Hökumət səyahət qadağalarına görə 37 min avro kompensasiya ödəyəcək
14-02-2025, 17:44

Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 13-də Azərbaycanla bağlı 6 yeni qərardadını elan edib. Qərardadlara əsasən, Azərbaycan hökuməti şikayətçilərə ümumilikdə 37 min avro kompensasiya ödəməli olacaq.
Qərar çıxarılan işlərin dördü müxtəlif tarixlərdə barələrində hakimiyyət orqanları tərəfindən səyahət qadağası tətbiq edilən vətəndaşların şikayətləri üzrə olub.
“Hacıyeva Azərbaycana qarşı”, “Məmmədov Azərbaycana qarşı”, “Rzayev Azərbaycana qarşı” və “Sarkayev Azərbaycana qarşı” işləri ümumilikdə 10 şikayət ərizəsini əhatə edir.
Avropa Məhkəməsinin məlumatına görə, işlərin hamısında ərizəçilər və hökumət dostca razılaşma əldə ediblər. Hökumət ərizçilərə kompensasiya ödəməyi və səyahət qadağaları ləğv etməyi öhdəsinə götürüb.
Razılaşmaya əsasən, hökumət ilk iki işdəki ərizəçilər Sevil Hacıyeva və Ednan Məmmədova mənəvi zərər və xərclər əvəzi olaraq 4500 avro kompensasiya ödəyəcək.
“Rzayev Azərbaycana qarşı” və “Sarkayev Azərbaycana qarşı” işində yer alan ərizəçilər - Həsənqulu Rzayev, Samir Mustafayev, Xəyal Qəhrəmanlı, Abgül Süleymanov, Təmkin Cəfərov, Təranə Abdullayeva, Rəis Şiriyev və Abdulla Sarkayev isə mənəvi zərər və xərclər əvəzi olaraq 3500 avro kompensasiya alacaq.
Məhkəmə razılaşma ilə bağlı bəyannamələri nəzərə alaraq işlərin baxılacaq işlər siyahısından çıxarılmasını qərara alıb.
Strasburq məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı olan digər iki işdə isə şikayətləri qəbuledilməz hesab edib.
“Əfəndiyeva Azərbaycana qarşı” işində ərizəçi Rəfiqə Əfəndiyeva 2013-cü ildə Bakıdakı əmlakının dövlət tərəfindən özgəninkiləşdirilməsindən şikayətçi olub.
Onun evi Bakıda metrostansiya tikintisi zamanı müəyyən kompensasiya qarşılığında sökülüb.
Əfəndiyeva yerli məhkəmələrə müraciət edərək mənəvi zərər və evin yerləşdiyi torpaq sahəsi üçün əlavə kompensasiya tələb edib.
Yerli məhkəmələr torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin olmamasını və əvvəl verilmiş kompensasiyanı əsas gətirərək onun şikayətini təmin etməyib.
Əfəndiyeva Avropa Məhkəməsinə şikayətində yerli qanunvericiliyə zidd olaraq əmlakından məhrum edildiyini, yerli məhkəmələrin bu barədə qərarlarının əsaslı olmadığını iddia edib. O həmçinin evin yerləşdiyi torpaq sahəsinə görə kompensasiya almaq hüququna malik olduğunu və evə görə aldığı kompensasiyanın məbləğinin qeyri-adekvat olduğunu bildirib.
AİHM qərardadında qeyd edib ki, ərizəçi heç vaxt sözügedən ev və torpaq sahəsi üzərində hər hansı mülkiyyət hüququnu rəsmi qeydiyyatdan keçirməyib və öz iddiasını dəstəkləyən hər hansı sənədli sübutları məhkəməyə təqdim edə bilməyib. Bundan başqa, ona evinin özgəninkiləşdirilməsi müqabilində kompensasiya ödənilib.
Mülkiyyəq hüququ ilə bağlı digər iş - “Qasımov və Süleymanov Azərbaycana qarşı” işində də ərizəçilər mülkiyyətlərinin özgəninkiləşdirilməsi zamanı müəyyən edilmiş kompensasiya məbləğinin qeyri-adekvat olduğunu iddia edirdilər.
Əkbər Qasımov və Şahin Süleymanova məxsus torpaq əraziləri Ələt-Astara magistral yolunun tikintisi üçün müəyyən kompensasiya qarşılığında dövlət tərəfindən özgəninkiləşdirilmişdi.
Onlar torpaq sahələri üçün təyin edilmiş kompensasiyanın azlığı, habelə itirilmiş mənfəətin nəzərə alınmaması barədə yerli məhkəmələr qarşısında iddia qaldırsalar da, yerli məhkəmələr onların iddialarını təmin etməmişdi.
Ərizəçilər daha sonra Avropa Məhkəməsi qarşısında kompensasiyanın azlığından şikayət edərək mülkiyyət hüquqlarının pozulduğunu iddia ediblər. Ancaq AİHM onların iddialarını qəbul etməyib. Məhkəmə qərardadında qeyd edib ki, ərizəçilər torpaq sahələrinin qiymətinin daha artıq olduğunu iddia etsələr də, bununla bağlı heç bir sübut təqdim edə bilməyiblər.
Ərizəçilərin yerli hakimiyyət orqanlarının kompensasiya təyin edilərkən iddia etdikləri itirilmiş mənfəəti nəzərə almaması ilə bağlı şikayətinə gəldikdə, AİHM qeyd edib ki, ərizəçilər iddia edilən mənfəət itkisi ilə bağlı hər hansı sənəd təqdim etməyiblər.