Bakının bu küçələrinə giriş ödənişli ola bilər - AÇIQLAMA
Bu gün, 08:32

Dünyanın müxtəlif yerlərində xüsusilə böyük şəhərlər tıxaclardan əziyyət çəkir. Problemlə mübarizə üsualları isə fərqlidir. Məsələn, bu ilin əvvəlindən ABŞ-ın Nyu-York şəhərinin mərkəzinə avtomobillərin girişi ödənişli edildi. Nəticədə tıxac ağırlığı 59 faiz azaldı, metrolara sərnişin axın 7-12, avtobuslara isə 6-21 faiz artdı. Bakıda da tıxacla bağlı vəziyyət pisləşməkdədir.
Paytaxtın əsas mərkəzi küçələri avtomobillər üçün ödənişli edilə bilərmi?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, ABŞ və Avropanın bəzi ölkələrində avtomobillərin sayı həddindən artıq çoxdur:
“100 nəfərə təxminən 50 maşın düşür. Həmçinin şəhərlərdə ictimai nəqliyyat vasitələrinin hərəkəti qənaətbəxşdir. Bu səbəbdən həmin ölkələrdə fərdi nəqliyyat vasitələrinin istismarının məhdudlaşdırılması üçün bir sıra addımlar atılır. Şəhər mərkəzinə pullu giriş də bunlardan biridir. Postsovet ölkələrində hələ ki belə təcrübə yoxdur. Düşünürəm ki, perspektivdə ola bilər”.
Ekspertin fikrincə, Bakının mərkəzi küçələrinə girişi ödənişli etmək mümkündür:
“Paytaxtda tıxacların aradan qaldırılması istiqamətində görülən işlər, aparılan tədbirlər effektiv nəticə verməsə, bu haqda düşünmək olar”.