BMT-nin 21 əməkdaşı öldürülüb
24-03-2025, 12:34

BMT İsraili İordan çayının qərb sahili və Şərqi Qüdsdəki işğalına dərhal son qoymağa çağırıb.
BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Siqrid Kaaq BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) sessiyasında BMT Baş katibi Antonio Quterreşin 7 dekabr 2024-cü il - 13 mart 2025-ci il tarixləri arasında 2334 saylı qətnamənin icrasına dair hesabatını təqdim edib.
Kaaq, BMT Təhlükəsizlik Şurasının 2016-cı ildə qəbul etdiyi 2334 saylı qətnamədə İsraili işğal altındakı Fələstin torpaqlarında
“məskunlaşma fəaliyyətlərini”dərhal və tamamilə dayandırmağa və bütün qanuni öhdəliklərini yerinə yetirməyə çağırdığını xatırladıb:
“Buna baxmayaraq, İsrailin məskunlaşma fəaliyyəti yüksək səviyyədə davam edib”.
Kaaq 7 dekabr 2024-cü il və 13 mart 2025-ci il tarixləri arasında İsrail hakimiyyətinin işğal altındakı İordan çayının qərb sahilində 10 min 600, Şərqi Qüdsdə isə 4.920 yaşayış binasını təsdiqlədiyini və ya inşa etdiyini bildirib. Bu müddət ərzində Fələstin strukturlarının dağıdılması və müsadirə edilməsinin artdığını qeyd edən Kaaq İsrail səlahiyyətlilərinin bu müddət ərzində 460 binanı söküb və ya müsadirə etdiyini, 576 nəfərin didərgin düşməsinə səbəb olduğunu bildirib.
Kaaq eyni dövrdə Qəzzada 3860 nəfərin öldüyünü, 5979 nəfərin yaralandığını bildirib.
Kaaq İsrailin atəşkəs dövründə 1777 fələstinli məhbusu azad etdiyini, onlardan bəzilərinin çox pis rəftara və cinsi istismara məruz qaldığını deyib. Eyni dövrdə BMT-nin 21 əməkdaşının da öldürüldüyünü deyən Kaaq, “Zorakılıqların həyəcan verici artması səbəbindən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 6-sı qadın, 19-u uşaq olmaqla 123 fələstinli öldürüldü”,- deyib.