mehralızadə də saxlanılıb.

Jurnalistlər saxlanılarkən “qaçaqmalçılıq”da ittiham edilsələr də, sonradan onların hamısına qarşı “qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma, sənədlərin saxtalaşdırılması” kimi ümumilikdə yeddi yeni maddə ilə ittihamlar da irəli sürülüb.

Jurnalistlər ittihamları rədd edir və özlərini təqsirli bilmirlər. Abzas Media həbslərin “ölkə prezidentinin və onun təyin etdiyi məmurların korrupsiya cinayətləri ilə bağlı silsilə araşdırmalar”la bağlı olduğunu bildirib.
Abzas Media jurnalistləri ilə yanaşı 2023-cü ilin sonlarında Kanal 13 internet televiziyasının təsisçisi Əziz Orucov və əməkdaşı Şamo Eminov həbs ediliblər. Eminov ötən ilin sonlarında sərbəst buraxılsa da, Orucovun məhkəməsi hazırda davam edir.

Bununla yanaşı, 2023-cü ilin sonlarında “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov, “azerinfo.az” xəbər saytının rəhbəri İbrahim Hümbətov və “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək həbs ediliblər.

Teymur Kərimov ötən il dekabrın 28-də “hədə-qorxu ilə tələb etmə” ittihamı ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin martında Azərbaycanda daha bir media orqanı hüquq-mühafizə orqanlarının hədəfi olub. “Toplum TV” internet televiziyasının redaksiyasına polis reydindən sonra media orqanının təsisçisi Ələsgər Məmmədli və əməkdaşı Müşfiq Cabbar “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. “Toplum TV”-nin digər əməkdaşları da cinayət işinə cəlb edilib. Həmin vaxt polis nəzarətinə verilən jurnalist Fərid İsmayılov ötən gün həbs edilib.

“Toplum TV işi” üzrə qeyri-hökumət təşkilatı “Demokratik Təşəbbüslər İnstitutu” və yeni yaradılmış siyasi platforma “III Respublika Platforması”nın (ResPlatforma) ofislərinə də ötən ilin martında polis reydləri həyata keçirilib və nəticədə hüquq müdafiəçisi Akif Qurbanov, “ResPlatforma”nın qurucu heyət üzvü Ruslan İzzətli, eləcə də vətəndaş cəmiyyəti fəalları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov da “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Hüquq müdafiə təşkilatlarının “misligörünməmiş repressiyalar”, Sərhədsiz Reportyorlar təşkilatının “jurnalist ovu” kimi dəyərləndirdiyi təqiblər çərçivəsində ötən ilin aprelində “meclis.info” saytının rəhbəri, jurnalist İmran Əliyev də həbs edilib.
Azərbaycanın ötən ilin noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı (COP29) ərəfəsində təzyiqləri azaldacağına dair gözləntilər olsa da, konfransdan sonra dekabrın 6-da bu dəfə “Meydan TV” jurnalistləri hədəfə alınıb.

Azərbaycan polisi dekabrın 6-da keçirdiyi əməliyyatla Meydan TV-nin baş redaktoru Aynur Elgünəş və əməkdaşları Aytac Tapdıq, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudovanı, habelə müstəqil jurnalist Ramin Dekonu saxlayıb. Onlar da “qaçaqmalçılıq” ittihamı ilə həbs ediliblər.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.

Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.